Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

İsa Qəmbərə verəcəyim çörəklər...


Günel Mövlud
Günel Mövlud
-

Polislər Başqanın görüşünə gələnlərə ana-bacı söyüşü söyür, ən murdar, ən vulqar ifadələrlə təhqir edirdilər...


Günel Mövlud


İSA QƏMBƏRLƏ İLK GÖRÜŞÜM


Müxalifət sıralarında 20 il ümidini itirmədən, inadı qırılmadan, əzmi zədələnmədən mübarizə aparan sadə, adsız, şöhrətsiz qəhrəmanlara ithaf olunur…


Bu görüş on il əvvəl baş tutmuşdu. 2003-cü il idi. İncəsənət Universitetini bitirəndən, imtahanlarımı verəndən sonra Saatlı rayonuna getmişdim.

O vaxt valideynlərim Saatlıda yaşayırdılar. Dörd il oxuyub, üzüləndən, zəif düşəndən sonra bir müddət kənddə qalmaq əməlli-başlı mənə düşürdü.

Gündən-günə çəki artırırdım. Kənd havası, təzə süd-qaymaq, meyvə, bol iştah… Cəmi iki ayın içində ağlasığmaz dərəcədə kökəldim. Xeyli özümə gəldim.

Açığı, universitetdə oxuduğum müddətdə siyasi proseslərə qoşulmamışdım. Tələbəsi olduğum universitetdə nə bir gənclər təşkilatı, nə fəal gənclərdən ibarət qrup, nə də universitetdə belə şeylərdən danışan tələbələr vardı. Eləcənə mal kimi dərsə gəlib-gedir, ölkədə baş verənlərdən xəbərimiz olmur, olanda da ölkə telekanallarından öyrəndiyimiz qədərilə olurdu.

Saatlı kəndində bir müddətlik yaşamağa gedəndə, inanmazdım ki, paytaxtın, əllərindən kitab-dəftər düşməyən insanların ortasında görə bilmədiyim siyasi fəallığı o ucqar kənddə tapacağam. Kəndin adını vacib səbəblərdən dolayı qeyd eləmirəm. Bir dəfə mətbuatda həmin kəndin adını çəkmişdim, hələ də kənd camaatı mənə məktub yazıb, «axırıncı dəfə olsun, bizim adımızı internetə verdiyin» deyə təhdid və narazılıq dolu məktublar və mesajlar yazırlar. Amma bir kosmos şahiddir ki, mənim o kənd camaatına ancaq hörmətim var. Nədən ki, adını çəkə bilmədiyim kənddə bir neçə gün yaşayandan sonra onların necə fəal vətəndaşlar olduğunun şahidi oldum.

Evimizə gələn kənd kişilərinin, xüsusilə də gənc oğlanların əksəriyyəti müsavatçı idi. Çoxu partiyaya üzv olmasa da, Müsavat tərəfdarı olduqlarından, özlərinə «müsavatçı» deyirdilər. Onlar evimizə adətən əllərində «Yeni Müsavat» qəzeti ilə gəlir, İsa Qəmbərdən, Müsavatdan, siyasi proseslərdən, seçkiqabağı vəziyyətdən danışırdılar.

Bu sadə, bəlkə bir az da sadəlövh əyalət gəncləri həmin il hakimiyyətin dəyişəcəyinə, İsa Qəmbərin hakimiyyətə gələcəyinə, ölkədə hər şeyin dəyişəcəyinə inanırdılar. İnfrastruktur sarıdan bircə dənə çayxanası və bircə dənə balaca dükanı olan bu ölüvay kənddə əsl dirilmənin, canlanmanın, gecələr qızışan müzakirələrin, mübahisələrin xüsusi və doğrudan da gözəl bir havası vardı.

Hava mənim üçün nə qədər gözəl olsa da, valideynlərim üçün bir o qədər gülməli idi. Bu qarabağlı əyalət hiyləgərləri sadə, sadəlövh gənclərin danışdıqlarına, ümidlərinə, inamlarına olduqca skeptik yanaşır, bəzən onların mübarizə, dəyişiklik həvəslərini ələ salırdılar. Bunun səbəbi sadədir. Bəlkə də çoxları bilmir ki, bir naxçıvanlı, bir bakılı üçün yerlisinin hakimiyyətə gəlməyi gözəl fürsət, fəxr, nə bilim daha nədir. Amma bir qarabağlı bunu əsla istəməz. Yerlisinin ondan azacıq artıq uğur qazanması qarabağlı üçün arzuolunmazdır. O bundan kompleks keçirir, narahat olur. Təbii ki, mənimlə razılaşmayanlar, fikrimin əksini göstərən numunələr gətirənlər çox olacaq. Uzatmayacam. Mən belə görmüşəm.

Valideynlərim bir müddət ölkəyə başçılıq etmiş qarabağlı Vəzirovu nümunə gətirir, onu ələ salır və iddia edirdilər ki, qarabağlıdan prezident ola bilməz. Olsa da, biabırçılıq olar. Hətta anam bir dəfə əlindən «Yeni Müsavat» qəzeti, dilindən «İsa bəy» düşməyən gəncin birinə bərk acıqlandı:

- Nə İsa Bəy, İsa bəy salmısan, ə?! O gün sizin evin yanından keçəndə gördüm, inəyiniz arıqlayıb, ayaq üstə ölür. Get ona iki dəryazağzı ot biç, yesin, süd versin. İsa Qəmbər lap hakimiyyətə gəldi, neyləməlidi, sizin inəyə də otu İsa bəy biçəcək?
Cavanlar gülüşdülər.

Səhv etmirəmsə, sentyabrın axırı, ya avqustun əvvəlləri idi. Seçkilərə az qalmışdı. Namizədlər regionları gəzib, öz təbliğatlarına başlamışdılar. Bir gün kəndə xəbər yayıldı ki, İsa Qəmbər Saatlıya gələcək. Buradan olan seçiciləri ilə görüşə. Müsavatçılar o dəqiqə təşkilatlandılar. İsa bəyin görüşünə necə gedəcəklərini planlaşdırdılar. Qərara aldılar ki, atası varlı müsavatçılardan biri qurbanlıq qoyun götürsün və onu İsa bəyin ayağında kəssinlər. Dəstə ilə, əllərində gül-çiçəklə, «İsa bəy, Saatlıya xoş gəlmisiniz» yazılı şüarla onun görüşünə getsinlər.

Səhəri gün onlardan biri, ən hörmətlisi hesab olunan müsavatçı bizə gəldi və atamdan bir xahiş elədi:

- Qardaş, biz istəyirik, İsa bəyi düz-çörəklə qarşılayaq. Sən yəqin televizorda da görmüsən ki, düz-çörəyi hörmətli qonağa adətən el qızları təqdim eləyir. Başına dönüm, qardaş, biz bu kənddə heç kimi razı sala bilmirik ki, qızını rayona aparaq, o da duz-çörəyi əlində tutsun. Bilirsən də, bizimkilər belə şeylərə yaxşı baxmır. Sən bir az müasir adamsan. Qızın da oxumuş qızdı. Köməyini əsirgəmə, qoy qızı aparaq, o, İsa bəyə düz-çörək təqdim eləsin.

Normal vaxtda İsa Qəmbərin siyasətinə skeptikcə yanaşan valideynlərimin bu dəfə reaksiyaları çox gözənilməz oldu. Xüsusilə anam həvəslə dedi ki:

- Neynək, lap yaxşı, İsa bəy öz qarabağlımızdı, öz yerlimizdi. Noolar ki? Getsin, getsin.

Uzun sözün qısası, gün yetişəndə kənddən bir neçə sovetdənqalma, sınıq-salxaq, qoyun-peyin qoxusu verən maşınlara doluşub, rayon mərkəzinə yollandıq. Gənclər şüarları, düz-çörək qoyacağımız ağappaq, işləməli süfrəni, boynu qırmızı lentli toğlunu maşına yüklədilər. Rayon mərkəzinə çatanda məlum oldu ki, düz-çörək götürmək yaddan çıxıb. Cavanlardan biri tez dükanlardan birinə qaçıb, hər ehtimala qarşı iki dənə zavod çörəyi, bir yekə paçka da duz aldı. Amma nə illah elədiksə gül tapa bilmədik.

Bilməyənlərə bir məlumat verim ki, aran yerində yayda gül tapmaq demək olar ki, qeyri-mümkündü. Heç bir gül bu aranın istisinə, adamın üzünü qarsan bürküsünə davam gətirmir. Buna görə də, kiminsə həyətindən dərilən sadə güllər də bir neçə dəqiqədən sonra soluxşayıb, quruyur. Gözəllik salonlarından birinə girdik. Adətən, toyu olacaq bəy toy günü üçün gülü gözəllik salonlarına sifariş verir. Salonda gülü xüsusi, kondisionerli balaca otaqda, soyuq suyun içində saxlayır və toydan bir az əvvəl bəy gəlib, gül dəstəsini salondan götürür. Bəxtimizdən, baş çəkdiyimiz salonda bir bəyin sifarişi vardı. 15 ədəd qızılgül. Xeyli yalvar-yaxardan sonra salon sahibi gülün altı dənəsini bizə satmağa razı oldu. Çünki beşini satsaydı, bəy üçün qalacaq güllər cüt olacaqdı. Məcbur qalıb altı ədəd qızılgül aldıq. Beşini dəstə kimi bağlatdıq, bir dənəsini isə budağını qırıb, qönçəsini çantama atdım. İsa bəyə gülü cüt verməyəcəkdik ki.

Başqanınsa gəlişinə hələ xeyli vardı, güllər bir azdan sola bilərdi. Gənclərdən biri bir butulka su aldı. Cibindən burun dəsmalını çıxarıb, suyu dəsmalın üstünə boşaltdı. Yaş dəsmalla gülün saplaqlarını bükdü ki, güllər bir az da davam gətirsin.
Rayon mərkəzində xeyli adam vardı. Görüşün baş tutacağı yerə çatmışdıq ki, rayon polisləri qəfildən toplaşanlara hücum çəkməyə, söyməyə, qovmağa, dirəşənləri isə vurmağa başladılar. Polislər Başqanın görüşünə gələnlərə ana-bacı söyüşü söyür, ən murdar, ən vulqar ifadələrlə təhqir edirdilər. Hərdən onlara elə özlərinə yaraşan cavablar verən gənc fəallar da tapılırdı.

Məsələnin maraqlı tərəfi bu idi ki, həmin gün bir evdən iki qardaş çıxıb, rayon mərkəzinə gəlmişdi. Onlardan biri – gənc fəal olanı İsa Qəmbərlə görüşə, o birisi – polis olan isə görüşə toplaşanları döyməyə çıxmışdı. Həmin gün rayon mərkəzində o iki qardaşın görünməmiş əlbəyaxa davası oldu.

Kənardan dalaşanlara baxan qocalardan biri:

- Bude, hələ gəlməmiş, qardaşı-qardaşa qırdırır…- deyə, başını buladı.
Kənddən gələn fəallar başa düşdülər ki, bu qarmaqırışıqlıqda İsa Qəmbəri nə hazırlaşdıqları təntənə ilə qarşılaya biləcək, nə duz-çörək təqdim edə, nə ayağında qoyun kəsə biləcəklər. Onlardan birinin ağlına qəfil fikir gəldi. Dedi ki:

- Gəlin, minək maşınlara, gedək İsa bəyi Sabirabadla Saatlının arasında qarşılayaq. Elə düz-çörəyimizi də, qurbanımızı da orda təqdim edərik.

Təzədən maşınlara doluşub, Sabirabada yollandıq. Saatlıdan çıxandan sonra yol kənarında beş-altı söyüd ağacının altında maşınlarımızı saxladıq. Maşınlardan düşən kimi maşın sahibləri bütün qapıları açıb, açıq saxladılar ki, istidən od kimi qovrulan maşınların içi bir az sərinləsin. Tərimizi silə-silə acağların altında dayanıb, İsa bəyin gəlişini gözlədik.

Yarım saatdan xəbər çatdı ki, İsa bəyin və görüşə gələn digər müsavatçıların maşınları yaxınlaşır. Təntənə ilə yol qırağına düzüldük. Birazdan, gözlədiyimiz maşınlar yanımızdan yel kimi ötüb-keçdilər. Maşınların içində oturanlardan isə yadımda ancaq o vaxt demokratik düşərgənin yanında olan Flora Kərimovanın üzü qaldı.
Maşınlar yanımızda dayanmadan ötüb-keçəndən sonra suyumuz süzülə-süzülə rayon mərkəzinə qayıtdıq. Başqan artıq görüş üçün təyin olunmuş yerdə çıxış edirdi. Təbii ki, polislər toplaşanların əsas hissəsini qovub-dağıtmışdılar. Qalanlar ən cəsarətlilər, ən inadkarlar idi. Biz də dayanıb, Başqanın çıxışına qulaq asdıq. Sonra sınıq-salxaq, sovetdənqalma maşınlarımıza doluşub, evlərimizə qayıtdıq.

İsa bəyin ayağında kəsiləcək qoyunun, onun üçün alınan bir dəstə gülün aqibətini bilmirəm. Amma ona aldığımız, duzla təqdim edəcəyimiz çörəklər mənim çantamda olduğundan, evimizə gəlib çıxdı. Həmin axşam şam yeməyini zavod çörəyi ilə yedik.
Oktyabrın əvvəli diplomumu almaq üçün Bakıya gəldim. Yazar dostlarla görüşəndə, onlar mənim bir neçə ayın içində niyə bu qədər kökəldiyimi soruşdular.

İsa Qəmbərlə görüşümüzü onlara danışdım. Sonra ona aldığımız çörəkləri yeməyimizi gülə-gülə nağıl elədim. Vəkil Xalid Bağırov başını buladı. Dedi ki, yox ee, lap hakimiyyət dəyişsə də, bizim xalq dəyişən deyil. Niyəsini soruşduq. Dedi:

- Görmürsüz? İsa Qəmbər hələ hakimiyyətə gəlməyib, amma qarabağlılar indidən onun çörəyini yeyirlər…

Gülüşdük.

Amma İsa bəyin gül dəstəsi nəhs olmasın deyə, budağını qırıb, çantama atdığım bir dənə qızılgülü sonra neyləmişdim, yadımda deyil… Həmin gün əllərində şüarlardan, güllərdən, ürəklərində Başqana rəğbətdən başqa rejimə etirazlarını, hər şeyin dəyişəcəyinə ümidlərini aparan sadə kənd fəallarından da sonra xəbər tuta bilmədim…
XS
SM
MD
LG