Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Günel Mövlud. Həyatımdan silmək istədiyim gün


Günel Mövlud
Günel Mövlud
-

Əgər həmin hadisələr bir az başqa cür inkişaf etsəydi, anamız öləcək, atamız həbs olunacaqdı. Biz həm yetim qalacaqdıq, həm də məhbus övladlarının taleyini yaşayacaqdıq...


Günel Mövlud


HƏYATIMDAN SİLMƏK İSTƏDİYİM GÜN

Mən o günü heç vaxt unuda bilməyəcəm.

Çox şey görmüşəm, çox şey yaşamışam. Köçkünlük, aclıq, səfalət, ailədə anlaşılmazlıq, uşaq yaşlarımdan ağır işlər, yazmağa başlayandan hər gün eşitdiyim təhqirlər, daha nələr…

İnanın, heç nəyi, heç bir şeyi unutmaq istəmirəm. Bunların hamısı mənə həyat dərsi oldu. Təcrübə oldu. Həyatın hər şilləsindən sonra bir az daha bərkidim, yoluma daha əminliklə, daha inadla davam etdim. Buna görə də yaşadığım heç bir hadisəni, günü, ağrını dəyişmək istəmirəm. Heç bir günü həyatımdan silmək istəmirəm.

Bircə həmin gündən, həmin hadisədən başqa…

21-22 il əvvəl idi. Hələ köçkün düşməmişdik. Yay, yoxsa payız olduğunu unutmuşam. O yadımdadı ki, yaşıllıq vardı, ağacda yarpaqlar, yerlərdə ot vardı. Həyətimizə girəndə anamın gah belini, gah qarnını tuta-tuta həyətimizə bitişik bostana tərəf getdiyini gördüm.

Kəndvari, taxta tualetimiz bostanın bir kənarında idi və anam da yəqin ki, ora tələsirdi. Amma bir neçə addım atandan sonra qəfildən yerə yıxıldı. Atam həyətdə idi. O, rəngi ağappaq ağarmış halda, dik dayanıb, anama tərəf baxır, yerindən tərpənmirdi.

Mən atamın niyə onun köməyinə qaçmadığını, anama nə olduğunu anlamağa macal tapmamış, yerə yıxılı anam qusmağa başladı. O, durmadan qusur, əli ilə gah qarnını, gah belini tutub, yerində qıvrılırdı. Ona tərəf qaçmaq istəsəm də, ayaqlarımdan yerə mıxlandım. Yerimdən tərpənməyə macal tapmadım.

Anama tərəf təkcə həyətimizin qara iti qaçdı. O, anamın qusduğu topaya yaxınlaşıb, elə ağrıdan qıvrılan arvadın ağzının dibindəcə onun qusuntusunu yalamağa başladı. Anam bir ucdan qusur, it bir ucdan onun qusuntusunu yalayırdı.

Az sonra, anamın ayaqları qana batanda atam məni və qardaşlarımı evə saldı. Sonra nə olduğunu görmədim. Sadəcə, pəncərədən baxanda atamın talvarımızın altındakı pilətənin üstündə dəmir qabda şüşə şpritsləri, bir-iki başqa aləti qaynatdığını gördüm.

Bir azdan anam evə gəldi. Uzandı, özünə gəlməyə çalışdı. Heç kimi yaxınına buraxmadı.

Nə baş verdiyini sonradan öyrənə bildim. Anam hamilə imiş. Dördüncü uşağa. Amma o uşaq arzuolunmaz idi. Abort isə baha idi. Rayon xəstəxənasına getmək, həkimə pul vermək, bir gün avara olmaq. Məsələni qısa və asan həll etmək üçün baytar həkimi atam anama bir iynə vurmuşdu. Bu iynəni çətin doğan, ya da balası qarnında ölmüş inəklərə vururlar ki, bala atsın. Atam inəklərə vurulan iynədən anama vurmuşdu ki, arzuolunmaz uşaqdan canlarını bu yolla qurtarsınlar. Anamın vəziyyətinin pisləşdiyini görəndə, o, şpritslərini, alətlərini qaynatmağa başlamışdı ki, əgər anam ölsə, onun iynə vurduğunu subut edən heç nə olmasın.

Amma kənd qızının canı möhkəm çıxmışdı… İnəklərə vurulan iynəyə dözə biləcək qədər…

Əgər həmin hadisələr bir az başqa cür inkişaf etsəydi, anamız öləcək, atamız həbs olunacaqdı. Biz həm yetim qalacaqdıq, həm də məhbus övladlarının taleyini yaşayacaqdıq.

Həmin gün anamın bətnindən inək iynəsi ilə çıxarılan yarımçıq körpəni isə çox güman ki, anamın qusuntusunu yalayan qara it yemişdi…

Və mən düz iyirmi bir ildir ki, bu xatirə ilə yaşayıram. O mənzərə yadıma düşəndə hər şey yaşayıram. Utanıram, qəzəblənirəm, ağrıyıram…

Bu hadisə bəlkə də yeganə hadisə idi ki, mən yazmağa çətinlik çəkirdim. Heç cür özümü məcbur edə bilmirdim bunu yazmağa. Amma başa düşdüm ki, heç vaxt, heç kimə, ən yaxın adamıma belə danışmağa cəsarət eləmədiyim bu hadisəni yazmalıyam.

O mənzərə heç vaxt gözümün qabağından çəkilmir. Ağrıdan qıvrılan anam, həyətdə qorxa-qorxa dayanan, rəngi ağarmış atam, anamın qusuntusunu yalayan it…

Hər şey hiss edirəm bu mənzərə yadıma düşəndə. Bircə valideynlərimi qınaya bilmirəm. Onların hərəsinin cəmi 30-33 yaşları vardı. Kənd həyatı, həyət-baca, ağır zəhmət, 3 uşaq onların gəncliyini əllərindən almışdı.

Səhər ertədən oyanandan axşama qədər əlləşirdilər. Hələ bizi necə böyüdəcəklərini bilmirdilər. Daha bir uşaq onlara ağır yük olacaqdı. Taleyi də necə olacaqdı, allah bilir…

Bilirəm, elə adamlar var ki, yazarların bir-iki xırda uğuruna, dar çevrələrdəki şöhrətinə həsəd aparırlar. Ölkədə yüzlərlə adam var ki, bu qələm adamlarının yerinə olmaq istəyərdi. Yazılarımın altında yazılan şərhlərdən həsəd, paxıllıq tökülür. Bəzən bu xırda, bir tikəlik yazar şöhrətinə görə məni parçalamağa hazır adamların olduğunu görürəm.

Heç nə demirəm, sadəcə, bircə şeyi bilin ki, bu yazmaq qabiliyyəti, istedad mənə bax, həyatımda belə günlərin, uşaq yaşlarımdan gördüyüm belə mənzərələrin qarşılığında verilib.

Mən yaza bilmək bacarığımın əvəzini hələ uşaq yaşlarımdan aclıqla, səfalətlə, hər il ordan ora köçməklə, hər il bağlandığım adamlardan ayrılmaqla, ağır zəhmətlə ödəmişəm.

Yüzlərlə kitab oxumuşam, on il yazmışam, yaza-yaza öyrənmişəm. Arxamda heç kim dayanmayıb, yaradıcı dotslarımdan başqa heç nəyim və heç kimim olmayıb, nə əldə eləmişəmsə, hansı uğurum olubsa, öz zəhmətimin, inadkarlığımın sayəsində başa gəlib…

O hadisə həyatımda son sarsıntı, son əzablı xatirə olmadı. Mən dəfələrlə buna oxşar şeylər yaşamışam, yadıma düşəndə ağrıdan, qəzəbləndirən, utandıran xatirələr illərdir ki, mənə əzab verir. Tək xilasım isə oxuduğum kitablar olub. Məni o həyatdan ancaq kitablar çıxarıb.

İnsanı səfalətdən, cəhalətdən, fahişəlikdən, narkomanlıqdan, qatillikdən xilas eləməyə heç bir məbləğin, heç bir var-dövlətin gücü çatmaz.

Səfili səfalətdən, cahili cəhalətdən, qadını fahişəlikdən, gənci narkomanlıqdan, cinayətkarı cinyətdən xilas edə biləcək yeganə qüvvənin adı kitabdır. Təhsildi. Oxumaqdı.

Bu hadisəni boş yerə gətirib kitaba bağlamadım. Ölkədə kitaba, mətbuata, incəsənətə gizli müharibə elan olunub. İndi ölkədə yazıçı yox, kitab dissidentdi. Sənətkar yox, sənətin özü dissidentdi. Aktyor yox, tamaşa dissidentdi. Mətbuat, jurnalist yox, qəzetin özü dissidentdi. Məhz belə bir vaxta kitabın, oxumağın dəyərini anlamaq və anlatmaq vacibdir. Yorulmadan. Bezmədən. Arxayınlaşmadan.
XS
SM
MD
LG