Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

“Arşın mal alan” rəngləndi, bərpa olundu və təqdim olundu


"Arşın Mal Alan"
"Arşın Mal Alan"
-
Dekabrın 10-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin premyerası olub.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə nümayişdən əvvəl H.Əliyevin 2001-ci ildə “Arşın mal alan” filmi və bu filmin bərpa olunmasının əhəmiyyəti barədə çıxışının videogörüntüsü yayımlanıb: “Müasir texnika, texnologiya imkan verir ki, film yarandığı kimi bərpa edilsin. Bunu mütləq etmək lazımdır. “Arşın mal alan” filmi Azərbaycan mədəniyyət tarixinin ən böyük nailiyyətlərindən biridir. Ona görə o film daim yaşamalıdır. O film yaşamalıdır ki, gələcək nəsillər Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu görsün, Rza Təhmasibin nə qədər böyük rejissor oldugunu görsün, Rəşid Behbudovun nə qədər istedadlı müğənni olduğunu görsün”.

Daha sonra tamaşaçılar bərpa olunmuş və rənglənmiş “Arşın mal alan” filmini izləyiblər.

Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilib.

Rza Təhmasib və Nikolay Leşenkonun quruluş verdiyi filmdə Rəşid Behbudov, Leyla Bədirbəyli, Mirzağa Əliyev, Fatma Mehrəliyeva, İsmayıl Əfəndiyev, Möhsün Sənani, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi korifeylər rol alıblar.

“Arşın mal alan” filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan “Hollywood”da bərpa edilərək rənglənib.

Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerikadan olan 157 nəfərlik heyət çalışıb.

Onların arasında “Oskar” mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olub.

H.Əliyev Mərkəzinin rəsmi internet saytının yaydığı məlumatda filmin bərpasının və rənglənməsinin fonda neçəyə başa gəldiyi barədə heç nə yazılmayıb.
XS
SM
MD
LG