Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Azərbaycan insanının kitabını bağlamaq istəyirlər


Sevinc Elsevər
Sevinc Elsevər
-

Azərbaycanda kitab oxuyan, təzə kitabın qoxusunu sevən adamlar gündən-günə artmaqdadır. Onları əsl kitab qoxusundan məhrum edib saxta kitab qoxusu sırımaq istəyirlər. Kitaba qarşı qəsd var, dostlar!


Sevinc Elsevər


BİZİ KİTAB QOXUSUNDAN MƏHRUM ETMƏYİN!


Sizdən soruşuram: Nazim Hikmət, ya Camal Sürəyya İosif Brodskidən, yaxud Lorkadan, Ç. Bukovskidən pis şeir yazıbmı?

Hətta Nazimin də, Camalın da həyatı həbslər, qovğalar, qarmaqarışıqlıqlar içində keçib. Başlarından nə tufanlar əsib keçmiş, nə günlər görmüşlər. Burdan-bura, Azərbaycanda belə kütləvi oxucu hələ indi-indi tanımaqdadı bu şairləri.

Camal Sürəyya mənim ən sevimli şairlərimdən biridi. Amma dünyaca şöhrəti yoxdu. Mən onun oxucusu olaraq, bu dərdi çəkməkdən ölmürəm. Mən tanıyıram, mən bilirəm, yetər mənə.

Hər kəsin müasir yazarların ünvanına bir ittihamı var: "Niyə tanınmırsız, niyə dünyaya çıxmır əsərləriniz?"...

Arxadaş, çünki biz Azərbaycanın problemlərindən yazırıq. Çünki Azərbaycanın problemləri yetərincə çoxdu, biz onlara göz yumub bəşəri problemlərlə maraqlana bilmirik.

Və ən nəhayətdə dünya birliyinə görünür, Azərbaycanın problemləriylə maraqlanmaq sərf eləmir. Lap elə öz hökumətimizə bu sərf eləmir. Bəşəri mövzular fonunda belə öz dərdlərimizdən yazsaq da, eşitmək istəmirlər də arxadaş… zornandı?

Əgər Xalid Hüseyninin "Çərpələng uçuran" romanını gözümə soxmağa hazırlaşırsansa, əziz oxucu, qoy deyim. Əfqanların problemi özü dünyanın diqqət mərkəzindədi, ona görə o roman bestsellerə çevrildi. Qərbin və Amerikanın maraqları vardı.

Televiziyalardakı roliklərə baxmırsınız, görmürsünüz necə fəryad edirlər: "Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyona yaxın soydaşımız dogma yurdlarından qaçqın düşüb . Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4499 nəfər itkin düşmüşdür. Bu haqsızlığıa dünya birliyi hələ də dözür"...
"Quqark" rusca
"Quqark" rusca

İnanın ki, bu gün mən həqiqətən hardansa yaxşı maliyyə mənbəyi tapsam, işimi -gücümü atsam, uşaqlarımı qəşəng rusdilli, ingilisdilli dayələrə tapşıraraq, günlərimi kitabxanalarda keçirsəm, Həmid Herisçi demişkən, həmin o sirli, mistik, elmi, gizli informasiyalı, dərin romanı yazsam, yenə də dünya birliyi susacaq.

Seymur Baycanın "Quqark" romanı nə təsiri etibarilə, nə yaradıcı baxımdan Xalid Hüseyninin "Çərpələng uçuran" romanından geri qalmır. Əcəba, niyə həmin şöhrəti yaxalaya bilmir?!

Çünki bütün bunlar siyasi məsələlərdi. Dünya nə vaxt azərbaycanlılarla, onların dərd-səriylə, Qarabağ problemiylə maraqlanmaq istəyəcək, inanın onda Şərifin Qarabağ mövzusundakı hekayələri, Seymurun "Quqark" romanı və başqa əsərlər də əldən-ələ, dildən-dilə dolaşacaqlar.

Den Braun kimi ortabab yazıçının geniş oxucu kütləsi qazanmış əsərlərini yazmaq üçün günlərlə kitabxanalarda, arxivlərdə gəzib-dolaşmalısan. Həm Den Braunun qapısından girə bildiyi həmin arxivlərə görəsən durub Azərbaycandan gedən istənilən yazıçını buraxarlarmı? İnanmıram belə şey mümkün ola.

Nə isə… mənim əzizlərim. “Bəyin oğurlanması” filmində mərhum aktyorumuz Səməndər Rzayevin işlətdiyi o məhşur deyim var ha, kino haqqında deyir və bu gün də dillərdə əzbərdi, həmin fikir elə ədəbiyyat üçün də keçərlidir: “Bu ədəbiyyat ki, var… çox qəliz məsələdi, həm qəliz məsələdi, həm də vacib”…

Ciddi ədəbiyyatı, beş-on qələm adamını bilmirlər necə pisikdirələr. Dövlət işlərində işləyənləri sıxışdırır, işdən qovur, haqqında nə gəldi danışır, qəhrəmanlarının hər addımına görə yazıçını cavab verməyə çağırır, məhşər ayağına çəkirlər. “Kitabın oxunmur, deməli yaza bilmirsən!” deyə ələ salır, sındırmaq, ruhdan salmaq istəyirlər.
"Ən yeni ədəbiyyat" seriyasından kitablar
"Ən yeni ədəbiyyat" seriyasından kitablar

Bir neçə gündü "Qanun"nəşriyyatına soxulub qanunsuz yoxlamalar həyata keçirirlər. Nəşriyyatın işini əməlli-başlı iflic eləyiblər. "Qanun" nəşriyyatı yazıçıyla da, oxucu ilə də işləyə bilən ilk nəşriyyatdı Azərbaycanda. Ciddi, vacib bir ənənənin başlanğıcını qoyub.

"Ən yeni ədəbiyyat", "Ən yeni tərcümə" seriyaları ilə Azərbaycan ədəbiyyatı üçün xeyli iş görüb. Oxucu toplayıb. Oxucu davası aparıb mənim yerimə, Aqşinin, Əli Əkbərin, Seymur Baycanın yerinə…

Oxucuların sayı həqiqətən artmaqdadır. "Qanun" nəşriyyatının əlahiddə gücə çevriləcəyindən qorxdular. Kitab oxuyan adamlardan qorxdular.

Bu yaxınlarda Mariya adlı rus əsilli rəfiqəmdən eşitdim ki, Ukraynada xüsusi mağazalar var, orda maraqlı ətirlər satırlar. Təzə kitabın qoxusu, meşənin , biçilmiş otun, dənizin qoxusu… Əgər sənin meşəyə getmək imkanın, yaxınlıqda dəniz yoxdusa, bu ətirlərdən alıb öz otağında həmin yerin aurasını yarada bilərsən. Bu ətirlərin içində mənə təzə kitab qoxusu maraqlı gəldi. Təzə kitab qoxusundan ötrü ürəyi gedən adamlar var: “Kitabları əvvəl qoxulayıb, sonra oxumağı sevirəm”. Köhnə şeirimdəndi…

Azərbaycanda kitab oxuyan, təzə kitabın qoxusunu sevən adamlar gündən-günə artmaqdadır. Onları əsl kitab qoxusundan məhrum edib saxta kitab qoxusu sırımaq istəyirlər. Kitaba qarşı qəsd var, dostlar!
Şahbaz Xuduoğlu Bakıda kitab təqdimatında
Şahbaz Xuduoğlu Bakıda kitab təqdimatında

Kənddə bir adamın haqqında görürsən belə deyirlər: “O adamın kitabı bağlanıb!” Adamın kitabı bağlanıb o deməkdi ki, daha bu adamdan heç nə gözləmək olmaz, adam bitib, qurtarıb. Nəşriyyatlara qadağalar qoymaqla, ƏDV-ni artırmaqla, nəşriyyatları bağlamaqla, Azərbaycan insanının kitabını bağlamaq istəyirlər.

Aqşinin bir misrası var: ruhən xəstələrə biçilmiş ot iyi verin.

Bizim hər birimizin ruhu yaralıdı… Bizə təzə kitab qoxusu verin!!!

Bir neçə il bundan əvvəl ANS telekanalını eyni ssenariylə bağladılar. Bir müddət ANS fəaliyyət göstərə bilmədi. Atam ANS kanalının izləyicisi idi. Hirsləndi, evdə gəzdi, dolaşdı, bir siqaret çəkdi, sonra dedi: “Yox, e, yox… heç kim Çingiz Mustafayevin kanalını bağlaya bilməz. O, qəhrəmandı!”… Amma mənim əli qabarlı fəhlə atam ANS üçün küçəyə çıxmadı, ANS -in bağlanmasına qarşı səsini çıxarmadı… etirazını bildirmədi. Atam kimi başqaları da! ANS təzədən açıldı. Amma ANS daha “Çingiz Mustafayevin ANS -i deyildi”…

Eyni şeyi "Qanun" nəşriyyatıyla eləmək istəyirlər. Allah eləsin ki, "Qanun" nəşriyyatının başına eyni şey gəlməsin. "Qanun" nəşriyyatı bu sınaqdan alnı açıq, üzü ağ çıxsın. O həmişə Şahbaz Xuduoğlunun nəşriyyatı olsun… Yağışda, soyuqda-qarda oxucunun ayağına, oxucunun qapısına gedən, az qala küçə-küçə gəzib əliylə kitab satan Şahbaz Xuduoğlunun!
XS
SM
MD
LG