Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:30

Rəşad Məcid: "Yazıçıların 99 faizi Əliyevi dəstəkləyir" (Debatda mübahisə)


Kəramət Böyükçöl və Zümrüd Yağmur
Kəramət Böyükçöl və Zümrüd Yağmur
-

Rəşad Məcid:

- Azca ağlı olan adam belə şəraitdə İlham Əliyevi dəstəkləyər.

Zümrüd Yağmur:

- Mən Anarı vicdansız, ağılsız adam saymıram. Baxmayaraq ki, onun katibi bizi ağılsız, vicdansız adam hesab edir...



Azərbaycan Yazıçılar Birliyinin katibliyi iclas keçirərək prezidentliyə namizəd İlham Əliyevi dəstəkləyən bəyanat verib və bütün təşkilat üzvlərini də bu cür hərəkət etməyə çağırıb. Bu da bəzi dairələrdə qıcıq və etiraz doğurub. Belə bir bəyanat hər bir ictimai təşkilatın haqqıdır, yoxsa qınanmalı davranışdır?

AzadlıqRadiosunun "Pen klub" proqramındakı debatda studiyada, eləcə də telefonla bu haqda danışdılar: AYB-nin katibi Rəşad Məcid, sözügedən bəyanatla razılaşmayan və AYB-dən çıxacağını bildirən yazıçı Zümrüd Yağmur, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, gənc yazarlar Kəramət Böyükçöl Rüfət Əhmədzadə.


Zümrüd Yağmur:

- Birincisi, Anarın, ya da qurumun başında oturub oranı şəxsi mülkü kimi idarə edənlərin mənəvi haqqı yoxdur ki, bütün üzvlər adından bəyanat versinlər, İlham Əliyevi dəstəklədiklərini dilə gətirsinlər. O qurumun üzvlərindən biri də mənəm. Bu qurumdan çıxmaq haqda dəfələrlə düşünmüşəm. Hər dəfə də işimin çoxluğundan ora gedib ərizəmi təqdim edə bilməmişəm. Amma bu dəfə qəti qərar verdim, sabah gedib ərizəmi verəcəm. Birincisi, mən İlham Əliyevin siyasətini bəyənmirəm, bu siyasətin yararsız olduğunu, rüşvət, korrupsiya üzərində qurulduğunu görürəm. Bu üzdən kimsə mənim – müəyyən yol keçmiş, on kitabın müəllifi olan yazarın adından bəyanat verə bilməz. Mən onların yalanlarına, riyakarlıqlarına, saxtakarlıqlarına şərik olub, YAP-ın namizədini dəstəkləyə bilmərəm. Hesab edirəm ki, Anar və onun ətrafında oturub yuxarıdan gələn sifarişi yerinə yetirən, əslində, yazardan çox ədəbiyyat və yazarlıq məmuru olan bu adamların haqqı yoxdur ki, mənim kimi onlarla, yüzlərlə adamın adından çıxış etsinlər. Belə saxtakarlığa imza atmış adamlarla eyni qurumda olmağı azad düşüncəmə, qələmimə yaraşdırmıram. İndiyədək orda qalmaq qəbahətdir və bu qəbahəti yumaq istəyirəm.

Şahnaz Bəylərqızı:

- Adətən Qərbdə, ABŞ-da seçkiöncəsi müəyyən qruplar, sənətçilər konkret namizədlərə dəstək verirlər. İndi AYB-nin, Rəssamlar və ya Bəstəkarlar İttifaqının belə bir bəyanatla çıxış etməsini buna bənzədənlər də var.

Z.Yağmur:

- Yanlış bənzətmədir. Müəyyən musiqi qrupları, tanınmış insanlar seçki qərargahı ilə müqavilə bağlayaraq onları təbliğ edir, fanatlarını bu namizədlərə səs verməyə çağırırlar. Bu 5-10 nəfərin addımıdır. Amma böyük qurumun, 1000-dən artıq üzvü olan birliyin adından 3-5 nəfərin bəyanat verməsi tamam ayrı addımdır. Kimsə bu iki şeyi qarışdırırsa, bu absurd şeydir, bunu deyənin də məntiq sorunu var… Məndən AYB üzvü kimi heç kim soruşmayıb bu seçkidə kimi dəstəkləyəcəm, kimə səs verəcəm.

Kəramət Böyükçöl:

- Azərbaycan Yazıçılar Birliyinin bəyanatı Azərbaycan yazıçılarının bəyanatı deyil. Yazıçılar Birliyi ayrıdır, Azərbaycan yazıçıları ayrıdır. Bu bəyanatı da, seçkiöncəsi indiki hakimiyyəti dəstəkləyən bəyanatı da AYB-nin bəyanatı kimi qəbul edirəm. Mən gənc yazar olaraq yazıçının hakimiyyəti, prezidenti dəstəkləməsini qəbul edə bilmirəm. Tutaq ki, bir ölkədə 9 milyon insan xoşbəxt yaşayırsa və onun yanında bir insan əzilirsə, haqqı tapdanırsa, yazıçı onun yanında olmalıdır, onun haqqını, sözünü deməlidir. Təbii ki, mənim AYB üzvü olaraq bu bəyanatdan xəbərim yoxdur, saytlardan oxumuşam və mən buna qatılmıram.

Rəşad Məcid:

- Zümrüd xanım Yazıçılar Birliyinin üzvüdür? Etirazı varsa, Yazıçılar Birliyindən çıxsın da.

Z.Yağmur:

- Rəşad bəy, mən sizin evinizin qapısını döymürəm ki, mənimlə bu şəkildə danışırsız. Mən dövlətin qurumunda Yazarlar Birliyinin üzvüyəm və məndən kimsə bunu soruşmayıb. Siz mənim “etirazın varsa” deməyiniz etik deyil, ən azı insani davranış, danışıq qaydalarına uyğun deyil. Siz mənə məsləhət verə bilməzsiz hansı qurumda olum ya olmayım. (ardı aşağıda)

Rəşad Məcid
Rəşad Məcid


R.Məcid:

- Ay xanım, bir dayan görüm də. Mən düzü bilmirdim. Sadəcə soruşdum. Ancaq ümumiyyətlə, sizin bu Azadlıq Radiosunu maliyyələşdirən Birləşmiş Ştatlarda da iri media qurumlarında seçkiöncəsi kimisə dətəklədiklərini bəyan edirlər. Azərbaycanda fəaliyyət göstərən hər hansı media, yaradıcılıq qurumlarının kiminsə tərəfində olmasına, prezident seçkiləri öncəsi kimisə dəstəkləməsinə təbii baxıram. AYB katibliyi bu qurumun qurultaylar arası rəhbər orqanıdır və belə bir qərar qəbul edib, Azərbaycanın taleyüklü məsələsində kimi dəstəklədiyini ortaya qoyub. Bunu kim bəyənmirsə… Bir yazıçı fərd olaraq kimisə dəstəkləyə bilər, Kəramət Böyükçöl İqbal Ağazadəni dəstəkləyə bilər, bu xanım qız həyat yoldaşının dəstəklədiyi partiyanın liderini dəstəkləyə bilər. AYB də birmənalı mövqeyini açıqlayıb, bu, birmənalı Azərbaycan yazıçılarının fikridir. Düz fikirdir. Haqq fikirdir. Azərbaycanın gələcəyi üçün obyektiv bir qərardır.

Z.Yağmur:

- Mən bilmirəm Rəşad bəy indiki Azərbaycan prezidentini hansı siyasətinə görə dəstəkləyir? Qarabağ siyasətinə görə, daxili siyasətinə görə, xarici siyasətinə görə, ölkədəki güzərana, korrupsiyaya görə? Bunu açıqlayaydı. İkincisi, deyir: “bəyənmirsə…” Mən qurumu bəyənirəm, mən orda Rəşad bəygilin yürütdüyü siyasəti bəyənmirəm. Mən ora Anarın dəstəyilə gəlmişəm neçə il öncə. Mən sadəcə Anarın avtoritar rejim qurmasını bəyənmirəm. Bu qurumun nizamnaməsi, əsasnaməsini bəyənirəm, siz nizamnaməni, əsasnaməni pozursuz. Mən şükr edirəm ki, nə yaxşı yuxarıdan sifariş verilməyib, Anar, ya Rəşad bəy prezidentliyə namizəd olsunlar, biz o debatda ikinci Hafiz Hacıyevi, Zahid Orucu görmürük.

R.Məcid:

- Bu fikirlər balaca mikromühitdə dünyagörüşləri eyni olan, narazı olan adamların fikirləridir. Azərbaycan dəyişib, yeni Azərbaycandır, hər tərəfində inkişaf var, quruculuq var, tarixində olmayan işlər görülüb. ədalətsizcəsinə bu cür fikirlər söyləmək, qaralamaq normal düşüncəsi olan, obyektiv adama yaraşmaz. Heç olmasa görülən işlərin müəyyən qismini deyib, hansısa qüsurları göstərsən bəlkə obyektiv kimi görünə bilərsən. Söhbətin mövzusu AYB-nin niyə prezident seçkiləri ilə bağlı münasibət bildirməsidirsə, bunu da dedim, təbiidir, o hansısa məsələylə bağlı fikrini deyə bilər, burda qeyri-adi heç nə yoxdur. Demokratiya təcrübəsi olan ölkələrdə də belə hallar mövcuddur. Fərd olaraq özünü yazıçı sayırsa… Düzdür, mən onun bir-iki kitabını oxudum, mənasız cümlələr, publisistik, burda danışdığı kimi mənasız əsərlərdir… (ardı aşağıda)

Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə


Z.Yağmur:

- Kim? Mənim haqqımdamı deyir? Amma “kulis.az” saytında başqa cür demişdiz, Rəşad bəy.

R.Məcid:

- Nə sayt? Nə müsahibə?

Z.Yağmur:

- Ona qalanda mən də sizin ciddi yazınızı görməmişəm. Sizi yazıçı hesab etmirəm.

R.Məcid:

- Heç gör mən hirslənirəm, sənin sözlərindən. Bir də deyirəm, Azərbaycanda görülən işlər, Azərbaycanın gələcəyi naminə AYB-nin bəyanatı tam yerindədir, bütün dünyada qəbul edilmiş qaydadır. Üzvlərin səlahiyyət verdikləri katiblik onların adından fikrini bəyan edə bilər. Hesab edirəm ki, Azərbaycan yazıçılarının 99 faizi, içi orda oturan Kəramət Böyükçöl qarışıq İlham Əliyevi dəstəkləyirlər. Azca ağlı olan adam belə şəraitdə İlham Əliyevi dəstəkləyər. 1-2 faiz narazı ola bilər, onlara uğurlar arzulayıram, vicdan arzulayıram. Allah onlara insaf versin ki, obyektiv düşüncələrə dala bilsinlər. İndi mən Ağcabədidə başlayacaq muğam müsabiqəsində iştirak edəcəm. Üzrlü sayın. Qoy Zümrüd xanım öz-özünə danışsın. Uğurlar.

K.Böyükçöl:

- Mən prezident seçkilərində kimə səs verəcəm, kimi dəstəkləyirəm, ayrı söhbətin mövzusudur. Ancaq AYB-nin mənim adımdan, fikir öyrənmədən, konkret namizədi dəstəkləməyi ayrı məsələdir. Mən AYB-nin adından 5-6 nəfərin bəyanat verməsinə qatılmıram. Rəşad bəy mənim bir-iki il öncəki siyasi çıxışlarıma görə yəqin belə dedi… Rəşad bəyin efirdən tez ayrılması da, “bəyənmirsə çıxsın” deməsi də onu göstərir ki, bunlar üçün bizim etirazımız, nəyləsə barışmamağımız əhəmiyyətsizdir.

Z.Yağmur:

- Mən Anarı vicdansız, ağılsız adam saymıram. Baxmayaraq ki, onun katibi bizi ağılsız, vicdansız adam hesab edir, mən bu tərbiyəsizliyi etməyəcəm. Hesab edirəm ki, Anar bəy, Elçin, Çingiz Abdullayev ölkədə nə baş verdiyini hamıdan yaxşı bilirlər. Bu yolla ölkənin gələcəyini əngəlləməsini gözəl anlayır. Mən bu qərarın müstəqil verilməsinə inanmıram. (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


Rüfət Əhmədzadə:

- Yazıçılar Birliyi ictimai təşkilatdır. Bu cür təşkilatların dəstək bəyanatları absurddur. AYB-ni tam tənqid hədəfinə tutmaq, Anar müəllimin şəxsiyyətini, yaradıcılığını tənqid obyektinə çevirmək istəmirəm, amma Anar müəllim nə qədər böyük olsa da, Azərbaycan ədəbiyyatını bunların heç birinin ayağına vermək olmaz. Yazarlar siyasi mövqeyini şəxsi mövqe kimi ifadə etsələr, yaradıcılıqlarında göstərsələr daha yaxşı olar. Biz artıq kolxoz dövrünü çoxdan geridə qoymuşuq. Kollektiv bəyanatlardan qaçmışıq. Siyasi bəyanat üçün siyasi partiyalar var. AYB-nin üzvü deyiləm, amma üzv olsaydı, nizamnaməni tələb edərdim, hansı qaydayla bu qərar verilib? Nizamnamədə varsa böyük qərarlar qurultayda verilir, onda qurultay keçiriləydi və belə qərar veriləydi.

Elçin Hüseynbəyli:

- Birincisi, 1000-dən artıq üzv AYB rəhbərliyini seçibsə, demək həmin 1000 adam rəhbərliyə etimad göstərib ki, həmin 1000 adamın adından danışsın. Ikincisi, razıyam ki, seçki məsələsi fərdi məsələdir. Ancaq o da var ki, hər bir kəsin kiminsə kimə simpatiyası və ya antipatiyası olduğunu bilmək haqqı var. Zümrüd xanım, siz də, mən də bilirəm ki, İlham Əliyev ən şanslı namizəddir.

Z.Yağmur:

- Onu mən bilmirəm və demirəm. Xahiş edirəm mənim adımdan danışmayın. Anar müəllimin yolunu tutmayın.

E.Hüseynbəyli:

- Yaxşı, mən öz adımdan danışıram. İlham Əliyev beynəlxalq sahə üzrə mütəxəssisdir. Qarabağ danışıqlarının episentrində olan adamdır, hər şeyi gözəl bilir. Biz istəyirik ki, bu situasiyadan başı çıxan adam olsun. Açığı, hardasa bir məmur rüşvət alırsa, o məni az ilgiləndirir. Məni daha çox düşündürən Qarabağ problemidir. İlham Əliyev beynəlxalq sahə üzrə gözəl mütəxəssisdir.

Z.Yağmur:

- İlham Əliyevin beynəlxalq sahədə gözəl mütəxəssis olduğunu deyirsiz, 10 il ona kifayət etmədi ki, Qarabağ məsələsini çözsün?

E.Hüseynbəyli:

- Dünyada elə münaqişələr var ki… Kosovo münaqişəsi nə zaman həllini tapdı? (ardı aşağıda)

Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli


Z.Yağmur:

- Deməli, buna görə, İlham Əliyevi dəstəkləmək absurddur. Siz özünüz də təkzib edirsiz.

E.Hüseynbəyli:

- Niyə absurddur? İlham Əliyevi dəstəkləyirəm. Niyə absurd olmalıdır? Deməli, siz dəstəkləmirsiz, absurd olmur, mən dəstəkləyəndə absurd olur? Məncə, bir peşəkar bu münaqişəni daha tez həll edər. Açığı dərdim odur. Korrupsiyadır, məmur özbaşınalığıdır onu prezident də etiraf edir. Bunu həll edəcəyik. Mən hamının haqqına hörmətlə yanaşıram. AYB katibliyi İlham Əliyevin namizədliyini dəstəkləyirsə, orda nə var ki? Siz onu dəstəkləmirsiz başqasına – Cəmil Həsənliyə, İqbal Ağazadəyə səs verin.

Ş.Bəylərqızı:

- O zaman bu bəyanata nə ehtiyac var? Zümrüd xanım da, siz də fərqli düşünürüsüz…

E.Hüseynbəyli:

- Məm demədim ehtiyac var, ya yoxdur. Həmin o qurumun rəhbərliyi belə qərar verib. O rəhbərliyi seçən də yüzlərlə yazıçıdır. Anar müəllimi qəbul etmirlərsə, ərizə yazsınlar.

Ş.Bəylərqızı:

- Elçin bəy, bir var AYB rəhbərliyi yazıçılarla bağlı qərar versin, bir də var onların siyasi seçimi ilə bağlı qərar versin.

E.Hüseynbəyli:

- Bu, katibliyin qərarıdır, AYB-nin qərarı deyil.

Z.Yağmur:

- Onda katiblər öz imzalarını qoyaydılar ki, biz yazar olaraq İlham Əliyevi dəstəkləyirik, daha qurumun adından yox.

E.Hüseynbəyli:

- Mən həmin iclasda olmamışam, amma bəyanatı qəbul edirəm. Siz mənə sual verirsiz, mən belə qalıram ki, mən katibliyin üzvü kimi katibliyin qərarına hansı münasibət bildirə bilərəm? Katibliyin mövqeyi mənim mövqeyimdir… Ailədə bir kişi qərar verir…

Z.Yağmur:

- Anarın mənim ailəmə aidiyyatı yoxdur…

(Debat ətraflı burda dinləyə və ya baxa bilərsiz)
XS
SM
MD
LG