Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:31

Günel Mövlud. Kitabların savaşı


Günel Mövlud
Günel Mövlud
-

Dindarları həbsə atmaqla, həbs, repressiyalar yolu ilə onları susdurmaq, zəiflətmək mümkün deyil. Çünki dinin, şəriətin kitabı var. Bu günkü rejimin isə kitabı yoxdur. İdeologiyası yoxdur. Onların ancaq pulu var...



Günel Mövlud


KİTABLARIN SAVAŞI


Hakim ədaləti təmsil edirsə, hamı ona hörmət edəcək, rahib ümid verirsə, hamı ona inanacaq. Amma işgəncənin adı məhkəmə olanda, inkvizisiyanın adı din olanda insanlıq hakimin üzünə diqqətlə baxıb deyir: Sənin qanunun mənə lazım deyil! Rahibin üzünə baxıb deyir: Sənin dinin mənə lazım deyil! Mənə sənin yer üzündəki tonqalın və göylərdəki cəhənnəmin lazım deyil! Bu vaxt qəzəblənmiş filosof ayağa qalxaraq, hakimi ədalətin, rahibi Tanrının qarşısında ifşa edir.

Viktor Hüqonun Volterin 100 illik yubileyində elədiyi çıxışdan…


Azərbaycan sürətlə şəriət ölkəsinə çervilməkdədir. Mən bunu hələ ölkədə ikən məscidlərdən ucalan azan səslərindən, küçələrdə sayları gündən-günə artan hicablı qadınlardan, şalvarının ətəyi qısa, saqqalları uzun vəhabi qardaşlardan, yaşlı-cavan qadınların pirlərə axışmağından, spirtli içkilərə qadağa qoyan kafe-restoranlardan, oteldə evli cütlüklərdən nikah şahadətnaməsilə yanaşı molla kəbini tələb edən otel inzibatçılarından, dindarların yazarların, yeni fikirli adamların üstünə təhdidlərlə getməyindən görə bilirəm.

Bəli, onilliklər boyu Azərbaycanın ən dəyərli bəyləri, ən ciddi mütəfəkkirləri əsəblərini, məhsuldar illərini, hətta bəzən həyatlarını qurban verdilər ki, Azərbaycan qadını çadrasını açıb rahat gəzə bilsin. İşləsin, təhsil alsın, sözünü deyə bilsin. Bu gün isə çadrasının atılmağı uğrunda qanlar tökülən qadın öz xoşu, öz razılığı ilə hicaba, gecə rəngli, qaranlıq parçalara bürünür. Sosial şəbəkələrdə qızların doqquz yaşından ərə verilməyi əsaslandırılır. Zorla, sevmədiyi adama, bəzən qoca, kifir, iyrənc kişilərə sata bilməsinlər deyə azərbaycanlı mütəfəkkirlərin uğrunda mübarizə apardıqları qızlar cəhalətə, fanatizmə, korazehinliyə haqq qazandırırlar.

«Dinimiz İslamdır» deyən bu qızların əksəriyyəti açıq, rahat yaşayır, təhsil alır, istədikləri adama ərə gedir, işləyirlər. Onlar şəriət qaydaları ilə idarə olunacaq ölkədə yaşayarlarsa, başlarına gələcəklərdən, təhsildən, söz hüququndan, hicabsız yaşama hüququndan məhrum olacaqlarından xəbərsizdirlər. Ərlərinin sütül bir qıza gözü düşəndə, ondan rahat canını qurtarsın deyə, xəyanətdə suçlandırılıb daşqalaq ediləcəklərindən xəbərsizdirlər. Çünki, bu qadınlar, ölkənin şəriət qaydaları ilə idarə olunmasını istəyən sadə insanların çoxunun öz dinlərinin kitabından, qanunlarından xəbəri yoxdur.

Ölkənin belə sürətlə şəriətə, dinə, pirlərə, məscidlərə axışmasının səbəbi sadədir. Ölkədə təhsil bərbad vəziyyətdədir. Səhiyyə az qala insanları sağaldan deyil, öldürən bir sahəyə çevrilib. Məhkəmələr qanunun deyil, qanunsuzluğun simvoluna çevrilib. Ölkəsini hüququndan, haqlarından, azadlıqdan xəbəri olmayan qara qullardan ibarət görmək, qulları idarə etmək istəyən rejim, bəlkə də bununla öz ölkəsinin əhalisini sürətlə başqa bir gücün qoynuna atdığından xəbərsizdir.

Bəli, əgər müəllim gücsüzdürsə, şagird mollaya üz tutacaq. Həkim şəfa vermirsə, xəstə pirə pənah aparacaq. Hakim ədalətli deyilsə, zərərçəkmiş ilahi ədalət umacaq.

Çünki başqa cür mümkün deyil. Çünki insan kiməsə inanmalı, kömək ummalıdır. Nə edək ki, bu inanılacaq, kömək gözləniləcək insanlar insanlara nicat vermək iqtidarında deyillər və heç bunu istəmirlər də.

Amma onlar anlamırlar ki, şəriətin qarşısında nə qədər acizdirlər. Dindarları həbsə atmaqla, həbs, repressiyalar yolu ilə onları susdurmaq, zəiflətmək mümkün deyil. Çünki dinin, şəriətin kitabı var. Bu günkü rejimin isə kitabı yoxdur. İdeologiyası yoxdur. Onların ancaq pulu var. Gücü var. Ordusu, polisi var. Məddahları var. Muzdlu mirzələri var. Amma bir gün neft azalan, təbii sərvətlər tükənən, pul azalan kimi nə bu polisi, nə ordunu, nə məddahları, nə mirzələri saxlaya bilməyəcək. Və o vaxt kitabla, ideologiya ilə silahlanmış şəriət onlara qalib gələcək.
XS
SM
MD
LG