Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

«Azərbaycanın ən parlaq zəkaları»


ABŞ səfiri məzunlar arasında
ABŞ səfiri məzunlar arasında
-
Mübadilə proqramı ilə Amerikaya səfər edən və ya orada təhsil alan tələbələr bir məkana toplaşıb. Köhnə tanışlar bir birini salamlayır, tanımayanlara da tanışma şansı yaranıb. İyulun 2-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Birləşmiş Ştatların mübadilə proqramlarında qatılanları Bakıdakı iqamətgahında qəbul edib. Qəbul mərasimində FLEX, UGARD və «Fulbright» proqramlarının finalçıları, ABŞ-da təhsil alıb vətənə qayıdan məzunlar və digər qonaqlar iştirak edib.

«HƏR BİRİNİZ ABŞ-IN SƏFİRLƏRİSİNİZ»

Səfir Morningstar da cavanlığında xanımıyla birgə mübadilə proqramlarına qoşulduğunu bildirib:

«Siz inanmazsız ki, düz 51 il öncə mən, 50 il əvvəlsə xanımım belə proqramların məzunu olmuşuq. Mübadilə proqramları önəmlidir, çünki Azərbaycan vətəndaşları Birləşmiş Ştatlara gedir, ora ilə yaxından tanış olur, Amerika vətəndaşları da buraya gəlib Aərbaycanla yaxından tanımaq fürsəti qazanırlar. Sizlər (mübadilə proqramına qatılanları nəzərdə tutur – N.N.) minlərcə müraciətçi arasından seçilmisiniz. Bu o deməkdir ki, Azərbaycanın ən parlaq zəkalı, savadlı, ağıllı təmsilçilərisiniz. Hər biriniz ailənizdə, dostlarınız arasında, öz icmanızda ABŞ-ın səfirlərisiniz. Qeyd edim ki, mübadilə proqramının məzunları ABŞ-la Azərbaycan arasındakı əməkdaşlığın ən önəmli körpüləridir».

Ruslan İsmayılzadə
Ruslan İsmayılzadə
Səfir daha sonra «Fulbright» proqramına qatılan tələbə və təqaüdçülərə, məzunlar üçün Kiçik Qrant proqramının qaliblərinə ABŞ Dövlət Departamentinin sertifikatlarını təqdim etdi.

«DEMOKRATİK BİR XALQIN MƏDƏNİYYƏTİNİ ÖYRƏNDİM»

Sertifikat alan məzunlardan biri – Ruslan İsmayılzadə «Fulbright» təqaüd proqramını 2010-cu ildə qazanıb və Amerikada beynəlxalq münasibətlər üzrə magistr təhsili alaraq vətənə qayıdıb:

«Ən başlıcası, başqa bir xalqın – liberal və demokratik bir xalqın mədəniyyətini öyrəndim. Yiyələndiyim dəyərləri Azərbaycan şəraitində bacardığım qədər tətbiq etməyi də öyrəndim. İnkişaf etmiş, insan dəyərlərinə sayqı göstərən Amerika kimi bir ölkədə təhsil almaq mənə, doğrudan da, böyük təcrübə qazandırdı».

Fəridə Abbasova da mübadilə proqramı ilə 1 il ABŞ-da təhsil alıb. FLEX, yəni Gələcək Liderləri Mübadilə (Future Leaders Exchange Program) proqramının məzunudur. Amerikada əldə etdiyi mənəvi dəyərlərdən ağızdolusu danışır:
Fəridə Abbasova
Fəridə Abbasova
«Yaxşı dostlar qazandım, yeni mədəniyyətlərlə tanış oldum. Amerika mədəniyyəti mənim üçün çox maraqlı idi. Bir çox sahələrdə çalışdım. Əvəzsiz təcrübə əldə etdim. Həmişə Amerikada olmağın xəyalını qururdum. Heç vaxt ağlıma gəlməzdi ki, mən o ştatlarda, o şəhərlərdə olacağam. Proqramı qazanmasaydım, əla dostluqlardan məhrum qalar, gerçək dostluğun nə demək olduğunu anlamazdım. Üstəlik, o insanlarla, o mədəniyyətlə heç vaxt indiki qədər yaxından tanış ola bulməzdim. Özümüzün qazana bilməyəcəyimiz şeyləri öyrətdi bu proqram».

«AZƏRBAYCANCA AZ-MAZ DANIŞA BİLİRƏM»

Görüşdə mübadilə proqramı ilə Amerikadan Azərbaycana gələn iştirakçılar da vardı. John Anderson CLS (Critical Languale Scholarship) proqramı ilə 2 aylığa Azərbaycana gəlib. Təqaüdçülər bu proqramla dünyada böhran durumuna düşən, itməkdə olan dilləri öyrənirlər. John Anderson 2 həftədir ki, buradadır. Deyir, 2 həftə öncə azərbaycanca heç bir kəlmə də bilmirmiş. Bu müddət boyunca çimərliklərdə, Qobustanda olub, xeyli gəzib-dolaşıb. Bir az azərbaycanca da öyrənə bilib:

John Anderson
John Anderson
«Azərbaycanca az-maz danışa bilirəm. Düşünürəm ki, Azərbaycan ABŞ üçün çox vacib ölkələrdəndir. Mənim ölkəmdə Azərbaycan haqqında yetərli bilgi yoxdur. Dostlarıma Azərbaycana gedəcəyimi deyəndə heyrətlənmişdilər. Soruşurdular ki, o hansı ölkədir? Orada hansı dildə danışırlar – rusca, ya ərəbcə? Sovetlər dağılandan sonra Azərbaycan iqtisadi baxımdan irəlilədi. Bunu nəzərə alaraq düşünürəm ki, bir-birimizə köməyimiz, yardımımız çata bilər. Amerikaya qayıdandan sonra həmin dostlarıma Azərbaycan haqqında xeyli bilgi verəcəyəm».

MÜBADİLƏ PROQRAMLARININ 5 MİN MƏZUNU VAR

Tələbələr, məzunlar əylənir, rəqs edirdi. Səfir də onlara qoşulub gənclərlə birgə əylənirdi:

«Özünüz şahid olursunuz ki, iştirakçılar necə coşqulu və həvəslidirlər. Gənclər bu ölkənin gələcəyidir, burada olanlar da bu ölkənin gələcəyidir. Onların sayəsində bu ölkənin inkişafı dayanmayıb, daha da genişlənəcək. Azərbaycanda hər kəs bu gənclərlə qürur duymalıdır».

ABŞ- Azərbaycan mübadilə proqramını 5 mindən çox adam bitirib. Hər il azı 200 tələbə bu proqramla ABŞ-a gedir və 40-50 amerikalı da Azərbaycana gəlir. Mübadilə proqramlarında təbabətdən başqa bütün sahələr var. Azərbaycanlı tələbələr, əsasən, beynəlxalq münasibətlər, dövlət siyasəti, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi ixtisaslarına meyl göstərirlər. Amerikadan Azərbaycana gələn tələbələr dillərin öyrənilməsinə (Critical Languale Scholarship) daha çox maraq göstərirlər.
XS
SM
MD
LG