Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:42

Pamuk yenə “erməni soyqırımı”ndan danışdı


Pamuk Praqa Yazıçılar Festivalında, 19 aprel 2013
Pamuk Praqa Yazıçılar Festivalında, 19 aprel 2013
-

"160 il ərzində roman bütün başqa ədəbi kommunikasiya növlərini marginallaşdırıb. Dramaturgiyanı, poeziyanı. Hər kəs roman yazır. Bu, pis şey deyil. Əksinə yaxşıdır".


2005-ci ildə İsveç qəzetinə verdiyi müsahibədə Türkiyə dövlətinin “1 milyon ermənini, 30 min kürdü öldürdüyünü” deyən yazıçı Orxan Pamuk buna görə məhkəməyə verilmişdi.

Az sonra Pamuk Nobel mükafatı alanda bunu həmin müsahibə ilə əlaqələndirənlər də olmuşdu.

Amma üstündən 8 il keçsə də, Pamuk “erməni soyqırımı” ilə bağlı suallardan ya yayınmağa, ya da onlara ümumi şəkildə cavab verməyə çalışır.

Ötən həftə Praqada keçirilən Yazıçılar Festivalının sonundakı media və oxucularla görüş də istisna olmadı. (Festival ermənilərin 24 aprel – “soyqırım günü” ərəfəsinə təsadüf edib).

Jurnalistin “Bir neçə il əvvəl “ermənilərin qətli” ilə bağlı dediklərinizə görə başınız çox ağrıdı. Əgər bilsəydiniz ki, bu necə bir səs-küy doğuracaq, bu fikirləri deyərdinizmi?” sualına Pamukun cavabı belə oldu:

- Bu, tarixdən daha çox söz azadlığı ilə bağlı məsələdir. Mən məsələ ilə bağlı fikrimi bildirmişdim. Mahiyyəti isə odur ki, bizim keçmiş haqqında sərbəst şəkildə danışmaq imkanımız olmalıdır.

Bundan sonra tərcüməçi cavabın bundan geniş olmayacağını deyərək sual vermək istəyən digər jurnalistə söz verib.

Qeyd edək ki, Pamuk müsahibəsindən fərqli olaraq 1915-ci ilin iddia edilən “erməni soyqırımı”na heç bir əsərində toxunmayıb.

BƏLKƏ GƏLƏCƏK ROMANLARDA?

Görüşdə Pamuka romanları, ədəbiyyat, sənət haqda müxtəlif suallar verilib.

Yazıçı deyib ki, hazırda əlinin altında 7-8 roman üçün qeydlər var.

Jurnalistlər ondan soruşublar ki, Nobel mükafatı onun həyatını, yaradıcılıq vərdişlərini nə dərəcədə dəyişib?

O.Pamuk deyib ki, iş vərdişləri dəyişməyib. Nobel mükafatından sonra iştirak etdiyi beynəlxalq tədbirlərin sayı artıb, amma o həm də çox intizamlı yazardı:

“Bu mükafat məni daha məsuliyyətli edib, çünki indi oxucularım daha çoxdur. Mənim 7-8 roman üçün qeydlərim var. Amma həyat da qısalır. Mən seçim etməliyəm, bunları yazım, yoxsa Praqaya gedib tədbirdə iştirak edim. (Pamukun Praqa Yazıçılar Festivalına qatılması üçün danışıqlar 5 il davam edib – Oxu zalı) Burda olmağıma çox şadam. Amma demək istəyirəm ki, həyat balanslı bir aktdır”.

ROMAN KÜTLƏVİLƏŞİB “ÖLÜRMÜ”?

Bu sual nə qədər təəccüblü görünsə də, Pamuk ona çox ətraflı cavab verib:

“Hər 5 ildən bir Türkiyədən, yaxud hansısa beynəlxalq media orqanının redaktorundan mənə zəng, yaxud e-mail gəlir. Soruşurlar ki, ay cənab Pamuk, deyirlər, roman bir sənət növü kimi ölür. Bu barədə nə düşünürsüz? (Zal buna gülüşlə reaksiya verir – Oxu zalı). Mənim cavabım budur ki, dünyada yazılan romanların sayı olduqca çoxdur və getdikcə də artır. Hamı roman yazır. Mən Kunderanın fikri ilə razıyam ki, roman bir janr olaraq bəşəriyyətin öz təcrübəsini bölüşməsi üçün ən məhsuldar vasitəsidir. Bu çox gözəl sənətdir. Plastikaya, elastikliyə malikdir. Çoxlu sayda insanın roman yazması o demək deyil ki, bu sahə kommersiyalaşıb, yaxud getdikcə ölür. Dünyanın böyük hissəsi düşünür ki, ədəbi kommunikasiyanın ən yaxşı vasitəsi romandır.

Bildiyimiz kimi roman bir sənət növü kimi 1850-ci illərdə yaradılıb – Balzak, Dikkens kimi yazıçıların mənsub olduğu nəsil, daha sonra Tolstoy, Dostoyevski və bir çox başqaları tərəfindən. Əvvəlcə Fransa və İngiltərədə yaradılıb. Bu, Avropa sənət növüdür. Kundera da bunu qeyd edir. Zənginliyi, mürəkkəbliyi onu qlobal sənət növünə çevirib. Post-renessans rəssamlığı kimi. Rəsmdə perspektiv, dərinlik onlar tərəfindən kəşf edilib – yəni əşyaları bir nəfərin baxış bucağından görmək. Bu elə inandırıcı alınırdı ki, belə rəssamlıq tezliklə qlobal sənət növünə çevrildi. Koreyada, yaxud Argentinada, Hindistanda, yaxud Kanadada hər kəs şəkli dərinlik ilə çəkir - Qərb üslubunda, post-renessans üslubunda. Biz hətta bunu sorğu-sual da etmirik ki, niyə? Eyni şey romanla bağlı baş verir.

160 il ərzində roman bütün başqa ədəbi kommunikasiya növlərini marginallaşdırıb. Dramaturgiyanı, poeziyanı. Hər kəs roman yazır. Bu, pis şey deyil. Əksinə yaxşıdır. Mənim Şanxayda naşirim var. Deyir ki, hər gün 100 əlyazma alır. Çində hamı roman vasitəsilə ünsiyyətə girmək istəyir. Bu pis deyil, yaxşıdır. Bu işdə yüksək standartlara can atmalı və öz standartlarımızı yaratmalıyıq. Kunderanın standartları kimi”.


Pamuk xatirələrində vaxtilə onun roman yazmasından anasının heç də məmnun olmadığını yazır. Görüşdə jurnalistlər ondan soruşublar ki, Türkiyədə vəziyyət indi də bu cürdür?

Yazıçı deyib ki, Türkiyə xeyli dəyişib:

“Son on ildə Türkiyədə kitab sənayesi 300 faiz böyüyüb. Vaxt varıydı, mən yazmağa başlayanda, Türkiyədə ilə 40 roman yazılırdı. İndi, rəqəm dəqiq yadımda deyil, deyəsən, 2 min roman yazılır. Bəzi romanlar yaxşı satılır, bəziləri isə ümumiyyətlə satılmır. Amma Türkiyə zənginləşir və yazıçılığa can atanların başqa qazanc mənbələri də var. Artıq onlar yazıçılığa da vaxt ayıra bilirlər. Ölkə zənginləşdikcə daha çox adam roman yazmaq istəyir. Nəşr olunmaq, roman janrı kimi gözəl bir vasitə ilə ünsiyyətdən ləzzət almaq istəyir”.
XS
SM
MD
LG