Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Günel Mövlud. İTV-nin ədəbiyyata iki yanaşması


Günel Mövlud
Günel Mövlud
-

Xalq şairi ağaclardan birinə yaxınlaşır. Vaxtından əvvəl çiçəkləmiş budağı özünə tərəf əyir. Və çiçəklərdən birini ağzına təpişdirib, xalqın çiçəyini basıb yeyir.


Günel Mövlud


İTV-NİN ƏDƏBİYYATA İKİ YANAŞMASI

Həmişə demişəm, yenə də deyirəm: dünyada ən yaşamalı yer AzTV və İctimai Televiziyanın göstərdiyi Azərbaycandır. Bu heç.

Gündəmdə keçmiş xalq yazıçısı Əkrəm Əylislinin başıbəlalı «Daş yuxular» romanı oldğunu nəzərə alaraq, mən bu televiziyaların ədəbiyyata yanaşmasından danışmaq istəyirəm. Daha konkret desəm, məhz İctimai Televiziyanın ədəbiyyata yanaşmasından.

Şəxsən mən ədəbiyyatın İTV variantını iki cür görmüşəm. Bu yazıda daha çox, birinci yanaşma barədə yazacağam.

İTV-də ədəbiyyat haqqında verilişlərin bədii-ekran həlli adətən belə olur: Ev. Pəncərənin o tayında yağış yağır. Pərdəsi kənara çəkilmiş pəncərənin qabağında yazıçılardan ya şairlərdən biri dayanıb, yağan yağışa kədərlə tamaşa edir. Sonra o bir siqaret yandırır. Tüstüsünü ciyərlərinə alıb, xeyli saxladıqdan sonra buraxır. Kamera yavaş-yavaş otağın bir küncündə dayanmış yazı masasına tərəf irəliləyir. Masada xeyli səliqəsiz dəftər-kağız, aralarına əlfəcin qoyulmuş kitablar. Kitabların arasında Kafkanın, Folknerin, Kortasarın əsərləri çoxluq təşkil edir. Masanın düz mərkəzində yarımçıq əlyazma olur. Yəni ki, şair yağan yağışdan təsirlənib yazdığı şeiri yarımçıq qoyaraq, pəncərənin qarşısına keçib, şairanə və müdrik xəyallara dalıb.

İkinci kadr. Gül-çiçəklə, ağaclarla dolu bağça. Yazdır, güllər təzəcə qönçələyib, ağaclar təzəcə pöhrələyib. Xalq şairi qəlyan çəkə-çəkə ağacların, kolların arasında gəzişir. Bu görüntü həzin, həlim bir qadın səsi ilə ifa olunan kədərli şeirlə müşaiyət olunur. Xalq şairi ağaclardan birinə yaxınlaşır. Vaxtından əvvəl çiçəkləmiş budağı özünə tərəf əyir. Və çiçəklərdən birini ağzına təpişdirib, xalqın çiçəyini basıb yeyir.

Son kadr sizə şişirtmə kimi gələ bilər, amma mən ötən ay İctimai Televiziyanın qonağı olan Məmməd Aslanla xanım aparıcı arasında belə bir dialoq eşitdim.

Aparıcı:
- Məmməd müəllim, eşitdiyimə görə çiçəkləri çox sevirsiniz.
Məmməd A.:
- Bəli, qızım, mən yaman çiçəkpərəstəm.
Aparıcı:
- Eşitdiymə görə, siz çiçəkləri o qədər sevirsiniz ki, hətta onları yeyirsiniz də?
Məmməd A.:
- Düzdü, mən bəzən bir qom bənövşəni bağrıma basıb, əzizləyirəm, qoxusunu ciyərlərimə çəkirəm, sonra o bənövşələr ətrini itirməyə başlayanda, soluxşayanda, onları yeyirəm ki, ətrini içimdə hiss edim...


Ümumiyyətlə, İctimai televiziyanın sevimli fetişi flora və faunadı. Xrom çəkməli aşıqlar yamyaşıl dağların fonunda sazı boynunun dalına basır, muğam üçlükləri şırıl-şırıl axan çayın kənarında özlərini həlak edir, milli rəqs paltarları kirlənmiş rəqs ansamblı çəmənlikdə atlanıb-düşür, şairlər ağacların, kolların dibində öz kədərli şeirləri ilə dünyanın faniliyini tərənnüm edir və s.

Bu kadrlara baxanda adam fikirləşir ki, bu kanal gündəmdən, söhbətlərdən, proseslərdən nə qədər uzaqdır, kanalın işçiləri nə qədər zahid, tərki-dünya həyatı yaşayır, onların üçdə alacaqları, beşdə verəcəkləri yoxdur.

Amma günlərin birində görürsən ki, Anar Yusifoğlu ölkənin ən bərkgedən vətənşüvənlərini solunda, 75 yaşlı Əkrəm Əylislini də sağında otuzdurub, solundakıları sağdakının üstünə qaldırmaqla məşğuldu. Özü də masanı əsl məhkəmə prosesi tərzində qurub: başda hakim, solda ittihamçılar, sağda da yazıçı və onun gücü heç nəyə çatmayan vəkili...

Bu vaxt başa düşürsən ki, aman tanrım, biz nə qədər sadəlövhmüşük, bunlar gündəmi də izləyir, prosesləri də bilir, lazım gələndə adamı tutub, məhşər ayağına da çəkirlər.

İTV-dəki Əkrəm Əylisli debatı


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG