Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Günel Mövlud. Xəbərsizləşdirmə televiziyaları


Günel Mövlud
Günel Mövlud
-

Bütün bu həngamələr baş verən zaman kanallar nə göstərir? ATV-də hansısa yemək proqramında hansısa silikonlu müğənni küftə-bozbaşın tarixi inkişaf mərhələləri barədə danışır...


Günel Mövlud

XƏBƏRSİZLƏŞDİRMƏ TELEVİZİYALARI

Bu yanvar yaman başladı.

Dədə-babadan görmüşük ki, ilan qışda dilini və qalan yerlərini yuvasına soxub yazı gözləyər. Havalar qızışar-qızışmaz başlayar öz ilanlığına, yəni sancmağına.

Amma xalqın canını boğazına nətəhər yığmışdılarsa, 2013 adlı ilan elə qışın oğlan çağında başladı. Belə olur da, ilan olanda nə olar, ilan da başa düşür ki, daha belə olmaz. Bu harınlığa, qanunsuzluğa, korrupsiyaya, özbaşınalığa, cəzasızlığa bir son vermək lazımdır.

Bəli, etiraz aksiyaları, xalq dirçəlişi ilə başlayan və davam edən yanvar ayı tərəfsiz yazılı və internet mətbuatında işıqlandısa da, yerli televiziyalar öz xəbərsizləşdirmə ənənələrinə sadiq qaldılar. Yazıqlar bu oyanışı, etirazları, hakimiyyətin xoşuna gəlməyən, onun görmək istəmədiyi xəbərləri gizləmək üçün əllərindən gələni edirlər.

Təsəvvür edin ki, minlərlə insan şəhərin mərkəzində etiraz aksiyası keçirir, etirazçılar özünü yeyib-tökür. Hollivud filmlərində hər seriyada bəşəriyyəti xilas edən Terminator kimi geyinib, yaraqlanıb-yasaqlanmış zirehli polis südəmər-südəmər uşaqları tutub, bölmələrə aparır. Orduda öldürülmüş əsgərin anası bəyanatı bəyanat dalınca verir. İsmayıllıda insanlar icra başçısınını mülkünü yandırır. Hüquq müdafiəçiləri, müstəqil jurnalistlər, sadə xalq özünə əl qatıb ədalətin bəqərar olunmasını tələb edir.

Bütün bu həngamələr baş verən zaman kanallar nə göstərir?

ATV-də hansısa yemək proqramında hansısa silikonlu müğənni küftə-bozbaşın tarixi inkişaf mərhələləri barədə danışır amma küftə-bozbaşı kanalın «ştatnı» aşpazı bişirir.

Xəzər TV-də dıqqılı-dıqqılı şən Hindu balalarının vəhşi təbiət qoynunda keçən ekzotik həyatlarını əks etdirən cizgi filmi göstərirlər.

AzTV-də fonda yaşıl yarpaqları tir-tir əsən ağacların fonunda, gül-çiçək kolları arasında mərhum Şövkət Ələkbərova qollarını yana açıb, ülvi sevgilərdən oxuyur.

Ümumiyətlə, fikir vermişəm, ölkədə vəziyyət nə qədər gərgin, çaxnaşmalı olursa, həmin günlər yerli televziyada insana rahatlıq, sakitlik, türklər demişkən «huzur» verən təbiət mənzərələri, dinc həyatı əsk etdirən filmlər, tamaşalar, ailə intriqaları ilə dolu seriallar yayımlanır. Bu hal istisnasız olaraq bütün tezliklərdə yayınlanan TV-lərdə təkrar olunur.

Onları az da olsa, anlayırıq. Onlar hadisə baş verən anda orada deyillər. ANS isə hadisə baş verən anda mütləq orda olur, çəkir, amma efirə vermir. Ən ziyansız, dinc kadrları verəndə də hadisənin mahiyyətini, baş vermə səbəblərini, nəticəsini elə qəlizləşdirirlər ki, nə olayın mahiyyətinə varmaq olur, nə də günahın kimdə olmasını anlamaq. Bu kanal olayları interpritasiya etmək işində ixtisaslaşıb. Bu mənada ANS-in kreativliyinə sözüm yoxdur. Bu kanalın əməkdaşları ağıllı sifət ifadəsilə hadisələri olduqca dərindən, olduqca qəliz təhlil edirlər. Amma Zaxarovun «Həmin o Münhauzen» filminin qəhrəmanının dediyi kimi: üzdəki müdrik ifadə, hələ müdrikliyin göstəricisi deyil, cənablar. Dünyada bütün səfehliklər məhz bu müdrik ifadə ilə müşaiyət olunur. Amma ən maraqlısı bilirsiz, nədir? Təsəvvür edək ki, sabah hakimiyyət dəyişir, ölkədə demokratik qüvvələr hakimiyyətə gəlir. ANS onda nə edəcək?

\
\
Mən belə görürəm; ANS özünü keçmiş rejim zamanında dissident olan kanal elan edəcək. Mənim uşaqlığımın qəhrəman jurnalisti Mir Şahin bu gün çəkilib, efirə verilməyən kadrları özünün müəllif verilişində istifadə edəcək. Müəllif verilişinin adı təxminən «Çəkdiklərimiz» olacaq. Və hər verilişə təxminən belə başlayacaq: "ANS-in iti gözü həmin günlərdə müşahidəci idi. Bəli, biz hər şeyi görürdük. Necə ki, Xocalıda, necə ki, Laçında, Şuşada görürdük. Görürdük və çəkirdik. Çəkirdik amma efirə verə bilmirdik. Biz vermək istəyirdik, amma bizə imkan vermirdilər. Buna baxmayaraq, biz bir gün vermək ümidi ilə çəkirdik....".

ANS tərəfsiz görünməyə cəhd edir, efirdəki insanları, qabartdığı hadisələri birtəhər balanslaşdırmağa çalışır, necə deyərlər, imam üçün ağlayanda, bir az da yezid üçün ağlayırmış kimi görünməyə can atır. Burda çox yaxşı bir nüans var: bu kanal ictimai qınaqdan az da olsa çəkinir, onu hiss edir, ona tuş gəlməməyə çalışır.

Məsələn, Lider TV-nin isə hadisələrə yanaşması daha birbaşadır. Onun xəbərsizləşdirmə ya da xəbəri təhrif etmə vasitələri daha ucuz, bəzən isə daha zəhərlidir. Onun ictimai qınaqdan çəkinməyi yoxdur, ictimai qınaq onun vecinə deyil. O istədiyi vaxt ümumiyyətlə, gündəmi iqnor edir, ya da sifariş daxil olanda, etiraz edən insanları yenə də sifarişdən asılı olaraq, Rusiya, Ermənistan, İran, ya da "radikal müxalifət”ə bağlayır. Bu kanalın ölkədə baş verənlərə öz münasibəti var. Bu münasibətin nədən ibarət olduğu isə heç kimə sirr deyil.

Beləliklə qəbul etməli oluruq ki, TV-lər mahiyyətcə təkcə propoqanda funksiyasına malikdirlər. Bu, o deməkdir ki, televiziyada gedən ucuz şoular da, insanların şəxsi həyatına müdaxilə də yuxarıdan göstərişlə yayımlanır. İcazəylə yox - məhz göstərişlə.

Amma unutmaq lazım deyil ki, insanlar üçün informasiya mənbəyi funksiyasını itirmiş TV-lər hakimiyyətlə lazım olan zaman, xalqı sakitləşdirmək məqsədinin də öhdəsindən gələ bilməyəcəklər. Prezident sabah çıxıb xalqa müraciət eləyəndə, yaxşı halda evlərdə televizorlar sönmüş olacaq, pis halda isə ekrana ayaqqabılar tolazlanacaq.

Onsuz da, «Çeşmə» qəzetinin leksikonu ilə desək, «arvadinform» hələ də funksional və mütəhərrikdi. Məlumatın ağızdan-ağıza gəzməsinin xüsusiyyələrindən biri də, hər yeni informasiya ötürücüsünün həmin məlumata daha tünd rənglər qatmasıdır.

Məsələn, TV sənin 70 milyonluq villanı gizlədirsə, «arvadinform»un xəbər xidməti sayəsində o villanın dəyəri 700 milyon kimi göstərilə bilər. Ya da, Quba qiyamçılarının hansı cəzaları aldığından xəbərsiz olan İsmayıllı camaatı üsyana qalxa bilər.

İlahi, görəsən, bizdən başqa elə ölkə varmı ki, onun da televiziyalarının göstərdikləri yox, göstərmədikləri maraqlı, aktual, vacib olsun?


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG