Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Günel Mövlud. Bir əzabın tarixçəsi


Günel Mövlud. "İntihar" silsiləsindən şeirlər
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Günel Mövlud. "İntihar" silsiləsindən şeirlər

-

Otuz yaşında intihar eləyən Sergey Yesenini ağrısını ildən-ilə daha dərindən anlayıram. İldən-ilə onun intiharının nə qədər düzgün addım olduğunu anlayıram.


Günel Mövlud


BİR ƏZABIN TARİXÇƏSİ

Adını dilimə gətirməkdən iyrəndiyim bir müasir şair var. Bütün hərəkətləri, çıxışları, davranışı, özündən cavanlara, istedadlı olduğunu bildiyi adamlara münasibəti ədəbiyyat, poeziya adına ləkə, utancdı.

Sayt, qəzet baş redaktorlarına yalvarıb, yaltaqlanıb, tapşırtdırıb müsahibələrini dərc elətdirir, şou-biznes verilişlərinə çıxıb, istənilən düşük müğənnidən betər yüngüllük, şitlik eləyir. Universitet rektorlarına, biznesmenlərə məktub yazıb, xəstə olduğunu deyir, pul istəyir.

Durmadan təqaüdlər, mükafatlar, ənam arzusunda, növbəsində, marığındadır. Bu şairin rəzilliyi elə həddədir ki, onun əlindən AYB də, AYO da bezardır.

Bir neçə ildir ki, oğlu da ədəbiyyata atılıb. Oğlunu tanıtmaq, təsdiq elətdirmək, ədəbi çevrələrə çıxartmaq üçün əlindən gələni eləyir. Bir idilər, indi iki olublar. Oğul atasını
Sergey Yesenin
Sergey Yesenin
istedadsızlıqda, məkrdə, ucuzluqda ləyaqətlə təmsil eləyir.

Bir neçə il əvvəl, o şair oğlunu canfəşanlıqla ora-bura soxuşdurmağa çalışanda yazar dostlarımdan biri təəccüblənmişdi. Bu adamın niyə belə dəhşətli dərəcədə dəridən-qabıqdan çıxdığını soruşmuşdu.

Onda demişdim ki, o şair şairliyin, ədəbiyyatın ancaq səfasını çəkib. Çörəyini yeyib, kurortunda yatıb, evini, təqaüdünü alıb. Buna görə də, oğlunun da ədəbiyyata baş qoşacağı halda, bunları əldə edəcəyini düşünür.

Amma o adam ədəbiyyatın, poeziyanın, şairliyin ağrı tərəfini bircə dəfə dadsaydı, şairliyin iztirabını yaşasaydı, onda gözünə gülləni sıxsan da, oğlunun bu ağrını, iztirabı yaşamağını istəməzdi.

Poeziya, şairlik adına ləkə olan, ədəbiyyatın ancaq səfasını sürən adamdan danışandan sonra, şairliyin ağrısını, iztirabını yaşayan çox, çox işıqlı bir şair barədə danışmaq istəyirəm. Dünən 117 yaşı tamam olan Sergey Yesenin.

Yesenin rus poeziyasında barəsində ən çox danışılan, ziddiyyətli fikirlər deyilən, kitab yazılan, film çəkilən şairlərindən biridir. Şeirlərinə mahnılar bəstələnib, müxtəlif dillərə tərcümə olunub. Yesenin barədə dəfələrlə «rus poeziyasının ən işıqlı şairi» ifadəsi işlədilib.

O Sankt-Peterburqda, oteldə özünü asanda otuz yaşı vardı. Yesenin bu otuz yaşa onlarla sevgi, yüzlərlə şeir, bir roman, pyeslər, hekayələr, bir neçə evlilik, dörd uşaq, xarici səfərlər sığışdırmışdı.

Ən əsası, bu otuz yaşda onun şair kimi ağrıya bilmək bacarığı vardı. Yesenin rus poeziyasında şair iztirabının nə olduğunu bəlkə də hamıdan yaxşı bilən şairdi. Yeseninin hətta sovetyana şux, fərəhli şeirlərində əzab var. O sarışın, qıvrımtelli rus gənci dünyaya göstərdi ki, şairə şeirlərinin gözəlliyinə görə yox, şairin ağrıya bilmək bacarığına görə dəyər vermək, əzablarına görə sevmək lazımdı.

O əzab Yesenini sevdiklərinə əzab verməyə məcbur eləyirdi. O əzab Yesenini bütün qadınlarda bu əzabdan xilas olmağın yolunu axtarmağa məcbur eləyirdi. O əzab onu özündən iyirmi yaş böyük, dilini bilmədiyi rəqqasəyə bağlanmağa məcbur eləyirdi.
Yesenin bilirdi ki, belə parlaq, belə böyük, belə əvəzsiz istedad şairə elə-belə verilmir. O bilirdi ki, bu boyda istedadın, otuz yaşda belə şeirlər yazmağın bədəli yüngül ola bilməz. Onun ağrısı ilə istedadı həmişə qol-qola, nəfəs-nəfəsə gəzirdi. Ta bir gün bu istedad o ağrını yanında gəzdirməkdən yorulana qədər.

Otuz yaşında intihar eləyən Sergey Yesenini ağrısını ildən-ilə daha dərindən anlayıram. İldən-ilə onun intiharının nə qədər düzgün addım olduğunu anlayıram. Çünki bilirəm, o anlamışdı ki, şairin o sevgilərdən, o şeirlərdən sonra «sonra»sı yoxdu. Yəni ondan sonra həyatın deyil, ağrının davamı olacaqdı. Vərəqlərə tökdüyü göz yaşı yazdığı sözlərdən çox olacaqdı. Ondan sonra mürəkkəbi göz yaşı, qanı olacaqdı. Həyatının çoxu yox, hər dəqiqəsi, hər anı ağrıdan, iztirabdan ibarət olacaqdı.

İntihar etmiş Sergey Yesenin..
İntihar etmiş Sergey Yesenin..
Bunları düşünəndə, intihar xilas deyilmi?

Dünən mənim sevimli şairimin doğum günü idi. O otel otağında özünü asanda otuz yaşı vardı.

O bu otuz ildə şeirini yazmış, sevgilərini yaşamış, dünyaya dörd övlad gətirmiş, rus poeziyasının ən işıqlı şairi adını qazanmış, nəhayət, intiharını da eləmişdi.

Mənim otuz bir yaşım var.

Yazının sonunda otuz yaşım tamam olanda yazdığım bir şeiri paylaşmaq istəyirəm.

İndi mənim başıma
Od ələnən yaşımdı
Söykənib bir divara
Güllələnən yaşımdı

Sərxoş oyanmalıyam
Özgə yataqlarında
Özümü asmalıyam
Otel otaqlarında

Bir sevgili unudub
Dost itirən yaşdayam
Gecə küçədən evə
İt gətirən yaşdayam

Mənsə hər səhər evdən
Yorğun, əzik çıxıram
Ayaqqabım narahat
Əynim nazik çıxıram

Boğazımı göynədən
Qəhər yox, soyuq olur
İt yerinə əlimdə
Bir buzlu toyuq olur.



lent.az
XS
SM
MD
LG