Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:33

Kommunal xidmətlərdən istifadə zamani inzibati xətalar və onlarin cərimələri


-


"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.
Məcəlləni tam şəkildə buradan endir.

Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.



Maddə 116. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması

116.0. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni:

116.0.1. qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi xətlərində və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə;

116.0.2. qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına;

116.0.3. qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət energetika və qaz ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, həmçinin yanlış ekspert rəyinin verilməsinə;

116.0.4. dövlət energetika və qaz ekspertizasının rəyi olmadan, müvafiq standartların tələblərinə cavab verməyən qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və ya satışına;

116.0.5. müəssisələrin, qaz, elektrik və ya istilik təsərrüfatlarının, şəbəkələrinin, qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin) və başqa obyektlərinin layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaydaların və normaların və ya qaza və enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına;

116.0.6. qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına;

116.0.7. qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə —

fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 116-1. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi
Enerji təchizatı müəssisəsinin və qaz paylayıcısının səlahiyyətli şəxsinin qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə —

fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir.

Maddə 117. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulması

117.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə —
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.

117.2. Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulmasına görə –

fiziki şəxslər on beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir

Maddə 118. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması

Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına və ya onlardan istifadə qaydalarının pozulmasına görə —

fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu maddədə «az miqdarda» dedikdə min manatadək olan məbləğ başa düşülür
XS
SM
MD
LG