Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:17

Cəlil Cavanşir: “Etiraf edim ki, romanı təkrar işləməliyəm”


Cavid Zeynallı və Cəlil Cavanşir
Cavid Zeynallı və Cəlil Cavanşir
-

“Məktəbli inşasına oxşayan roman” ifadəsi əslində İradə xanımın qisasçılıq hissindən doğur.

Elnarə Tofiqqızına tənqidçi kimi böyük hörmətim var. Amma o yanlış düşünür ki, Cəlilin sufizmdən xəbəri yoxdur.

Elnarə Akimovanın bu iradından sonra əsərə bir də baxdım və razılaşdım.

Seyfəddin bəyin məsələyə ironik yanaşmağı məni xeyli güldürdü.



Gənc yazar Cəlil Cavanşir onun “İtirilmiş əlyazma” romanı ("Qanun" nəşr.) haqda “Oxu zalı”nda yer almış sərt tənqidlərə münasibət bildirir.


- Romanın müzakirəyə çıxarılması məni sevindirdi. Yazıçı romanından nə gözləyirsə, mən onun hamısını aldım. Pul qazandım, bir çox yazıçıların arzuldığı “Ən yeni ədəbiyyat” seriyasında çap olundum, hazırda əsər Türk dilinə tərcümə olunur, kitab haqqında on beşdən artıq yazı yazıldı və s. Qaldı ki, konkret tənqidçilərin rəyinə, mənə daha xoş gələn Elnarə Akimovanın yazısı oldu. Elnarə xanım romanı geniş təhlil etmişdi, mətnə istehza ilə yanaşmamışdı. Elnarə Tofiqqızının, İradə Musayevanın yazısında mənim müəyyən qədər razılaşdığım məqamlar var idi.

- Tənqidçilər sənin romanına birmənalı tənqidi yanaşdılar. Bunu səbəbi nədir?

- Vallah, mən düşünmürdüm ki, tənqidçilər roman haqqında tərifli yazılar yaza bilərlər. Bu özünə inamsızlıqdan irəli gələn məsələ deyil. Açığı, öz mətnimdən də tam razı deyiləm. Ona görə də bilirdim ki, mənim tam razı olmadığım mətndən peşəkar tənqidçilər razı qala bilməzlər. Nə yaxşı ki, bizim tənqidçilərin “İtirilmiş əlyazma”nın üzərində bütün enerjiləri ilə tənqid etmək imkanı oldu. Bu cür əsərlər hər vaxt ələ düşmür ki... Cəlil ədəbiyyatda ən neytral isimlərdən biridir. Yəni arxa-dayağı olmayan adamam. Kimsə fikirləşmir ki, Cəlili tənqid edib filan yerdə çap olunmaqdan, hansısa iltifatdan məhrum ola bilərəm. Şans yarandı ki, geninə-boluna tənqid etsinlər. Hətta yazıların birində qisasçılıq hissləri sezdim.

- Kimin yazısında?

- Mən vaxtilə İradə Musayevanı tənqid etmişdim. “Məktəbli inşasına oxşayan roman” ifadəsi əslində bu qisas hissindən doğur. İradə Musayeva hər halda bu cür romanlar oxuyub: sadə, üslub oyunlarından uzaq əsərlər...

- Deyirsən, tənqid etmək üçün bu cür əsərlər hər vaxt ələ düşmür. Öz mətnindən razı deyildinsə, niyə üzə çıxardın?

- Bilirsən, hər kitabın bir taleyi olur. “İtirilmiş əlyazma”nı bitirəndən sonra Pərvizə, Rafiq Tağıya, Elnaz Eyvazlıya göndərdim. Romanın adını da Rafiq Tağı seçdi. Bu romanı mən dayımın ailəsinə həsr etmişdim və dayımın qızı həmin ərəfədə rəhmətə getdiyi üçün kitabın çapını gecikdirmək istəmədim. Əlbəttə, çox şeyi dəyişə bilərdim, yenidən işləyə bilərdim. Amma hər halda, roman özü özünə bir yol açdı, müzakirə olundu, satıldı, dartışıldı.

- Elnarə Akimova yazır: “Bu mövzuya girişirsənsə, ilk növbədə həmin təsvir predmetinə çevirdiyin dövrü dərin araşdırmalısan... “İtirilmiş əlyazma” romanı yalnız tarixdən təsirlənən nəsr effekti doğurur…”

- Mən bu dövrü kifayət qədər yaxşı araşdırmışam. Sara Aşurbəylinin, Seyid Yəhya Bakuvinin və başqalarının əsərlərini kifayət qədər dərindən öyrənmişəm. Mən daha böyük, həcmli əsər yazsaydım, daha geniş mənbələri araşdırardım.

- Elnarə xanım daha sonra yazır ki, “sonluğa doğru təsvir edilən hadisələr bir-birinə bənzəyir, müəllifin eyni lad üzərinə köklənməsi əsərdə yeknəsəqlik yaradır, onun mənasız yerə uzadıldığı təəssüratı doğurur, romandakı ölçü hissi itir”. Eyni lad üzərində köklənmə - yəni nə?

"İtirilmiş əlyazma"
"İtirilmiş əlyazma"
- Hə, bu fikirlə razıyam. Ona görə razıyam ki, romanın son bir neçə fəsli cəmi bir günə yazılıb və üzərində işləməmişəm. Elnarə xanımın bu iradından sonra əsərə bir də baxdım və razılaşdım. Doğrudan da, eyni lad üzərində köklənmək problemi var. Ümumiyyətlə, etiraf edim ki, romanı təkrar işləməliyəm. O ki qaldı mənasız yerə uzadıldığı məsələsinə, bununla qəti razı deyiləm. Həcm artırmaq məqsədim olsaydı, yazı təcrübəm var, oturub uzadardım. Ümumiyyətlə, mən dostlara da deyirəm: qısa roman yazmaq lazımdır. Kitabı ələ alanda adama rahat gəlir, oxucunu yormur.

- “Azərbaycan tarixi ilə bağlı məktəbli inşası pafosu ilə yazılan “İtirilmiş əlyazma”da türkçülük, islamçılıq, dövlətçilik, millətçilik, sufilik, hürufilik məlum ədəbi ənənələri təqlid və təkrar səviyyəsində işıqlandırılır”. Bu, İradə Musayevanın yazısındadır...

- Türkçülüklə bağlı heç bir təkrarçılıq yoxdur. Bu, sadəcə müəllifin baxışıdır. Seçdiyim adların türk adları olması təkrar ola bilməz, bunu özəl olaraq seçmişəm. Millətçilik fikirləri necə dəyişə bilər? Millətini ya sevirsən, ya da sevmirsən. İslamçılıq məsələsinə gəldikdə isə, İradə xanımdan fərqli olaraq, mənim İslam təhsilim var. Mənim əsərimdə Hürufiliklə bağlı epizodlar var. Xüsusən, məktəbli inşası məsələsi ilə heç razı deyiləm. Bir tənqidçinin bu cür düşünməsi, yazması yolverilməzdir. Mətnin asan oxunması, cümlələrin sadəliyi o demək deyil ki, bu məktəbli inşası səviyyəsindədir. Hərdən adam fikirləşir ki, bir absurd mətn yazıb tənqidçilərin əlinə verəsən, çaş-baş qalalar ki, bu nədir? Sadə yazırsan olursan məktəbli inşası müəllifi, qəliz yazırsan adama fəlsəfəçi deyirlər, sözlə oynayan damğası vururlar. Amma bu fikrə görə mənim incikliyim, küskünlüyüm yoxdur. Deyib, çox sağ olsun! İradə xanım hazır olsun, məktəbli inşalarından bir neçəsini də yazacağıq, o da müəllimə kimi oxuyub qiymət verər. Mən arzu edirəm ki, İradə xanım müasir ədəbiyyatla bir az tanış olsun. Sovet ədəbiyyatından çıxmaq lazımdır.

- İradə xanımın yazısında bir məqam da var: yəqin ki, müəllif bu günki Azərbaycan insanının içində gəzdirdiyi aşağılıq kompleksini silmək, aradan götürmək üçün bu qədər həyəcanla, demək olar ki, hər səhifədə “şanlı-şöhrətli, qüdrətli, əzəmətli ana vətən - Azərbaycan” təbliğatını aparır. Sənin nəzərincə, Azərbaycan insanı içində aşığılıq kompleksi daşıyırmı?

- Bu cümlə məni tutmuşdu. Əvvəla, vətənpərvərlik təbliğatını əndazəsində aparmaq məqbuldur. Roman tarixi romandırsa, şübhəsiz, vətənpərvərlik olmalıdır. Amma mən
Cəlil Cavanşir və Seyfəddin Hüseynli (sağda) "Pen klub"da
Cəlil Cavanşir və Seyfəddin Hüseynli (sağda) "Pen klub"da
bunu məqsədli şəkildə etməmişəm. Biz aciz millət deyilik, tarixən döyüşkən millət olmuşuq, tariximiz şanlı tarixdir. Ona görə də heç kim içində aşığılıq kompleksini gəzdirməməlidir. Xalq olaraq silkələnib o aşığılıq kompleksindən çıxmaq lazımdır. Alt şüurda o qəzəb ki var, millətin özünü məzlum göstərməsində, yəqin, o, yazıya da sirayət edir. İradə xanım daha sonra yazır, oxucu baba nəsihəti eşidir. Bunun nəyi pisdir? Ədəbiyyatın funksiyası nəsihət vermək deyil, bunu qəbul edirəm, amma babasının nəvəsinə verdiyi nəsihət oxucuya ünvanlanan nəsihət deyil. Ümumiyyətlə, mən bu kitabı geniş oxucu auditoriyasına təqdim etsəm də, ümid edirəm, bu kitab yeniyetmələr və erkən gənclik üçün daha maraqlı olacaq.

- Elnarə Tofiqqızının yazısı haqqında nə düşünürsən? Onun tənqidləri də çətin həzm olunandır?

- Elnarə Tofiqqızına tənqidçi kimi böyük hörmətim var. Amma o yanlış düşünür ki, Cəlilin sufizmdən xəbəri yoxdur. Bizim də dizimizi yerə qoyub kitab oxuyan vaxtımız olub. Elnarə xanımın yazdığından belə çıxır ki, Cəlilin yazdığı tarixdən xəbəri yoxdur, amma mən mövzumu bilirəm. Tarixi nəyə görə olduğu kimi yazmalıyam?

- Elnarə xanım yazır ki, zamandan-zamana adlayarkən dil, üslub, təhkiyə dəyişmir.

- Səhv qənaətdir. Mən romanın əlyazmasını redaktorlara verəndə, bu məsələyə diqqət yetirməyi xahiş etmişdim. Əzizə Cəfərzadənin, Əlisa Nicatın, Aqil Abbasın, Mustafa Çəmənlinin tarixi romanlarını oxuyanda bu məsələyə xüsusi diqqət yetirmişəm və o dövrün danışıq tərzini öyrənmişəm. Romanı yazmağa başlayanda 25-26 kitab oxumuşdum. Həm dil, həm tarixilik, həm sufizm baxımından xeyli şey öyrənmişəm.

Seyfəddin Hüseynli “Kimsədən qalma dala, tez bir roman qarala”deyir…

- Seyfəddin Hüseynli yazını məcbur olub yazmışdı. Sadəcə, uzun müddətdir “Oxu zali” ilə əməkdaşlıq edir, bütün roman müzakirələrində iştirak edib, ona görə də boyun qaçıra bilməmişdi. “Pen Klub” verilişindəki çıxışından da başa düşdüm ki, mənim romanımdan narazıdır. Mən onun iradları ilə razılaşmadım. Amma kaş, yazını yazmazdı, özünü məcbur etməzdi. Biz faniyik, yazı qalacaq. Seyfəddin bizim əzizimizdir, dostumuzdur, ancaq yenə deyirəm, əgər yazmaq içindən gəlmirdisə, hesab edirdisə roman çox zəifdir, onun enəcəyi səviyyə deyil, gərək yazmazdı.

Seyfəddin Hüseynlinin tənqidçi kimi götürdüyü yol və üslub mənim xoşuma gəlir. O yazı yamayıb, sadəcə, digər tənqidçilərin yazılarında hissələr götürüb, vəssalam. Bu, mənə də tanışdır, yazmaq istəməyəndə mən də belə edirəm. Məsələyə ironik yanaşmağı məni xeyli güldürdü. O ironiya mənə yox, mətnə idi. Mətnlə mənim əlaqəm isə çoxdan kəsilib. Demirəm, mətnin arxasından qaçıram, sadəcə Seyfəddin o ironiyanı mənə edə bilməz. Çünki biz bir-birimizin bazasını yaxşı bilirik. Yazır ki, müasir tarixi-bioqrafik, dini-siyasi məzmunlu roman yazmaq yükü!.. Buna çiyin neyləsin, buna kürəkmi dayanar?! Vallah, dayanar!
XS
SM
MD
LG