Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:24

"Roman bumu var, amma romanın özü yoxdur" (Debat)


Cəlil Cavanşir və Seyfəddin Hüseynli
Cəlil Cavanşir və Seyfəddin Hüseynli
-

Cəlil Cavanşir: "Mən “İtirilmiş əlyazma”nı yazmağa peşman deyiləm. Mən onun tənqid olunacağını bilirdim. Ancaq təcrübə necə qazanılır ki?"

Seyfəddin Hüseynli: "Bəyəm biz nudist cəmiyyətdə yaşayırıq?"


YAŞAR: "Roman bumu var, amma romanın özü yoxdur"

Seymur Baycan: "Əkrəm Əylisli o qədər əsər yazıb, onlardan ikisi-üçü yadda qalıb".


Azərbaycandakı roman bumu ilə bağlı çətin sual: Hər yerindən duran roman yazır? Yoxsa bunun özü sovetsayağı qınaqdır?

“Pen klub” proqramında bu sual ətrafında debata yazıçılar Yaşar, Seymur Baycan, "İtirilmiş əlyazma" romanı "Oxu zalı"nda keçirilmiş müzakirədə sərt tənqid edilmiş Cəlil Cavanşir və həmin sərt yazılardan birinin müəllifi Seyfəddin Hüseynli qatıldılar.

Proqramı dinlə


“HƏR YERİNDƏN DURAN ROMAN YAZA BİLMƏZ”

Cəlil Cavanşir:

- Hər yerindən duran, təbii ki, roman yazmalı deyil. Ədəbiyyat haqda bilgiləri, istedadı, yanğısı olanların işidir roman yazmaq. Ancaq son vaxtlar təəssüf ki, vəziyyət başqa cürdür. Mən bunu faciə kimi qiymətləndirmirəm. Təxminən bir-iki ilə bir neçə roman yazandan, yaxud bir romanda uğursuzluğunu dərk edəndən sonra yazıçıların, yazıçılıq iddiasında olanların çoxu kənara çəkiləcək.

Şahnaz Bəylərqızı:

- Siz necə, yazmağa davam edəcəksizmi? “İtirilmiş əlyazma” romanı sərt tənqid olundu.

Cəlil C:

- Əlbəttə davam edəcəyəm. İndi üzərində işlədiyim roman var. Tənqid olmasa, inkişaf olmaz. Mən “İtirilmiş əlyazma”nı yazmağa peşman deyiləm. Mən onun tənqid olunacağını bilirdim. Ancaq təcrübə necə qazanılır ki?..

Seyfəddin Hüseynli:

- Hər yerindən duran roman yaza bilməz. Roman yazmaq deməyə sözü olan, fikir anlatmaq istəyənin cəhdidir. Söhbət ondan gedir ki, müəllif nə dərəcədə roman yazmağa hazırlıqlıdır. Məncə, müəllif təvazökar olmalıdır, sual etməlidir ki, bir neçə hekayə yazandan sonra özümü roman yazmaqda sınamalıyammı?.. Tənqidçiyə elə əsər gəlməlidir ki, onun janr xüsusiyyətindən, ustalığından, mövzusundan, ideyasından yazsın. Yoxsa tənqidçi romanı cümlə-cümlə təhlil edib, tarixi faktların təhrifi-filanla bağlı münasibət bildirməməlidir. Roman artıq çap olunanda yetkin məhsul olmalıdır. Təəssüf ki əksər hallarda elə mətnlər nəşriyyatdan keçir, müzakirəyə çıxır ki, yazan adamın “hər yerindən duran” olması qənaəti formalaşır.

“ƏKRƏM ƏYLİSLİ O QƏDƏR ƏSƏR YAZIB, ONLARDAN İKİSİ-ÜÇÜ QALIB”

Seymur Baycan:

Seymur Baycan
Seymur Baycan
- Roman bumundan danışanların çoxu sonradan özü yazmağa başladı. Onlardan biri də olsun Şərif Ağayar. Əlbəttə yazmaq lazımdır. Pis işlə məşğul olmurlar. Kimin romanı yaxşıdır, o qalacaq, kimin romanı zəifdir, unudulacaq. Üç-dörd ilə bu məsələyə aydınlıq gələcək. Həmişə müasirlərə qarşı münasibət aqressiv olur. Bəyəm Azərbaycan ədəbiyyatında yazılanlar həmişə yaddaqalan olub? O qədər əsərlər yazılıb. Əkrəm Əylisli o qədər əsər yazıb, onlardan ikisi-üçü yadda qalıb. Olsun Anar, Elçin, onların yazdıqlarının hamısı qəbul olunur? Və ya Süleyman Rəhimov, Mirzə İbrahimov. Bu gün yaşıdlarımız tərəfindən bizə, cavanlara aqressiv münasibət var.

“BİZ NUDİST CƏMİYYƏTDƏ YAŞAMIRIQ AXI"

Seyfəddin H:

- Cəlil bəy deyir ki, peşman deyil. Əlbəttə, peşmançılıq üçün heç nə yoxdur. Nə onun yazdığı məhkəmə materialıdır, nə bizimki ittihamdır. Bir də deyilənlərdən bir məqama toxunmaq istəyirəm. Deyirlər ki, bu cəhddir, təcrübədir, bu olmalıdır. Axı, biz nudist cəmiyyətdə yaşamırıq. Biz almaq istədiyimiz paltarın yaraşıb-yaraşmadığını görmək üçün mağazada hamının gözü qabağında soyunub geyinmirik ki? Bunun üçün ayrıca yer var. Məncə, bu cəhdlər də daxili laboratoriyada, yazı masasında getməlidir. Çap olunmazdan qabaq müzakirə edilməlidir. Yəni təcrübə üçün əsərin mütləq çap olunmasına, geniş müzakirəsinə ehtiyac da yoxdur. Sadəcə, kiminsə ürəyi atlanır, həvəslənir, çap etdirir. Bəlkə də hekayə olsa ziyansızdır. Romanı o halda üzə çıxarmaq... Yaradıcılıq bioqrafiyası yazılır hər halda.

Şahnaz B:

- Seymur Baycan sual etdi ki, Əkrəm Əylislinin, Anarın, Elçinin yazdıqlarının hamısı uğurluydumu?

Seyfəddin H:

- Onların dövründə vəziyyət fərqliydi. İndi bizdə siyasi fəaliyyətdən tutmuş bütün sahələrdə həvəskarlıq çoxdur. Seymur Baycan çox istedadlı müəllifdir. Amma sonuncu romanında bəyənmədiyim odur ki, o dərəcədə zəngin, çoxrəngli, çoxsəsli yaddaşı ilə israfçılıqla rəftar edib. Bəlkə də Seymuru bir az mühit bezdirdi, tıncıxdı, hər şeyi ortaya
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
tıb material yığını, məlzəmə topası kimi qoydu. Sadəcə, özünə bir balaca amansız yanaşma, peşəkarlıq lazımdır ki, yaddaş materialı çox yaxşı alınsın.

“BİZİM OXUCULARIMIZ MÜASİR ROMANA HAZIR DEYİLLƏR”

Seymur B:

- Mən dörd roman yazmışam. Onlardan sadəcə, birini – “Körpüsalanlar”ı yazmağıma peşmanam. İfadə formasını düzgün seçməmişəm. Üçüncü şəxsin dilindən yazmaqla bir çox mövzuları korladım, nəfəsim çatmadı.

Burda başqa problem var, mən bir balaca müasir roman yazmışam. Bizim oxucularımız müasir romana hazır deyillər.

Dərsliklərimiz bayağı şeirlərlə, hekayələrlə doludur. Bir balaca yeni əsər oxuyanda şoka düşürlər ki, bu, ədəbiyyat deyil.

Seyfəddin H:

- Rəyi azdırmaq lazım deyil. O romanlar hələ geniş, çaşası oxucuya gedib çatmayıb. Müzakirə edənlər yazıb-pozanlardır, bizim hələ öz aramızda bəzi romanlar məyusluq yaradıb.

Bunun geniş oxucuya çatmağına hələ çox var ki, o da ya qorxa, gözləri bərələ, ya da özünü asa. Öz aramızda deyirik ki, hər yazdığını ortaya çıxarmaq olmaz.

“BİZDƏ ROMAN BUMU VAR, ANCAQ ROMAN ÖZÜ YOXDUR”

Yaşar:

YAŞAR
YAŞAR
- Bizdə roman bumu var, ancaq roman özü yoxdur. Son 5-6 ildə romanlar yazılır, ancaq kəmiyyət keyfiyyətə çevrilə bilmir. Əgər kəmiyyət keyfiyyətə çevrilə bilmirsə, bir qədər dayanmaq və fikirləşmək lazımdır. Niyə bu qədər roman arasından Azərbaycan romanı çıxmır? Təxminən 20-25 il qabaq Azərbaycanda yazılan hər roman hadisəyə çevrilirdi. İsi Məlikzadə, Rafiq Tağı ömürlərinin axırına qədər roman yazmadılar. Buna görə kimsə dedi ki, onlar yazıçı deyil? O boyda Çexov, Borxes roman yazmadı. İsa peyğəmbərin məşhur frazası kimi çıxmasın ki, onlar neylədiklərini bilmirlər, günahlarından keçin. Mənə elə gəlir, bizim gənc nəsil də dalbadal roman yazmaqla neylədiyini bilmir. Burda fikir səsləndi ki, birinci pis olar, ikinci bir az yaxşı olar, beşincidə düzələr. O yazıçı başa düşməlidir ki, zəif əsər yazdıqca şansını itirir, ona maraq azalır. Cəlili tanımıram. Amma Seymur Baycanın maraqlı köşə yazıları vardı, ona nəfəsi çatırdı. Sonuncu romanı oxumadım. Ancaq bir romanı vardı, Fellinisayağı da ad qoymuşdu, gördüm ki, yazdıqca təngnəfəs olur. Roman yazmaq üçün epik təfəkkür lazımdır, dünyagörüşü lazımdır. Nə qaçaqaçdı?

“BUM VAR, AMMA ROMAN DA VAR”

Cəlil C:

- Yaşar bəy deyirsə ki, roman bumu var, roman yoxdur, demək vardır bir bildiyi. Havaya söz deməz. Ancaq demək olmaz ki, roman yoxdur. Şərif Ağayarın “Haramı”, Pərvizin “Yad dildə” romanı çox gözəldir. Roman yoxdur deməyi insafsızlıq hesab edirəm. Bum var, amma roman da var.

Seymur B:

- Bizim gəncliyə qarşı çox aqressiv münasibət var. Xüsusən o gəncin deputat mandatı yoxdursa, oğlu Gömrükdə işləmirsə, Fövqəladə Hallar Nazirliyində, polisdə işləmirsə. o dəqiqə basıb gözünü çıxaracaqlar ki, niyə yazdın? Yaxşı olardı ki, Yaşar bəy o sözləri əsərləri dərsliyə salınan deputat yazarlar haqda desin. Məncə, haqsızdır. Və onu qərəzli qəbul edirəm. (ardı aşağıda)

Proqramdan sonra
Proqramdan sonra


Yaşar:

- Seymur Baycan möhtəşəm şəkildə demaqogiya ilə məşğul olur. Birincisi, Seymur Baycana gənc demək olmaz. Yazıçı üçün müdriklik çağını yaşayır. Qaldı keyfiyyət-kəmiyyət məsələsinə, köşə yazarlarımız romanı yazıçı təfəkkürü ilə yazmırlar. Basketbolun və ya həndbolun qaydalarını bilmədən oyunu oynamaq olar?.. Əvvəla, bu romanların dili bərbaddır. Sovet dövründə yazıçıların dilindən, üslubundan, təhkiyəsindən bilmək olurdu ki, bunu kimi yazıb. Roman yazıçının müdriklik dönəminin məhsuludur. Amma indi əli qələm tutan yazır, olub-qalan istedadı da məhv edirlər. Onlara yazığım gəlir.

Seyfəddin H:

- Qıraqdan roman haqda fikir bildirənləri də gözüqıpıq etmək işin xeyrinə deyil. Qıraqdan nəzarət olanda özünü yığışdırırsan, sıraya düzlənirsən. Bunu ağrı ilə qarşılamaq, “qabağımızı almaq” kimi qiymətləndirmək işin xeyrinə deyil...

Bu, debatda səslənən fikirlərin bir hissəsi idi. Proqrama tam şəkildə burda bax
XS
SM
MD
LG