Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Sevinc el Sevər və Qan Turalı AYO-nu tərk etdilər


Sevinc el Sevər və Qan Turalı
Sevinc el Sevər və Qan Turalı
-

Şairə Sevinc el Sevər və yazıçı Qan Turalı Azad Yazarlar Ocağını (AYO) tərk etdilər.

Onlar bu barədə bəyanatlarını ayrı-ayrılıqda veriblər və fərqli səbəblər göstəriblər.

Sevinc el Sevərin Azadlıq Radiosunun “Oxu zalı”na göndərdiyi bəyanatı olduğu kimi çap edirik:

“Azad Yazarlar Ocağının həyatımda əhəmiyyətli yeri var, nəinki yazılarımda. Ən yaxın dostlarım onlardırlar, doğrudur, zamanla adamlar da, münasibətlər də şəkillərini dəyişdi, hamının fikirləri, baxışları bir-birinə yadlaşdı, mənə qədər çoxlarının yolu AYO-dan ayrıldı, hər ayrılığın öz səbəbi vardı.

Uzun müddətdi ki, AYO-nun heç bir tədbirinin iştirakçısı deyiləm, müzakirələrə qoşulmuram, birgə qərar qəbul etdiklərində heç bir fikir irəli sürmək imkanım yoxdu. Məsafələr uzaqdı aramızda. Bəlkə də təkcə məsafə uzaqlığı da deyil artıq.

Oxucular məni hələ də Ocağın üzvü hesab etdiklərindən, AYO-nun vermiş olduğu bütün qərarların həm də bir üzv olaraq mənim də qərarım olduğunu zənn edirlər yanlış olaraq.

AYO-dan keçmək mənə çox şey verdi, danmıram. Amma artıq AYO ilə mən bir-birimizə heç nə vermir, heç nə almırıq ... AYO ilə əlaqələrimi rəsmən bitmiş elan edir, dostlarımın hamısına uğurlar arzulayıram".

Qan Turalı isə AYO-nu tərk etməsini təşkilata ondan xəbərsiz sədr seçilməsi ilə izah edib:

O, “Qafqazinfo” saytına bildirib ki, şairə Günel Mövludun AYO sədri olmasına heç bir etirazı yoxdu.

Qan Turalı Günel Mövludun AYO-ya qayıdışından, eləcə də keçirilən seçkidən xəbərsiz olduğunu bildirib:

“Bu hal artıq ikinci dəfədir ki, təkrarlanır. Aqşin Yenisey seçiləndə də anoloji hal baş vermişdi.

Özümü cəmiyyətə təqdim etmək fikrim yoxdur. Lakin AYO üzvü kimi bu seçkidən xəbərim olmaması məni rəncidə edir. Mən arzulanmadığım yeri dar etmək istəmirəm.

Biz AYB-nin bütün üzvlərinin qurultayda iştirakına imkan verilməməsini, qurum üzvlərinin sayını süni səkildə artırılmasını tənqid etmişik. İndi eyni tendensiyanı AYO-da yaşayırıq.

Çox güman ki, mənim AYO haqda səsləndirdiyim və son məqaləmdə qoyulan fikirlər AYO üzvlərinin xoşuna gəlməyib. Olsun. Mən AYO üzvlüyündən çıxdığımı elan edir, ayoçuları balaca AYB-ləri ilə tək buraxıram”.

Qeyd edək ki, bu gün mətbuatda Azad Yazarlar Ocağının idarə heyətinin qərarı ilə yazıçı Günel Mövludun Azad Yazarlar Ocağının sədri vəzifəsinə seçildiyi xəbəri yayılıb.

AYO-nun daxili nizamnaməsinə görə o, 1 il müddətinə təşkilata rəhbərlik edəcək, ədəbi görüşlər keçirmək, tədbirlər həyata keçirmək, təşkilatı təmsil etmək, mətbuata açıqlamalar vermək məsuliyyətini öz üzərinə alacaq.

Kultura.az isə xəbər yayıb ki, "AYO-nun müasir ədəbi prosesə təqdim etdiyi onlarca imzaya bu günlərdə yeniləri də əlavə olunmuşdur. Gənc yazarlar Amid Mahmudlu, Emil Bağırlı, Emin Aslan, Kənan Qasımlı, Vüqar Bəhmənzadə, Vasif Qarayev, Zaur Qurbanlı və Sadıq Məmmədli AYO sıralarına qoşulmuşlar".

Azad Yazarlar Ocağı 11 il əvvəl müstəqil yazarlar tərəfindən yaradılıb.
XS
SM
MD
LG