Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Rəsul Rza “ovçu çaqqallar”a qarşı


Rəsul Rza
Rəsul Rza
-

"Stepanakert xalq məhkəməsi uzun istintaq və yazı-pozudan sonra müəyyən etmişdir ki, doğrudan da cüyür tutmaq üçün Ovanesyan tor qurmuşdur. Lakin... məsələnin maraqlı yeri bu “lakin”dən sonra başlayır..."

“Qanun hamı üçündür” adlanan bu məqaləsində şair Rəsul Rza brakonyerlərin Azərbaycanın heyvanat aləminə vurduğu ziyandan bəhs edir. Məqalədə konkret faktlar “Əsəd adlı bir ovçu”nun dilindən açıqlanır.

“…Mən Əsəd müəllimi böyük maraqla dinləyirdim. Müsahibim hərdən nəfəsini dərəndə, ya dəfələrlə soyuyub təzələnmiş çayından bir-iki qurtum içəndə mən fikrən onun təsvir etdiyi çölləri, düzləri gəzirdim. Adını insan qoymuş əlitüfəngli canilərin şıltağına qurban gedən və indi tamamilə nəsli kəsilmək təhlükəsi qarşısında qalan ceyranları, maralları, turacları, qırqovulları, kəklikləri gözümün qabağına gətiridim...

Müsahibim əlindəki kağızlardan birini ayırdı və bir müddət bu kağıza baxaraq mənə müraciət etdi:

- Stepanakert rayonundakı Xanabad rayon sakini Mixail Ovanesyan tor qurub cüyür tutmuşdur. Stepanakert xalq məhkəməsi uzun istintaq və yazı-pozudan sonra müəyyən etmişdir ki, doğrudan da cüyür tutmaq üçün Ovanesyan tor qurmuşdur. Lakin... məsələnin maraqlı yeri bu “lakin”dən sonra başlayır. Lakin məhkəmə müəyyən etmişdir ki, “tora düşmüş cüyürlər naməlum adamlar tərəfindən tordan oğurlanmışdır”. Bu “əsas”a görə yəqin ki “oğrudan-oğruya halaldır” məsələni rəhbər tutaraq Ovanesyanı məsuliyyətə cəlb etməmiş, işi xətm etmişdir...

Uzağa getməyə vaxtınız olmasa, onda Sumqayıt avtobazasına gedin. Əzizağa Məmmədovu tapın. Qoy o sizi Duvannıda yaşayan dostu şofer Ədil Ədilovun evinə aparsın. Baxın görün Əzizağa Məmmədovla Ədil Ədilovun saxladıqları ceyran balaları necə bir-birinə oxşayır. Yəqin ku sizə bir stəkan çay təklif etməmiş olmazlar. Ancaq onların çayını içməyin, çörəyini yeməyin, çünki bu yetim ceyranların anasını onlar qızıl qana boyamış, çöllərimizi iki gözəldən məhrum etmişlər...

Məsəl var, meşə çaqqalsız olmaz. Ovçu çaqqalların səsi hərdən-hərdən, ordan-burdan gəlir. Ancaq məni düşündürən budur ki, bəzi məhkəmə orqanları cinayətkarlara cəza verməkdənsə, onlara xüsusi qayğı göstərir, onlar üçün bəraət uydururlar.

Bərdə rayonundakı Maksim Qorki adına kolxozun üzvləri Hüsi Hacıyev, Əli Hacıyev və Həsən İsmayılov bu yaxınlarda 22 turac, 8 qırqovul (bəli, bəli, 22 turac, 8 qırqovul) vurub “xüsusi məharət göstərmişlər”. İş hərlənib-fırlanıb Bərdə xalq məhkəməsinə düşmüşdür. Bu məhkəmənin qərarı doğrudan da “tarixi” bir sənəddir. Bərdə xalq məhkəməsi quşların çoxunun balaca olduğunu “nəzərə alaraq” cinayətkarları... bağışlamışdır. Qəribə məntiq deyilmi. Gözləmək olardı ki, bu ziyankarlara balaca quşları qırdıqları üçün daha ağır cəza veriləcəkdir. Ancaq Bərdə xalq məhkəməsinin hakimi “öz məntiqi”, “öz vicdanı” ilə iş görür...

Kirovabad dəmiryol işçilərinin əhvalatı xalis tragiko-komediyadır, çünki onların tutduqları iş faciəli, xilas yolları isə gülməlidir. Serafim Bradyujenko Valentina Zayçenko, Valeri İskra və İvan Belı Mingəçevir qoruğunda kəklik ovladıqları yerdə cinayət üstündə nəzarətçilər tərəfindən yaxalanmışlar. Lakin Kirovabad xalq məhkəməsinin hakimi Gevorkov bu işə baxanda min bir gecə nağıllarına yaxşı bələd olduğunu isbat edə bilmişdir. Onun çıxardığı hökmə görə, bu “yazıq” ovçular kəklikləri ayrı yerdə vurub, qoruq yerinə isə su içməyə gəliblərmiş. Ona görə də heç bir təqsirləri yox imiş..

Əsəd müəllim alnında tumurcuqlanmış təri sildi:

- Üzr istəyirəm, sizi lap yordum, - dedi.

Mən eşitdiklərimin təsiri altında hələ də sükuta dalmışdım...
Düşünürdüm ki... biz tüfeyli ovçulara qarşı xalq qəzəbinin amansız səsini qaldırmalıyıq, onları ifşa, rüsvay etməliyik. Lakin aramızda elələri də var ki, ictimai qayda-qanunların pozulduğunu görüb “bunun üçün məhkəmə var, milis var, niyə ağrımaz başıma dəsmal bağlayım” deyə keçib gedir. Bu cür əhval-ruhiyyə ziyanlı qorxaqlıq ifadəsidir, şərəfli sovet adamı adına yaraşmır. Bu, aciz obıvatel “fəlsəfəsidir”...”

Rəsul Rzanın “Mənim fikrimcə” məqalələr toplusundan (1967)
XS
SM
MD
LG