Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:45

Heydər Əliyevin Mexikodakı heykəlinin taleyi ilə bağlı Azərbaycan səfirliyinin əməkdaşı ilə müsahibə


Heydər Əliyevin Mexikodakı heykəli
Heydər Əliyevin Mexikodakı heykəli
Meksikanın paytaxtında ucaldılmış Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəlinin taleyi ilə bağlı şəhər rəhbərliyinin yaratdığı ekspert komissiyasının yekun qərarı hələlik məlum deyil.

Şəhər fəallarının etirazlarından sonra mer Azərbaycanın maliyyəsi hesabına qurulan parkda Heydər Əliyevin heykəlinin gələcək taleyi barədə rəy vermək üçün akademik və ekspertlərdən ibarət komissiya yaradıb.

Azərbaycanın Meksikadakı səfirliyinin ikinci katibi Cavanşir Salehovla problemin həll edilib-edilməməsi, Bakının bu məsələdə mövqeyi ilə bağlı söhbət etmişik.


- Cavanşir müəllim, ABŞ mediasında belə xəbərlər vardı ki, Mexiko şəhərində ucaldılan Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin heykəli götürülmək təhlükəsi ilə üzləşib. Bu problem nə yerdədir?

- Məsələ burasındadır ki, bu həm Meksika, həm müxtəlif Latın Amerikası ölkələrində, həm də ABŞ-da yaşayan erməni icmalarının birgə fəaliyyəti nəticəsində süni yaradılmış problemdir. Meksika bizimlə dost ölkədir, təbii ki, əgər erməni icmaları bu məsələni abartmasaydılar heç vaxt burda belə bir problemlər qalxa bilməzdi. Onlar Heydər Əliyevin ünvanına həmişəki kimi çox qərəzli, böhtan xarakterli məlumatlar yayırlar, çalışırlar ki, onları qəzetlərdə dərc etsinlər.

Səfirliyimiz, burada yaşayan azərbaycanlılar da dərhal bütün bu məlumatları təkzib etməyə, Azərbaycan, onun reallıqları haqqında daha geniş məlumatlar verməyə çalışırıq.

Hazırda süni yaradılmış bu problemin həlli istiqamətdə iş gedir, Mexiko şəhərinin rəhbərliyi və ictimai ərazilər hakimiyyəti ilə birgə əməkdaşlıq edirik.

Həmçinin mətbuat orqanlarına ümummilli lider Heydər Əliyevin fəaliyyəti, dövlətçiliyimiz üçün onun misilsiz xidmətləri barədə məlumatlar veririk. Erməni icmasının yaydığı məlumatlar həmişəki kimi böhtandır, onlar Azərbaycan haqqında pis imic yaratmaq istəyirlər. Bu, Yalnız Meksikada deyil, bütün dünyada belədir.

- Yəni, heykəlin götürülmə ehtimalı varmı, vəziyyət hazırda hansı mərhələdədir?

- Biz düşünürük ki, heykəlin götürülməsi Meksika ilə Azərbaycan arasında münasibətlərə soyuqluq gətirər, ciddi xələl yetirər. Çünki elə hesab edin ki, Meksikanın hər hansı bir tarixi şəxsiyyəti, bu xalq, ölkə üçün böyük xidmətləri olan, xalq arasında hörməti olan bir insanın Azərbaycanda heykəli var. Azərbaycan hökuməti bu heykəli götürsə Meksika necə reaksiya verərdi?

- Hələlik şəhər rəhbərliyinin bu heyəkəllə bağlı hər hansı bir qərarı yoxdur?

- Xeyir, şəhər rəhbərliyinin hər hansısa bir rəsmi qərarı yoxdur. Şəhər rəhbərliyi də bizimlə, səfirliklə birgə çalışır ki, bu problemi həll etsin. Bütün bu böhtan xarakterli məlumatlar həm Azərbaycanın, həm də Meksikanın imicinə, beynəlxalq nüfuzunu korlamağa yönəlib və onlar da çalışır ki, bu problemin qarşısını alsınlar.

- “New York Times” qəzetində belə bir məlumat var idi ki, heykəlin başqa yerə köçürülməsi təklif olunur. Bu doğrudurmu?

- Mən “New York Times”da dərc olunan məlumatları şərh edə bilmərəm. Hazırda mənim belə bir məlumatım yoxdur.

- Bəs, Meksikada Xocalı qırğını ilə bağlı abidə varmı, ya planlaşdırırsızmı?

- Bəli, Mexiko şəhərində Xocali soyqırımı qurbanlarının xatirəsinin yaşadılması üçün abidə ucaltmışıq və bu abidə şəhərin tarixi mərkəzi rayonunda yerləşir. Həmçinin bu ərazinin yaxınlığında bir tarixi kilsə də var, Latın Amerikasında ilk kilsələrdən biridir və bura Azərbaycan hökuməti tərəfindən kilsəyə ianə edilib. Eyni zamanda o ətrafdakı ictimai ərazilərdə təmizlik, bərpa işləri aparılıb.

- Bu ianələrin məbləği nə qədərdir?

- Mənim o detallardan xəbərim yoxdur. Azərbaycan hökuməti tərəfindən müvafiq tikinti şirkətlərinə xahiş olunub və bu işlər onlar tərəfindən aparılıb.

- İanələrdən söhbət düşmüşkən, mərhum prezidentin heykəlinin qoyulma şərtləri necədir? Bizim bildiyimizə görə müddət 99 illiyədir. Bəs, Azərbaycan tərəfindən bir maliyyə öhdəliyi varmı, varsa, maliyyə mənbəyi, yardımın məbləği nə qədərdir? Yəni, bu işin maliyyə tərəfi necə həll edilib?

- Bizim Mexiko şəhər hökuməti ilə sazişimiz var, həmin sazişə əsasən mərhum prezident, ümummili liderimiz Heydər Əliyevin abidəsi şəhərdə ən azı 99 il müddətinə qalmalıdır. Məsələnin maliyyə tərəfi haqqında məlumatım yoxdur.

- Azərbaycan prezidenti İlham Əliyevin yaxın zamanlarda Meksikaya səfəri nəzərdə tutulurmu?

- Hazırda, xeyir.

- Söhbətə vaxt ayırdığınız üçün təşəkkür edirik.
XS
SM
MD
LG