Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Zəlzələdə evləri uçanlara hələ çadır verilməyib


Foto: Arxiv
Foto: Arxiv
-
«Əvvəlcə güclü uğultu, sonra güclü təkan oldu. Ev-eşik, hər şey tərpənirdi. Axırıncı təkandan sonra ev tam dağılıb, yararsız vəziyyətə düşdü. Hər şey dağıldı, şükür ki, biz özümüzü qurtara bildik».

Balakən rayonunun Çedertala kənd sakini, 63 yaşlı Bədrəddin Varşayev deyir ki, oktyabrın 14-də baş verən zəlzələdə evi uçandan sonra həyətdə yaşayırlar. Rayon icra hakimiyyətindən gəlib maraqlansalar da, hələ onlara çadır verilməyib:

«Çadırımız yoxdur, özümüz açıq havada yaşayırıq. Belə məsuliyyətsizlik olar, heç olmasa, çadır versinlər. Həyat yoldaşım da bərk stress keçirib. Həkim də yoxdur ki, gəlib baxsın. Özüm də apara bilməmişəm. Dedilər, gözləyin, həkim gələcək, ancaq hələ gələn yoxdur».

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, oktyabrın 14-də Zaqatala və Balakən rayonlarında 6 bal gücündə zəlzələ olub. Bu zəlzələdən sonra Bədrəddin Varşayev kimi yüzlərlə adam gecəni həyətdə keçirib.

Rafael Doldolov da Qabaqçöl kəndində yaşayır. Özü müəllimdir. Deyir köhnə məktəblər daha çox yararsız vəziyyətə düşüb:

«Qabaqçöl böyük yerdir, altı kəndi birləşdirir. Kəndlərdə dağıntılar var. Bir çox evlər dağılıb. Öz evimiz də qəzalı vəziyyətə düşüb. Yerli icra hakimiyyəti nümayəndəsi indi kəndlərdə baxış keçirir. Belə vəziyyətdə dərslərin keçirilməsi də təhlükəlidir. Xüsusilə köhnə məktəblərdə. Həmin məktəblərdə problemlər var. Mən özüm Qazbölük məktəbində işləyirəm. Həmin məktəb təzədir. Ancaq orada da kiçik çatlar əmələ gəlib».

SİYAHIYAALMA APARIRLAR

Talalar kəndinin sakini Osman Əzizov isə deyir ki, camaat hələ də təşviş içindədir:

«Yararsız vəziyyətə düşən evlər həddindən çoxdur. Kənd icra nümayəndəsi, müavinləri siyahıyaalma aparırlar. Ancaq hələ evlərə baxmırlar. Hələ görülən iş yoxdur».

«BU, MAYIN 7-DƏ BAŞ VERƏN ZƏLZƏLƏDƏN GÜCLÜ OLDU»

Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəhim Abbasov isə deyir ki, artıq kəndlərdə işlərə başlanılıb. İcra nümayəndəsi qeyd edir ki, neçə tikilinin zərər görməsi hələ müəyyənləşdirilməyib:

«Bu, mayın 7-də baş verən zəlzələdən güclü oldu. Dəhşətli idi. Episentr Gürcüstanla sərhəddəki Qabaqçöl kəndində olub. Bütün kəndlərə də təsir edib. Dağıntılar, yüngül xəsarət alanlar var. Bu gün səhər saat 9-dan artıq Fövqəladə Hallar Nazirliyinin nümayəndələri kəndlərdə işə başlayıblar. Yerli icra nümayəndələri, rayon icra hakimiyyətinin nümayəndələri ərazilərdədir. Nəticələr azı 3 günə məlum olacaq. Nə qədər ev qəzalı vəziyyətə düşüb, neçəsi bərpa olunmalıdır, bunu hələ indi demək olmur. Onu deyə bilərəm ki, mayın 7-dəki zəlzələdən güclü idi».

40-A YAXIN EVƏ ÇAĞIRIŞ OLUB

Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev isə deyir ki, artıq həkimlər kəndlərə göndəriblər:

«Bu müddət ərzində 6 nəfər yüngül xəsarətlərlə xəstəxanaya müraciət edib. Onlara yardım göstəriləndən sonra evə buraxılıblar. Stress, qorxu, həyəcanla bağlı 40-a yaxın evə çağırış olub. Çağırışlar əsasən Qabaqçöl, Qazma, Kortala kəndlərindən olub. 4 briqada təşkil olunub. Bütün həkimlər səfərbər olub».

Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini Elman Ramazanov da bildirib ki, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən obyektlərin sayı artıb. Hazırda kəndlərdə araşdırmalar aparılır.
XS
SM
MD
LG