Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Fərid Hüseyn: “Biz orda kef çəkməmişik"


Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda istintaq zamanı çəkilmiş şəkilləri
Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda istintaq zamanı çəkilmiş şəkilləri
-

Şəhriyar Hacızadə: “Bizə orada verilən kabab, bizdə ağsaqqal, qonaq, dost qabağına qoyulan kabab deyildi”.


“Bizə orada verilən kabab, bizdə ağsaqqal, qonaq, dost qabağına qoyulan kabab deyildi. Çörəklə qatılmış ətdən ibarət tavada bişirilən lüləkababdır. Yəni burda hansısa xüsusi diqqətdən, qayğıdan söhbət gedə bilməz. İran zindanında dustaqlara necə yemək verirlərsə, bizə də eyni münasibət olub”.

Bunu publika.az saytına açıqlamasında şair Şəhriyar Hacızadə deyib.

O və şair yoldaşı Fərid Hüseyn bir neçə gün əvvəl İran həbsxanasından buraxılıblar.

Şairlərin Bakıda mətbuata verdikləri bəzi açıqlamalar bəzi yazarlar və jurnalistlərdə belə şübhələr yaradıb ki, onlara həbsxanada xüsusi qayğı göstərilirmiş.

“Həbsxananın şəraitinin yaxşı olması bizə xüsusi diqqət anlamına gəlmir. Bizim üçün ən vacib olan azadlıq idi, onu da məhdudlaşdırmışdılar. Bizə bundan artıq neyləməliydilər ki?..” – deyə Ş.Hacızadə bildirib.

Xatırladaq ki, Fərid Hüseyn Irandaki həbsxana şəraiti haqda bunları deyib:

“Səhər yeməyi 3 cür idi - yumurta, mürəbbə, pendir, çörək də nə qədər istəsən. Günorta yeməyində isə balıq, kabab, aş, piti, şorba, soyutma kartof və üç-beş növdə adını bilmədiyim düyü yeməkləri. Fiziki təzyiq yox idi, vaxtlı-vaxtında havaya çıxarırdılar, həkim müayinəsi var idi.

...Orda təxminən 12 şeir, 1 povest, 10-a yaxın esse, 3 hekayə yazmışam. Gün ərzində fikirləşirdim, ancaq havaya çıxanda yazırdım. Təbriz zindanına köçürüləndən sonra isə yazmaq rahat oldu. 86 gün ETTELAAT-da, 1 ay 1 həftə də Təbriz zindanında qaldıq. Oranın şəraiti daha yaxşı idi...”

Bu açıqlama niyə bu qədər qıcıq doğurur? Məsələyə aydınlıq gətirmək üçün Fərid Hüseynlə əlaqə saxladıq. O, mətbuatın müzakirə etdiyi detalları lazımsız adlandırdı və bundan üzüldüyünü bildirdi:

“Bakıdakı mətbuat konfransında biz bütün suallara aydınlıq gətirdik. Eyni zamanda dünən iki televiziyada çıxışımız olub və televiziyada da bu məsələlərə aydınlıq gətirmişik. Bizə verilən yeməklər elə də tərifli, ləziz yeməklər deyildi. İrana gedib gələnlər yaxşı bilir ki, bizə verilən yeməklər necə yeməklərdir. Adi düyünü qaynadıb, üstünə göyərti vururlar və bu, plov sayılır. Və ya lülə kabab tavada bişirilib verilir. Bunu böyütmək, şişirtmək, kontekstdən çıxarmaq lazım deyil. Orda verilən yeməklər haqqında bu qədər danışanları, yazanları başa düşmürəm. Onlar sadəcə, boşboğazlıq edirlər. Ağızları isti yerdədir. Ömründə bircə gün həbsxanaya düşməyən o həyatı anlamaz. Mənim boşboğazlara cavab vermək fikrim yoxdur. Biz orda kef çəkməmişik və İran zindanını tərifləmək fikrində də deyilik.”

Cəlil Cavanşir
Publika.az
XS
SM
MD
LG