Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:29

Əbülfəz Elçibəyin vəfatından 12 il ötür


Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy
Ötən əsrin 80-ci illərin sonunda başlanmış Azərbaycan xalqının azadlıq hərəkatının liderlərindən biri, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 12 il ötür. Bu gün İctimai Palataya daxil olan siyasi partiyalar, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər təşkilatları mərhumun Fəxri Xiyabandakı qəbrini ziyarət edəcək.

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub.

Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. Tarix elmləri namizədi alimlik dissertasiyasının müdafiə edib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb. BDU-da, Milli Elmlər Akademiyasında işləyib.

O, millətçilik ittihamı ilə 1975-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilib.

1988-ci ildə Azərbaycan xalq hərəkatı başlayanda Elçibəy onun öndərlərindən biri olub. O, silahdaşları ilə birgə Azərbaycan Xalq Cəbhəsini yaradıb və ömrünün sonuna kimi bu təşkilatın sədri olub.

AZƏRBAYCANIN İKİNCİ PREZİDENTİ

7 iyun 1992-ci ildə isə Azərbaycanın prezidenti seçilir. Keçmiş sovet respublikaları arasında birinci olaraq Rusiya ordusunun Azərbaycandan çıxarılması onun hakimiyyəti dövründə baş tutub. Həmçinin ali məktəblərə test üsulu ilə qəbulun keçirilməsi də onun adı ilə bağlıdır.

1993-cü ildə dövlət çevrilişindən sonra o, doğulduğu Kələki kəndinə getməli olub. 1997-ci ildə Bakıya qayıdan Elçibəy yenidən siyasi fəaliyyətə başlayır.

Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə - 63 yaşında Ankarada vəfat edib.

Bu günlərdə eks-prezident Əbülfəz Elçibəyin ölümünün səbəbləri ilə əlaqədar Bakı şəhər Prokurorluğunda cinayət işi açılıb. Baş Prokurorluğun məlumatında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və başqalarının müraciəti əsasında Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlandığı qeyd edilir. Müstəqil ekspertlər bu cinayət işinin açılmasını həm AXCP sədri Əli Kərimliyə qarşı təxribat, həm də prezident seçkiləri ərəfəsində müxalifəti parçalamaq cəhdi kimi dəyərləndirirlər.
XS
SM
MD
LG