Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Londonda bilet satan kim olub?


Foto: Sky News
Foto: Sky News
-
«Sky News» yazır ki, «Azərbaycanda nazirlikdə işlədiyini bildirən bir şəxs özünü alıcı kimi təqdim edən «Sky News»un müxbirinə bilet satıb. Həmin şəxs avqustun 3-ə olan yüngülçəkili boks yarışının biletini satıb». Video burada

«ONLARIN DA VECİNƏ DEYİL, SATIRLAR Kİ, BİR AZ PUL QAZANSINLAR»

«Sky News»un müxbiri bileti 20 funta alıb:

«Həmin biletin üzərində Azərbaycan Olimpiya Komitəsi sözləri həkk olunub. Bileti satan ingilis dilində danışmasa da, yanındakı dostu tərcümə edib. Deyib ki, həmin adam artıq bir neçə belə bilet satıb. Həmin tərcüməçi deyib ki, Azərbaycanda nazirlik bunlara biletləri ucuz qiymətə verib. Bunlar saxta bilet deyil. Ümumiyyətlə, siz üzərində Azərbaycan bayrağı olan hər hansı bir şəxsə yaxınlaşın. Çox güman ki, onlarda artıq bilet olacaq. Bu adamlar hamısı nazirlikdə işləyirlər. Nazir bu biletləri onlara komandanı dəstəkləmək üçün verib. Onların da vecinə deyil, satırlar ki, bir az pul qazansınlar. Bu qədər sadədir».

Bu alqı-satqı polis idarəsinə yaxın yerdə olub. «Sky News» yazır ki, rəsmi kanaldan kənar alınan biletlər qanuni qüvvəyə malik deyil. Belə bilet alan şəxs pulunu itirmək və yarışa baxa bilməmək təhlükəsi ilə üzləşir. Bundan başqa, alınan biletləri təkrar satmaq qadağandır.

CƏRİMƏ VƏ 6 AYLIQ HƏBS...

«Sky News» onu da yazır ki, 2006-cı ildə olimpiya oyunları ilə bağlı xüsusi qanunvericilik qəbul olunub. Kimsə biletini qara bazarda satsa, 20 000 funt sterlinq cərimə və maksimum 6 ay müddətinə həbs cəzası ala bilər. Olimpiya oyunları başlanandan artıq polis bununla bağlı 29 adamı həbs edib. Bəzi satıcılar isə deyiblər ki, bunun hüquq pozuntusu olduğunu bilmirlərmiş.

«Sky News» yazır ki, baş verənlərlə bağlı Azərbaycan Olimpiya Komitəsinə dəfələrlə müraciət etsələr də, heç kimlə əlaqə saxlaya bilməyiblər.

«YALAN SÖHBƏTDİR»

Milli Olimpiya Komitəsinin özünü təqdim etməyən əməkdaşı isə AzadlıqRadiosuna bildirib ki, hazırda ondan başqa komitədə heç kim yoxdur, bütün əməkdaşlar Londona gedib. O, «Sky News»un xəbəri haqqında isə dedi ki, belə bir şey ola bilməz, həmin məlumat səhv və gülməlidir:

«Yalan söhbətdir. Bütün biletlər - hansı ki, bizim əməkdaşlarımız uçub - hamısını «Improtex Travel» hazırlayıb. Biz heç bir bilet işlərinə baxmırıq. Bura nə qədər adam zəng edib bilet istəyirdi, deyirdik ki, bizimlə əlaqə saxlamayın. «Improtex Travel»ə müraciət edin. O, yanlış məlumatdır. Heç bir Azərbaycan nümayəndəsi orada bilet sata bilməzdi. Onlara bir bilet verilib – gəlmə-getmə. Nümayəndə heyəti də elə gedib. Tam yanlış məlumatdır. Bu, gülünc bir məlumatdır».
Günahlandırılan şəxs bileti boks yarışına satırmış
Günahlandırılan şəxs bileti boks yarışına satırmış

«OLA BİLSİN HANSISA TURİST OLUB...»

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov isə deyir ki, ola bilsin, biletini satan turist olsun:

«Nümayəndə heyəti orada biletlə işləmir. Onların akkreditasiyası var, akkreditasiyadan keçiblər. Onların bütün yarışlara buraxılışı var. Yenə deyirəm, onlarda bilet olmur. Azərbaycan nümayəndə heyətinə qarşı çox təxribatlar aparırlar. Bu da ola bilsin, bir təxribatdır. Gah deyirlər kimsə pulla medal alıb, ya da başqa haqsız məsələləri ortalığa atırlar. Ola bilsin, hansısa turist olub orda, əlində bilet olub, öz biletini satıb, ya da dəyişib. Bu, adi haldır, burada nə var ki? Biletlər «Improtex» vasitəsilə alınıb».

Azərbaycanın olimpiya yığması Londonda, 27 iyul 2012
Azərbaycanın olimpiya yığması Londonda, 27 iyul 2012
Gənclər və İdman Nazirliyinin rəsmisi deyir ki, biletin üzərinə Beynəlxalq Olimpiya Komitəsinin işarəsi vurulur, Azərbaycan Olimpiya Komitəsinin yox.

«JURNALİST TƏCRÜBƏMƏ ƏSASLANIB DEYƏ BİLƏRƏM Kİ...»

İdman şərhçisi Coşqun Eldaroğlu isə bu cür halların mümkün ola biləcəyini istisna etmir:

«Jurnalist təcrübəmə əsaslanıb deyə bilərəm ki, əvvəllər belə hallar olurdu. Məsələn, hansısa xarici ölkəyə 144 nəfər nümayəndə heyəti getməlidir. Konkret idman qurumunun rəhbərliyi ora öz adamlarını, öz qohum-əqrəbasını salmağa çalışırdı ki, onlar turist kimi gedib orada iştirak etsin. Əslində mümkün bir variantdır. Dünya idman praktikasında birinci fakt deyil. Əslində belə şeylər olur, bu, nümunədə də ola bilər».

«Improtex Travel» şirkətindən isə bir onu dedilər ki, London Olimpiya Oyunlarında iştirak edəcək 180 nəfərə turist putyovkası satılıb.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, London Olimpiya Oyunlarında iştirak edən Azərbaycan rəsmi nümayəndə heyətinin sayı 100-ə yaxındır.
XS
SM
MD
LG