Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Hilal Məmmədov 3 ay azadlıqdan məhrum edildi


Hilal Məmmədov
Hilal Məmmədov
İyunun 22-də Nizami Rayon Məhkəməsi Hilal Məmmədov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib.

HİLAL MƏMMƏDOV DİNDİRİLİB

İyunun 21-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanılan hüquq müdafiəçisi Hilal Məmmədov iyunun 22-də vəkilin iştirakı ilə dindirilib.

Vəkil Anar Qasımlının AzadlıqRadiosuna verdiyi məlumata görə, müdafiə etdiyi şəxs ittihamları rədd edib:

«Nizami Rayon Polis İdarəsində istintaqa verdiyi ifadəsində o, narkotik maddənin istifadəsi və satışı ilə məşğul olmadığını təkidlə qeyd etdi. Bildirdi ki, bu, ictimai-siyasi və hüquq müdafiəçiliyi fəaliyyətinə görə ona qarşı qurulmuş ssenaridir. O dedi ki, onu tutanda da narkotik maddədən söhbət getməyib, ona son vaxtlar «facebookda» çox fəallıq etməsi kimi fikirlər bildirilib».

Anar Qasımlı deyir ki, Hilal Məmmədov həbsini bir neçə gün əvvəl Rusiyanın NTV kanalına verdiyi müsahibəsi ilə də əlaqələndirir:

«O, NTV kanalına müsahibəsində deyib ki, Azərbaycan hökuməti «Eurovision» mahnı yarışmasına milyonlarla pul xərcləsə də heç bir uğur qazana bilmədi, amma Astarada toyda səslənən «Tı kto takoy davay dosvidaniya» meyxanası bütün dünyaya yayıldı. Hilal Məmmədov hesab edir ki, ola bilsin onun bu dedikləri yuxarıdakıların xoşuna gəlməyib».

Anar Qasımlının dediyinə görə, Hilal Məmmədov öz izahatında saxlanarkən zorakılığa məruz qaldığını, döyüldüyünü də qeyd edib:

AYAĞINDA QANÇIR İZLƏRİ AÇIQ-AŞKAR GÖRÜNÜR

«O mənə bədəninin müxtəlif yerlərindəki zədələri göstərdi. Ayağındakı qançır izləri açıq-aşkar görünür. Biz döyülmə faktı ilə bağlı Nizami Rayon Prokurorluğunda olduq dedilər bu məsələnin araşdırılması ilə məşğul olacaqlar».

Hilal Məmmədov iyunun 21-də yaşadığı binanın yaxınlığında saxlanılıb. Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə, daha sonra Nizami Rayon Polis İdarəsinə aparılıb.

Barəsində Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) cinayət işi açılıb. O, 33,074 qram heroini əldə edib saxlamada ittiham edilir.

Foto: Arxiv
Foto: Arxiv
İttiham təsdiqlənərsə, Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə gözləyə bilər.

İş Nizami Rayon məhkəməsinə verilib. Hazırda Hilal Məmmədovla bağlı Nizami rayon məhkəməsində proses davam edir.

«HİLALIN ÜSTÜNDƏ NARKOTİK MADDƏ OLMAYIB»

Bacısı Zərəfşan Məmmədova AzadlıqRadiosuna deyib ki, Hilal Məmmədov səhər evdən çıxıb. Ondan sonra əlaqə saxlaya bilməyiblər. Yalnız günün ikinci yarısı Hilal evə zəng edərək polis tərəfindən saxlanıldığını və cibinə narkotik maddə salındığını deyib. Bacısının dediyinə görə, saat 16 radələrində bir qrup polis əməkdaşı Hilal Məmmədovu evə gətirərək yaşadığı mənzildə axtarış aparıblar. Onun evdəki pencəyinin cibindən də narkotik maddə aşkar edilib. Bacısı hesab edir ki, Hilalın nə üstündə, nə də evdəki pencəyinin cibində narkotik maddə olub. Polislər özləri bu işi qurublar:

«25 nəfər polisə yaraşmayan hərəkətlə soxuldular evimizə. Hilalın pencəyini götürdülər. Nəsə balaca şey gətirmişdilər özləri ilə. Gördüm ki, onu pencəyin cibinə qoydular. Sonradan da guya tapıb götürdülər. Dedim «axı sən qoydun onu pencəyin cibinə». Guya balasının canına and içdi ki, o, qoymayıb».

Hilal Məmmədovun digər bacısı Mahirə Salmanova deyir ki, Hilal ziyalı adamdır. Evdə repetitorlıq edir, şagirdləri ali məktəb imtahanlarına hazırlayır:

«Heç olmasa, polis gərək onu başqa maddə ilə həbs edəydi. Çünki Hilal xəstədir və narkotiklərdən də istifadə etmir».

Hilal Məmmədov Talış Mədəniyyət Mərkəzinin rəhbəri, «Tolışi sədo» («Talışın səsi») qəzetinin keçmiş baş redaktoru mərhum Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri olub. Novruzəli Məmmədov 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il həbs cəzası alıb. 2009-cu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib.
Leyla Yunus
Leyla Yunus

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN RƏYİ

Hazırda Hollandiyada mühacirətdə olan Əlikram Hümbətov Hilal Məmmədovun saxlanılmasını Azərbaycanda insan hüquqlarının pozulmasının davamı kimi dəyərləndirir. Əlikram Hümbətov 1993-cü ilin yayında vətənə xəyanət və separatizmdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü ildə əfv olunan Ə.Hümbətov elə həmin il Azərbaycandan mühacirət edib. Hazırda Haaqada yaşayır.

Hüquq müdafiəçisi Leyla Yunus Hilal Məmmədovu Azərbaycandakı talış milli azlığının nüfuzlu şəxslərindən biri hesab edir və onun həbsi üçün bir neçə ehtimal irəli sürür. «Turan» İnformasiya Agentliyinə bu barədə açıqlamasında Leyla Yunus deyir ki, H.Məmmədov talış dilində deyilən meyxananı «You Tube»da yerləşdirərək talış meyxanasını dünyaya tanıdıb. Leyla Yunus fikrincə, iqtidar vətəndaş cəmiyyətləri ilə hər hansı dialoqa getmədiyi üçün milli azlıqların problemlərində də zoru və təqibi əsas vasitəyə çevirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə deyir ki, bu məsələ ilə əlaqədar bəzi mətbuat orqanları əsassız olaraq ajiotaj yaratmağa başlayıblar. Halbuki, Azərbaycanda kimsə öz peşəsinə və peşə fəaliyyətinə görə həbs olunmayıb və oluna da bilməz. Onun dediyinə görə, iyunun 21-də DİN Baş narkotiklərlə mübarizə idarəsi əməkdaşları əldə etdikləri məlumat əsasında tədbir həyata keçiriblər. Nəticədə Bakı şəhər sakini Hilal Məmmədovun üzərindən 5 qramdan çox güclü tərkibə malik olan narkotik vasitə aşkar olunub:

İNSANLAR HAKİMİYYƏTƏ MÜNASİBƏTİNƏ GÖRƏ HƏBS EDİLİR
Erkin Qədirli
Erkin Qədirli

«Polis əməkdaşları bu tədbirləri davam etdiriblər və Hilal Məmmədovun yaşadığı ünvana da baxış keçiriblər. Nəticədə Hilal Məmmədovun yaşadığı evdən əlavə olaraq təxminən 30 qrama yaxın əlavə heroin aşkarlanıb. Yəni, konkret faktdan da görünür ki, bu adam konkret cinayət əməli törədib və bununla əlaqədar da saxlanılıb».

Hüquqşünas Erkin Qədirli isə hesab edir ki, Azərbaycanda insanlar cinsinə, irqinə, milliyyətinə və dininə görə yox, indiki hakimiyyətə münasibətinə görə həbs edilə bilir:

«Ölkədə hansısa ehtiyatsız ifadələrə görə qisas məqsədilə kimisə həbs edib cəmiyyətə təhdid mesajı vermək təcrübəsi var. Etnik azlıqların çevrəsində nüfuz qazanmış şəxslər var. Sadəcə olaraq mən hesab etmirəm ki, vurğu bunun üzərində olmalıdır. Söhbət onun indiki sistemə və ya iqtidara nə dərəcədə ardıcıl müxalif olmasından getməlidir. Çünki vurulan belə adamlar olur».

Erkin Qədirli Hilal Məmmədovun internetdə yayılan meyxanaya görə də həbs edilməsini düşünmür. Deyir, bu meyxana özündə iqtidarı o dərəcədə qıcıqlandıracaq elə bir mesaj daşımır. Digər tərəfdən də, o meyxana siyasiləşibsə, bu, Azərbaycanda yox, Rusiyada baş verib.
XS
SM
MD
LG