Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Avropa Komissiyası Bakını İnsan Haqları Fəaliyyət Planını tezliklə yerinə yetirməyə çağırır


Arxiv foto - Avropa Birlyinin bayrağı
Arxiv foto - Avropa Birlyinin bayrağı
Avropa Komissiyası mayın 15-də Avropa Qonşuluq Siyasətinə dair illik sənədlər paketini açıqlayıb. Hesabatlara Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynaya dair dəyərləndirmələr və tövsiyələr, həmçinin Şərq Tərəfdaşlığı üçün yol xəritəsi daxildir.

Avropa Birliyi (AB) ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının müddəti (AQS FP) 2011-ci il dekabrın 31-də bitib. Tərəflər razılaşıblar ki, hazırda danışıqlar prosesində olan Assosiasiya Sazişi imzalananadək bu planı müddətsiz uzatsınlar.

2011-ci ildə Assosiasiya Sazişi üzrə danışıqlar asta sürətlə davam edib. Dərin və Hərtərəfli Azad Ticarət (DHAT) üzrə danışıqları başlamaq mümkün olmayıb, çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü deyil. Bu üzvlük DHAT danışıqlarını başlamaq üçün ilkin şərtdir.

Bu ilin hesabatı və 2012-ci ildə AQS FP-nın davamlı icrası baxımından Azərbaycan dəvət olunur ki:

  • Avropa Şurası Parlament Assambleyası ilə siyasi məhbuslar məsələsində tam əməkdaşlığı davam etdirsin.
  • 2011-ci ilin dekabrında qəbul olunmuş İnsan Haqları Fəaliyyət Planını tezliklə yerinə yetirsin.
  • Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin götürdüyü öhdəliklərə uyğun olaraq Madrid Prinsipləri üzrə razılığa gəlmək üçün cəhdləri sürətləndirsin.
  • AB-nin nümayəndələrinin Dağlıq Qarabağ və ətraf regionlara şərtsiz çıxışını təmin etsin.
  • Bakı və regionlarda söküntülər, əmlak mənimsəmələri və məcburi çıxarılmalara aid qanunların icrasında şəffaflıq təmin olunsun.
  • Böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutan diffamasiya qanunu qəbul olunsun.
  • Seçkilər, sərbəst toplaşma, birləşmə, media azadlıqlarına dair qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırsın və onların tam icrasını təmin etsin.
  • Ədliyyə sisteminin bütün aspektlərində - istintaq, məhkəmə, hökm, saxlanma və apelyasiyada islahatları sürətləndirsin.
  • İctimai maliyyə idarəçiliyində qabarıq problemləri, xüsusilə də büdcə məsələlərində şəffaflıq və hesabatlılıq məsələlərini həll etsin.
  • Korrupsiya ilə mübarizədə ciddi tədbirləri qətiyyətlə icra etsin, biznes və investisiya mühiti yaxşılaşdırılsın, həmçinin inhisarçılığa köklənmiş iqtisadiyyatı azaltsın.

SİYASİ DİALOQ VƏ İSLAHAT

  • Fəaliyyət Planı öhdəliklərinə əməl etmək üçün Azərbaycan mühüm işlər görməlidir. Həmin öhdəliklər seçki prosesləri, insan haqları və əsas azadlıqların daxil olduğu dərin və davamlı demokratiya, eləcə də ədliyyə sisteminin müstəqilliyini əhatə edir.
  • Martda etiraz aksiyalarının, xüsusilə də aprelin 2-də aksiyanın sərt şəkildə boğulması göstərdi ki, demokratikləşmə və insan haqları sahəsində c ciddi geriləmə var, AB-ə verilən, eləcə də Avropa Şurası və ATƏT-in öhdəliklərinə əməl olunmur.
  • Azərbaycan 2011-ci ilin əvvəlində antikorrupsiya kampaniyasına başlayıb, ancaq kampaniyanın təsiri kiçik olub. Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, insan alveri və çirkli pulların yuyulması ilə mübarizədə irəliləyiş əldə olunub.
  • Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ danışıqlarında real nəticə olmayıb. Təmas xəttində gərginlik artıb, atəşkəsə dair sazişin pozulması hallarının araşdırılmasında da ciddi irəliləyiş olmayıb.

AB CƏNUBİ VƏ ŞƏRQİ QONŞULARDA İSLAHATÇILARI DƏSTƏKLƏYİR

Avropa Birliyinin hesabatında qeyd olunur ki, siyasi assosiasiya istiqamətində tərəfdaş ölkələrlə əhəmiyyətli irəliləyiş əldə olunub. Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanla Assosiasiya Sazişi (AA) ətrafında danışıqlar başlanıb. İqtisadi inteqrasiya sahəsində də tərəqqi əldə edilib. Moldova və Gürcüstan ilə də azad ticarət zonalarının yaradılması üzrə danışıqlar başlanıb. Bu tezliklə Ermənistanla da başlayacaq.

Sənəddə deyilir ki, Şərq tərəfdaşları - Moldova, Ukrayna və Gürcüstanla viza rejiminin liberallaşdırılması istiqamətində addımlar atılıb. Tezliklə Azərbaycanla mobil əməkdaşlıq ətrafında danışıqlar başlayacaq. Bu sahədə Belarusa xüsusi təklif göndərilib.

Avropa Birliyi 2013 ilin payızında Şərq Tərəfdaşlığı Sammitinə qədər Şərqi Avropa tərəfdaş ölkələrinə bir Yol Xəritəsi də təklif edir. Bu Yol Xəritəsində bütün tərəfdaşlar üçün Şərq Tərəfdaşlığının məqsədləri, siyasi islahatlar, bu məqsədlərin əldə edilməsi üçün AB-nın yardımı və növbəti Şərq Tərəfdaşlığı Sammitinədək nələrin əldə edilə biləcəyinə dair göstəricilər verilir.

«Şərq Tərəfdaşlığı yarımçıq qalmış keçid məsələsini ünvanlayır», - deyə Ali Nümayəndə Catherine Ashton bildirib. O həmçinin bunu deyib: «Əminəm ki, tərəfdaş ölkələrdə islahat prosesini dəstəkləmək üçün monitorinq alətini təmin edən Yol Xəritəsi ölkələrin demokratiya və bazar yönümlü iqtisadiyyata keçidini sürətləndirməkdə onlara yardım edəcək. Tərəfdaş ölkələr islahat sahəsində göstərdikləri cəhdlərində nə qədər çox gözəçarpan tərəqqiyə nail olarsa, AB onları dəstəkləməyə daha çox hazır olacaq. Həddən artıq uzun müddət regiona xələl gətirən münaqişələrin həll olunması üçün tərəfdaşların öz cəhdlərini təzələməsi baxımından da mühüm məsələdir. AB cəsarətli qərarlar qəbul etməyə və yeni səhifə açmağa hazır olan tərəflərə öz yardımını artırmağa hazırdır».

Sənədlər paketi ilə daha ətraflı burdan tanış olun.
XS
SM
MD
LG