Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Ərəb dövlətləri Suriyaya 3 gün vaxt verib


Suriyada prezident əleyhinə etiraz aksiyası. 13 Noyabr 2011
Suriyada prezident əleyhinə etiraz aksiyası. 13 Noyabr 2011
Noyabrın 16-da liqanın Mərakeşdə keçirilən iclasdan sonra bildirilib ki, Suriya əməkdaşlığa getməsə, iqtisadi sanksiyalarla üzləşə bilər.

Bu ultimatum noyabrın 16-da Liqanın fövqəladə toplantısında bəyan edilib. Toplantıya Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da qatılıb.

Qətərin xarici işlər naziri Sheikh Hamad Bin Jassim al-Thani bu günkü mətbuat konfransında deyib ki, ərəb ölkələrinin Suriya rejiminə qarşı səbri tükənib.

«BİZ SURİYADAKI QƏTLLƏRİ QƏBUL EDƏ BİLMƏRİK»

Nazir xəbərdarlıq edib ki, onlar Suriya ilə diplomatiyanın sonuna yaxınlaşırlar:

- Biz Suriyada baş verənləri, adamların öldürülməsini qəbul edə bilmərik. Suriyada daha çox qan tökülməsinin, daha çox zorakılığın, daha çox qətlin qarşısının alınmasına müdaxilə etməyə bilmərik. Buna görə biz hamımız üçün çətin olan qərar qəbul elədik. Çünki biz Suriyadakı qardaşlarımızın qanının axıdılmasının dayandırılmasına görə məsuliyyət daşıyırıq. Buna görə biz Suriya hakimiyyətindən xahiş etmişik ki, təhlükəsizliyini və stabilliyi özündə ehtiva edən, yaxşı gələcək vəd edən plana qol qoysun.

Al-Thani bildirib ki, əgər Dəməşəq əməkdaşlığa getməsə, sanksiyalar tətbiq olunacaq.

SANKSİYALARIN PLANI HAZIRLANIR

Məlumatlara görə, Liqa artıq ekspertlərdən xahiş edib ki, Suriyaya qarşı sanksiyalarla bağlı planın layihəsini hazırlasın.

Qurumun 22 üzvü həmçinin Suriyada vətəndaşların müdafiəsi üçün «dərhal ölçü» götürməyə çağırıb və deyiblər ki, onlar xarici müdaxiləyə qarşı çıxırlar.

Ərəb Liqası ölkələri Əsəd rejiminin bu qurumla razılaşdırılan sülh planına əməl etmədiyi üçün noyabrın 12-də Suriyanın bu qurumdan çıxarılmasına səs verib. Planda nəzərdə tutulurdu ki, hakimiyyət narahat şəhərlərdən hərbi texnikanı çıxarır və etirazçılara qarşı hücumları dayandırır. Planda o da göstərilmişdi ki, Dəməşq iki həftə ərzində müxalifətlə dialoqa başlasın.

Hələ ki, Suriya rəsmiləri Ərəb Liqasının bu bəyanatına reaksiya verməyib.
Dəməşq əvvəllər bu hərəkəti ABŞ tərəfindən idarə olunan «ekstremal təhlükəli addım» adlandırıb.

ABDULLA GÜLDƏN HƏDƏ

Türkiyə prezidenti Abdullah Gul
Türkiyə prezidenti Abdullah Gul
Suriya beynəlxalq izolyasiyaya da məruz qalır, belə ki, Fransa və Mərakeş öz səfirlərini bu gün bu ölkədən geri çağırıb.

Fransanın xarici işlər naziri Alain Juppe deyib ki, Aleppo və Latakiada yeni zorakılıqlar baş verir və onlar da səfirlərini geri çağırmaq məcburiyyətində qalıblar.

Juppe həftəsonu Suriyada Səudiyyə Ərəbistanının, Türkiyənin və Fransa səfirliyinin binalarına olan hücumları nəzərdə tutur.

Verilən məlumatlara görə, bu gün rejim tərəfdarları Mərakəşin, Birləşmiş Ərəb Əmirliyinin və Qətərin Dəməşqdəki səfirliklərinə hücum ediblər.

Juppe deyib ki, Paris Ərəb Liqası ilə birgə BMT-nin zorakılığa qarşı qətnaməsinin üzərində işləyir. Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasının qərarına ötən ay veto qoyublar.

Ankarada Türkiyə prezidenti Abdullah Gül xəbərdarlıq edib ki, əgər səfirliklərə qarşı hücumlar davam edərsə, bunun nəticələri olacaq:

- Suriyada səfirliklərə, vətəndaşlarımıza, diplomatlarımıza qarşı hücumları qəbul edə bilmərik. Biz bu hücumlara görə onları şiddətlə qınadıq. Əgər bunlar təkrarlanarsa, təbii ki, reaksiyalarımız daha fərqli olacaq.

SURİYA MÜXALİFƏTİ DƏ ÖLDÜRÜR

Eyni zamanda məlumat verilir ki, Suriya ordusunun müxalifət tərəfinə keçən hərbçiləri paytaxtda təhlükəsizlik orqanlarının qərargahına hücum edib, 6 əməkdaş öldürülüb.

Dövlət Departamentinin sözçüsü Mark Toner
Dövlət Departamentinin sözçüsü Mark Toner
Fəallar deyirlər ki, ordunu tərk edən hərbçilər Hama regionunda altı əsgər öldürüblər, yaralıların olduğu deyilir.

ƏSƏD REJİMİNƏ XİDMƏT EDƏN DAVRANIŞ

Vaşinqtonda Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, zorakılığa yol verməklə Suriya müxalifəti «Əsədin və onun rejiminin əlinə oynayır»:

- Suriya müxalifət hərəkatı başlanğıcdan sülh yolu tutmuşdu, amma indi rejimin elədiyi zorakılığı təkrarlamaqla təhlükəli yola qədəm qoyur.

Bu ərəfədə təhlükəsizlik qüvvələri Homsda, İdlibdə və Dəməşqdə 13 mülki şəxsi öldürüb.

BMT-nin qiymətləndirməsinə görə, mart ayında başlanan etiraz aksiyalarından bəri 3500-dən çox aksiya iştirakçısı öldürülüb. Aksiya iştirakçıları Bashar al-Assadin istefasını tələb edirlər.
XS
SM
MD
LG