Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Suriyada öldürülənlərin sayı 3000 nəfəri keçir


Latakiada etiraz aksiyası iştirakçıları.
Latakiada etiraz aksiyası iştirakçıları.
Suriyada zorakılıq hər gün davam edir və artıq həlak olanların sayı 3000 nəfəri keçir. Bu barədə məlumatı 2011-ci ilin martından bu yana Suriyada hökumət əleyhinə etiraz aksiyalarını izləyən BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı verir.

Komissarlığın sözçüsü Rupert Colville bildirir ki, toqquşmalarda həlak olanların 187 nəfəri uşaqlardır. Onun sözlərinə görə təkcə son 10 gündə Suriyada 100 nəfər qətlə yetirilib. BMT həmçinin beynəlxalq ictimaiyyəti Suriyada vətəndaş müharibəsinin qarşısının alınmasında yardıma çağırır:

- Komissar bu cür qəddar repressiya və qətllərin ölkəni tezliklə vətəndaş müharibəsinə sürükləyə biləcəyindən narahatdır. Ona görə də hər kəsi bunun dayandırılmasına yardım etməyə çağırır.

Suriyada hökumət əleyhinə etiraz aksiyalarına hökumətin zorakı müdaxilələri ciddi toqquşmalara səbəb olub. Artıq müxalifətə keçmiş əsgərlərlə hökumət qüvvələri arasında döyüşlər adi hal alır.

İnsan haqları fəalları bildirirlər ki, oktyabrın 13-də İdlib vilayətində hökumət qüvvələri ilə müxalifətin tərəfinə keçən əsgərlər arasında toqquşmada mülki sakinlərdən 10 nəfəri həlak olub. Hökumət də həmin döyüşdə təhlükəsizlik qüvvələrinin 10 nəfər itki verdiklərini, 19 nəfərin isə yaralandığını bildirir.

Suriya müxalifəti demokratiya tərəfdarlarına qoşulan əsgərlərin xatirəsi üçün oktyabrın 14-də bütün ölkə boyu etiraz aksiyalarına çağırıb. Facebook-da Suriya İnqilabı 2011 qrupu isə bu günü Azad ordunun Cümə Günü adlandırır.

Neft zəngini olan Körfəz ölkələri də oktyabrın 14-də bütün ərəb ölkələrinin xarici işlər nazirlərini Suriyada vəziyyətin müzakirəsi üçün təcili toplantıya çağırıb. Onlar Dəməşqi problemin sülh yolu ilə həllinə çağırıblar. Körfəz Əməkdaşlıq Şurasında təmsil olunan altı dövlətin xarici işlər nazirləri Suriyada zorakılıq və qanlı toqquşmaların qarşısının alınması üçün təcili tədbirləri müəyyən etməlidirlər.

Bir ay əvvəl – sentyabrın 13-də onlar Misirin paytaxtı Qahirədə toplaşaraq Suriya hakimiyyətini ölkədə qan tökülməsini təcili dayandırmağa çağırmışdılar. Amma bu çağırış Dəməşqin etirazçılara zor tətbiq etməsini dəyişdirməyib.

Suriyada vəziyyəti qiymətləndirərkən BMT-nin insan haqları komissarı Navi Pillay da Dəməşqi gücdən həddən artıq çox istifadə etməkdə günahlandırıb. O bildirib ki, etiraz aksiyalarının başlanmasından bu yana hökumət davamlı olaraq onu yatırmaq üçün həddən artıq gücdən istifadə edir.

Onun sözlərinə görə hökumət qüvvələri binaların damından etirazçılara snayperlərdən atəş açıb. Aksiyaları dağıtmaq üçün döyüş güllələrindən istifadə edib, yaşayış məntəqələrini raket atəşinə tutub. Komissar əlavə edir ki, təhlükəsizlik qüvvələri etiraz aksiyası iştirakçılarının ailə üzvlərini ölkənin daxilində və xarici dövlətlərdə taparaq təzyiqlərə, təqiblərə, işgəncələrə məruz qoyub.

İnsan haqları üzrə komissar hələ avqust ayında BMT Təhlükəsizlik Şurasını Suriyada vəziyyətin araşdırılmasını Beynəlxalq Cinayətlər Məhkəməsinə həvalə etməyə çağırmışdı. Komissar hesab edir ki, Suriyada insanlıq əleyhinə cinayətlərin törədilməsinə dair çox ciddi sübutlar var.

ABŞ, Türkiyə və əksər Qərb ölkələri Suriya prezidenti Bashar al-Assadı ölkədə siyasi islahatlara imkan verməyə və hakimiyyətdən getməyə çağırıblar. Həmin ölkələr Suriya rəhbərliyinə qarşı bəzi maliyyə sanksiyaları da tətbiq ediblər. Amma Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Suriya əleyhinə sanksiyaların qəbul edilməsinə imkan vermirlər.

Bashar al-Assad da ölkədə on illərlə davam edən fövqəladə vəziyyət rejiminin aradan qaldırılması, siyasi partiyaların fəaliyyətinə icazə verilməsi kimi siyasi islahatlar vəd etsə də bunlar onun rejiminin hakimiyyətdən getməsini tələb edən etiraz aksiyalarını səngidə bilməyib.
XS
SM
MD
LG