Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

«Rüfət əqidəsindən dönən deyil»


Aksiyada polis tərəfindən saxlanılan Rüfət Hacıbəyli
Aksiyada polis tərəfindən saxlanılan Rüfət Hacıbəyli
Məhkəmə dövründə vəkili Elçin Namazov işdən kənarlaşdırılanda Rüfət Hacıbəyli hakimdən «məni niyə müdafiəsiz qoydunuz?» soruşmuşdu. Atası İbrahim Hacıbəyli deyir ki, həmin vaxt Rüfətə vəkilinin ona görə işdən kənarlaşdırılması daha pis təsir etmişdi: «Yoxsa Rüfət mübarizədən qorxan deyildi. Çünki o, doğulandan mübarizəyə başlayıb».

DOĞULANDAN MÜBARİZƏ APARIB

Atası danışır ki, Rüfət 1985-ci ili dekabrın 26-da vaxtından iki ay əvvəl, 7 aylıq dünyaya gəlib. O vaxtdan həyatla mübarizəsi başlayıb:

«Bakıdakı Ana və Uşaq Mühafizə İnstitutunun pilləkənlərində həftələrlə yatmışam. O, həyatda qalmaq uğrunda mübarizə aparırdı, bunu bacardı. Sonra da, hələ balaca idilər, qardaşı ilə onu götürüb bir kənara çəkilirdim, onlarla həyatda mübariz olmaları haqqında söhbətlər edirdim. Bu uşaqlar da elə böyüdülər. Bizim babamız vardı- Əbülfət Əliyev, 1918-ci ildə Müsavatda firqə üzvü olmuşdu, o da mən uşaq olanda mənə mübarizlikdən danışırdı. Rüfət universitetə qəbul olunan il Müsavat Partiyasına qəbul olundu, özü öz yolunu seçdi».

HƏBS OLUNANDA BİZƏ TƏSƏLLİ VERİRDİ

İbrahim Hacıbəyli danışır ki, bundan əvvəl Rüfət bir neçə dəfə mitinqlərdə saxlanmışdı. Səhhətinə görə o da, anası da Rüfət üçün narahat olsalar da, həmişə o, valideynlərinə təsəlli verirmiş. Sonuncu dəfə müxalifətin mitinqində ata-bala bir yerdə iştirak ediblər:

Rüfət Hacıbəyli məhkəmə zalında
Rüfət Hacıbəyli məhkəmə zalında
«İyunun 17-də mən də Rüfətlə tutulmuşdum. Bizi Nəsimi rayon polis idarəsinə gətirmişdilər. Rüfətə 5 sutkalıq cəza verdilər. Sonra da 2 ay həbs qərarı çıxardılar. Baxmayaraq ki, o, orduya getmək istəyirdi, nə boyu, nə çəkisi, nə də ürəyindəki qüsur ona hərbi xidmətə getməyə imkan vermədi. Həbsindən sonra biz ona görə narahat olurduq. Ancaq o, bizə ürək-dirək verirdi. Deyirdi ki, «birdən narahat olarsız, biz nə etmişik ki, ədalət, demokratiya uğrunda mübarizə aparırıq. İstəyirik azad seçki olsun. İnsanlar istədiyi fikri ifadə eləsin». Hakim onların haqqında hökmü qurtarmamış biz Azərbaycanın himnini oxuduq. Nə qədər ki, sağam, o gənclərin arxasındayam».

Qardaşı Cavid Hacıbəyli isə deyir ki, eşidəndə ki, qardaşı ictimai qaydanı pozmaqda günahlandırılır, inanmayıb:

«Rüfət Konstitusiyanın 49-cu maddəsinə əsaslanaraq sərbəst toplaşmaq hüququndan istifadə edib mitinqə çıxıb. İttihamda var ki, o polis maşınına zərər yetirib. Ancaq o çıxışında da dedi ki, mən heç vaxt dövlət atributları olan polis maşınına təpik vurmaram».

«BU HAQSIZLIĞI HAMIYA ÇATDIRACAĞAM»

Rüfət Hacıbəyli etiraz aksiyası zamanı
Rüfət Hacıbəyli etiraz aksiyası zamanı
Anası Alagöz Hacıbəyli isə deyir ki, nə oğlu həbs olunanda, nə də hakim onun 1 il yarım azadlıqdan məhrum edilməsi haqqında hökmü oxuyanda ağlamayıb:

«Çünki Rüfət bizi buna hazırlamışdı. Rüfət dönməz, əqidəli bir uşaqdır. Ona həbs cəzası verdilər, ancaq o, əqidəsindən dönən deyil. Elə bir az əvvəl Əhməd Cavadın «Susmaram» şeirinə qulaq asırdım. Şeirdə belə misralar var. Deyir «dil yaranıb danışmağa, mən danışa bilmirəm, nə vaxtacan çörək üçün girək hər alçaq dona». Mən bu hökmlə barışmıram. Oğlumu həbs elədilər. Ancaq mübarizə dayanmayacaq. El-el, oba- oba gəzib bu haqsızlığı hamıya çatdıracağam. Ən böyük arzum budur ki, Rüfət kimi bu ölkənin bütün gəncləri öz fikirlərini çatdırmaqda azad olsunlar, azad bir dövlətdə yaşasınlar».

2 aprel aksiyasından sonra həbs olunmuş Rüfət Hacıbəyli Nəsimi rayon məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ondan başqa daha 13 müxalifətçiyə il yarımdan 3 ilədək həbs cəzası kəsilib.
XS
SM
MD
LG