Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:33

Qazax yazıçısının namizədliyi Nobel mükafatına irəli sürülür


Karişal Asan-Ata. 2010
Karişal Asan-Ata. 2010
Feyziyyə Hacıyeva


Qazaxıstanda yaradılan təşəbbüs qrupu tanınmış dissident, yazıçı Karişal Asan-Atanın namizədliyini Ədəbiyyat üzrə Nobel mükafatına irəli sürür.

Alma-Atıda keçirilən mətbuat konfransında təşəbbüs qrupunun üzvləri bildiriblər ki, Saxarov - Rusiya, Mandela - CAR, Havel - Çexiya, Valensa - Polşa üçün kimdirsə, Karişal Asan-Ata da Qazaxıstan üçün belə bir şəxsiyyətdir.

76 yaşlı yazıçı prezident Nursultan Nazarbayevə qarşı müxalifətdədir.

Mətbuat konfransında yazıçının bu yaxınlarda çapdan çıxan “Həqiqət ölümsüzdür” adlı əsəri də təqdim edilib. Janrca siyasi pamflet olan əsər 1991-2011-ci illəri əhatə edir. Təşəbbüs qrupunun üzvləri bildiriblər ki, əsərdə “Nazarbayev rejiminin bütün

Təşəbbüs qrupunun üzvləri ya Vaslav Havelə, ya da Lex Valensaya müraciət etmək istəyirlər.
qanunları tapdalayıb xalqın başına açdığı oyunlardan” söhbət gedir.

Həmin əsər Karişal Asan-Atanın bundan əvvəl yazdığı “Müstəqillik kabusu” adlı kitabının davamı sayılır. Orada isə yenidənqurma dövrünün hadisələrindən söhbət gedir.

Mətbuat konfransında deyilib ki, yazıçının namizədliyini Nobel mükafatına irəli süməkdə məqsəd həm də başqa bir məqama diqqət çəkməkdir:

“Qazaxıstanda Nobelə namizədliyi irəli sürülə bilən başqa – prezident Nazarbayevdən başqa, daha layiqli namizədlər də var”.

İndiyəcən Qazaxıstandan Nobel mükafatına (amma sülh mükafatına) yalnız prezidentin namizədliyi irəli sürülüb.

Karişal Asan-Ata sovet hökumətinin 1986-cı ildə Qazaxıstanda törətdiyi vəhşiliyi – ölkəyə milliyyətcə rus olan rəhbərin təyin edilməsindən sonra baş qaldırmış etirazların boğulmasını açıq şəkildə pisləyən ilk yazıçı olub. Bunu “qazax xalqına qarşı soyqırımı” adlandırıb.

Yenidənqurma dövründə o, Qazaxıstan Elmlər Akademiyasının həmkarlar ittifaqının sədri olub.

Yazıçı Sovet İttifaqı dağılandan sonra müstəqil Qazaxıstanın prezidenti olan Nazarbayevə müxalif düşərgədə dayandı.

1992-ci ildə onun Moskvada çap edilən “JAK” qəzetinə göndərdiyi “Prezidentin təbəssümünə inanmayın” məqaləsi çıxır. Bundan sonra onu həbs edirlər. Amma beynəlxalq ictimaiyyətin təzyiqi ilə dissident yazıçı 3 aydan sonra azad edilir, ona bəraət verilir.


Bundan sonra onun mühacir həyatı başlayır. 4 il Qafqazda yaşayır.

Karişal Asan-Ata vicdan məhbusu kimi Helmann-Hemmet beynəlxalq mükafatına da (ABŞ) layiq görülüb.

Təşəbbüs qrupuna yazıçı, ictimai xadim Qabbas Kabışuli, şairə, “Kuretamır” ictimai fondunun rəhbəri Aysulu Kadırbayeva, tarix elmləri doktoru, professor Azimbay Qali, rejissor Bolat Atabayev və “Qazaxıstan” qəzetinin baş redaktoru Serqazı Muxtarbekov daxildirlər.

Onlar bildiriblər ki, prosedura görə, hansısa yazıçının Nobel mükafatına namizədliyi bir neçə yolla irəli sürülə bilər.

Bunlardan biri də artıq Nobel mükafatı almış şəxsin başqa bir şəxsin namizədliyini mükafata irəli sürməsidir. Təşəbbüs qrupunun üzvləri ya Vaslav Havelə, ya da Lex Valensaya müraciət etmək istəyirlər. Onlar artıq bu istiqamətdə bəzi işlər gördüklərini deyiblər.

Nobel mükafatına namizədliklərin verilməsi üçün son müddət gələn ilin fevralıdır.
XS
SM
MD
LG