Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:43

Elçin Hüseynbəyli: “Biz alverçi xalqıq, kitab oxuyan deyilik”


Elçin Hüseynbəyli: Biz alverçi xalqıq, kitab oxuyan deyilik
Gözlə

No media source currently available

0:00 0:50:17 0:00
Direct-ə keçid

Yazıçı Elçin Hüseynbəyli ilə söhbət

“Prezident mənə mənzil verdi”

“Romanımdan 7500 manat gəlir götürdüm”.

“Hansısa imkanlı müəlliflər Türkiyədə pul verib kitab buraxdılar. Pis nümunə oldu bu. Ona görə də türk oxucusu Azərbaycan yazarından fərqli bir şey gözləmir”.

“Gələn qurultayda çox güman ki Anar müəllim yenidən bizim sədrimiz seçiləcək”.

“Biz oxu mədəniyyətində Avropadan ən azı 400 il geriyik”.

“Ola bilsin Qisməti kimsə yönləndirir”.


Yazıçı Elçin Hüseynbəyli bunları Azadlıq Radiosunun “Pen klub” proqramında deyib.

Müsahibədən bəzi hissələri “Oxu zalı”nda təqdim edirik.
(Tam şəkildə burda dinlə)

- Elçin bəy, qarşıdan 50 illiyiniz gəlir. Dövlətdən umacağınız varmı?

- Dövlət məndən nəsə umursa, mən də dövlətdən nəsə ummalıyam (gülür - S.A.) Nə ummalıyam ki? İşim var, ev-eşiyim var...

- Məsələn, fəxri adlar uman var...

- Yox, bilirsiz, mən Anar müəllimin bir fikri ilə razıyam ki, fəxri adlar lazım deyil, amma verirlərsə, niyə yazıçılar götürməsin. Niyə layiqlilərə verilməsin o adlar. Bu da bizim ölkəmizdi də. Bizdə də bu qayda var. Məsələn, Fransada hanısa legion ordeni verirlər, bizdə də fəxri adlar.

- Bəs 50 illik yubileyinizin dövlət səviyyəsində keçirilməsini istərdinizmi?

- Məncə, ona ehtiyac yoxdu. Çünki mən hələ elə fövqəladə işlər görməmişəm. Sadəcə, yazı yazmışam. Müəyyən mənada bu qiymətləndirilib. İndi də qiymətləndirilir. Həm Yazıçılar Birliyi, həm Mədəniyyət Nazirliyi, həm də dövlət başçısı tərəfindən. Mən cavan yazıçılar arasında nadir adamlardanam ki dövlət başçısı tərəfindən mənə mənzil verilib. Yazıçılar Birliyinin sədri Anar müəllim və mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin təqdimatı ilə (sağ olsunlar, hər ikisi mənim ağsaqqallarımdı) prezident bunu qiymətləndirib. Mən bunu necə qiymətləndirməyim? Bu çox böyük şeydi yazıçı üçün. Amma mən zığıldayan adam da deyiləm. Ondan qabaq da Azadlıq Radiosunda işləyəndə ikiotaqlı mənzil almışdım. Amma onlar düşündülər ki, mənim daha böyük mənzildə yaşamağa haqqım var. Yəni roman yazan, həm publisistika, həm nəsr, həm də dramaturgiyada müəyyən mənada yeniliyə can atan adam qiymətləndirilməlidir.

“Türk oxucusu Azərbaycan yazarından fərqli heç nə gözləmir”


- Bu yaxınlarda Türkiyədə hekayələr toplum çap edilib, indi isə “Şah Abbas” romanını orada çapa hazırlayırlar. Bunları “Bengü” nəşriyyatı edir.

- Nüfuzlu türk nəşriyyatlarının rəhbərləri “Oxu zalı”na müsahibələrində demişdilər ki, Azərbaycan yazıçılarının əsərlərini çap ediblər, amma satılmır, ambarda qalır...

- Bilirəm. Türkiyədə kitab buraxmaq məsələm ortaya çıxanda mən öz tərcüməçim İmdad Avşardan soruşdum ki, orada ən nüfuzlu nəşriyyat hansıdır? Dedim ki, əgər mən doğrudan da yaxşı yazaramsa, Türkiyədə oxucu auditoriyam varsa, qoy ən yaxşı nəşriyyatlarda çap olunum. O da dedi ki, “Can Yayınları” və “Ötükən”. Söz verdi ki, kitabımın həmin nəşriyyatlarda çap edilməsinə çalışsın. Çünki mən öz pulumla kitab buraxmaq istəmirdim orda. O həmin nəşriyyatlara müraciət etdi, amma onlar imtina etdilər. Bunu belə əsaslandırdılar ki, hekayələr çox gözəldi, tərcümə də əladı, amma təəssüf ki, bizim proqram direktorluğumuzun qərarına görə, postsovet ölkələrindən, o cümlədən Azərbaycandan heç bir müəllifin əsərini çap etmirik. Mən də soruşdum ki, İmdad bəy, bunun səbəbi nədir? (əslində bilirdim) O dedi ki, ay qardaş, sizinkilər gəlib burda kimin parası var kitab buraxdı, türk oxucuları da baxdı ki, Azərbaycandan yazanlar bunlardı və ona görə də oxumurlar.

- Yəni pis nümunələr işləri korladı...

- Bəli, pis nümunələr oldu. Azərbaycana bir neçə alverçi adam gəldi. Onlar Azərbaycanda hansısa imkanlı müəlliflərin əsərlərini aparıb orda çap elədilər. Hətta “Ötükən”də də çap olunanlar oldu. O kitablar satılmadı. Və buna görə də türk oxucusu Azərbaycan yazarından fərqli heç nə gözləmir.

“Romanımdan 7500 manat gəlir götürdüm”

- Bəs Azərbaycanda əsərlərinizin satışı necədir?

- Mən həmişə çalışmışam ki, yaxşı yazıçı olum. Heç vaxt istəməmişəm ki, “Jeep”im olsun, malikanəm olsun. Nobel alım. Bu məni maraqlandırmır. Düzdür, mənim əsərlərimdən, tamaşalarımdan gələn gəlir o səviyyədə deyil ki, bununla ailəmi dolandırım. Amma müxtəlif fondlar üçün layihələr edirik, ildə 1, yaxud 2 dəfə dövlət pyesimi alır tamaşaya qoymaq üçün. O ki qaldı kitablarımın satışından gələn gəlirə, mənə ən çox gəliri “Şah Abbas” romanım gətirib.

- Sirr deyilsə, nə qədər?

- Təxminən 7500 manat pul qazandım.

- Tiraj nə qədər idi?

Verilişin aparıcısı Səadət Akifqızı

- Tiraj min nüsxə idi. Amma mən onun satışını bir qədər fərqli qurdum. Dostlarıma dedim ki, bir-birinizin evinə gedəndə hədiyyə aparmaq istəyirsinizsə, mağazada qalıb qurdlamış konfetləri aparmayın. “Şah Abbas” hədiyyə edin. Onlar da kitabı çox yüksək qiymətə alırdılar. Məsələn, bir nəfər 100 nüsxə aldı. Dedi ki, mən bunu paylayacam, hətta satacam, bundan para qazanacam. Məsələn, 8 manatdan almışdı, 15 manatdan satışda idi. Mən bəzi dükanlarda özüm gördüm.

- Yazıçı Seymur Baycan bir müddət qabaq “Oxu zalı”na demişdi ki, “Quqark” romanının satışından 4 min manat qazanıb. Elxan Qaraqan isə demişdi ki, kitablarından ayda 3 min manat qazanc əldə edir. İnandırıcı gəlirmi bu sizə? Sizcə, Azərbaycan oxucusundan ayda bu qədər pul qazanmaq mümkündürmü?

- Mən onların statistikasına cavab vermək istəmirəm. Düzünü bilmək istəyirsizsə, heç Orxan Pamuk da Azərbaycandan 3 min manat qazana bilməz. Amma “Şah Abbas”dan niyə çox pul qazandığımı dedim.

- Məsələn, S.Baycan idarə, təşkilatlara gedib öz kitabını təqdim edir, satışını təşkil edirdi...

- Bilirsiz, bu, yazıçının işi deyil ki, gedib kitabını kiməsə təqdim etsin. Yazıçının kitabının nəşri, yayımı ilə nəşriyyatlar məşğul olmalıdır. Bizdə hər şey baş-ayaq qurulub. Bizdə hələ ki naşirlər yoxdur. İndi Şahbaz Xuduoğlu ona can atır ki, naşirlik eləsin. Bizdə kobud desək, naşirlər yox, “peçatniklər” var. Müəllifin öz hesabına kitab buraxırlar. Nəşriyyat özü müəlliflərlə işləməli, onlarla müqavilə bağlayır, lazım gəlsə kitab sifariş edir. Bunlar adi şeylərdi, dünyanın hər yerində belədir. Bizdə buna oxşar nəsə olur, amma bu da düzgün deyil ki, müəllifə deyirlər ki, kitabından 350 nüsxə satılsın, sonra satılan kitablardan sənə 10 faiz qonorar verəcəyik. Bu nə puldu ki... İldə 50-100 manat qazanasan, ya yox. Amma heç müəssisə-müəssisə düşmək də olmaz da.

“Bəs 15-ci əsrin sonunda Azərbaycanda və Şərqdə nə baş verirdi?”

- Bəzi nəşriyyatlar, dükanlar hər ay ən çox satılan kitabların siyahısını açıqlayırlar. Sizin də kitabınız düşübmü o siyahıya?

- Yox, mən onlara kitab verməmişəm axı satışa.

- Bəs sizcə, o siyahılar kitab bazarındakı ümumi mənzərəni, reallığı əks etdirirmi?

- Ola bilsin əks etdirir. Amma siz baxın ki, o kitablar neçə ədəd satılıb. Nə qədər? Çox az. Azərbaycanda kitab satışı çox zəifdi. Biz Azərbaycanda oxu mədəniyyəti ilə öyünə bilmərik. Birdən özümüzü aldadırıq ki, sovet vaxtı azərbaycanlılar çox kitab oxuyurdu. Bəs sovetdən qabaq oxuyurdu? Oxumurdu axı.

- Hər halda sovetdən qabaq təhsil səviyyəsi çox aşağı idi...

- Yox. Söhbət ondan gedir ki, biz alverçi, tacir xalqıq. Hər xalqın öz mentaliteti var. Biz ticarəti sevən xalqıq. Biz oxuyan deyilik, olsaydıq... qoy burda sizə bir fakt deyim, 15-ci əsrin axırında İspaniya krallığında universitetlər vardı, jurnallar çıxırdı. Bəs görün 15-ci əsrin sonunda Azərbaycanda və Şərqdə nə baş verirdi? (gülür – S.A.) Biz oxu mədəniyyətində ən azı 400 il geriyik. O ki qaldı sovet dövrünə, bolşeviklər gəldilər və alverçiliyə möhtəkirlik kimi baxdılar, qadağan etdilər. Buna görə hamı başladı kitab oxumağa, bununla öyünməyə. Xoşlayırdıq başqa xalqlar kimi öyünək ki, gör evimdə nə qədər kitab var.. Elə bilirsiz onun hamısını oxuyurdular? Pullu adamlar bahalı kitablar alıb düzürdü şkaflara, amma oxumurdular. Əgər biz oxuyan xalqıqsa, indi də oxuyaq da...

“Ola bilsin Qisməti kimsə yönləndirir”.

ANAR

- Son vaxtlar “Ulduz” jurnalı tənqid hədəfindədir. Sizcə niyə?

- Tənqid hədəfindədir - deyəndə ki, bu günlərdə cavan şairlərimizdən biri jurnal haqqında tənqidi fikirlər söyləyib, mən də deyirəm ki, tam arxayın olsun, “Ulduz” necə çıxıbsa, elə də çıxmağa davam edəcək.

- Dediyiniz şairin adı Qismətdir. O, saytların birinə verdiyi müsahibəsində deyir ki, Elçinə nə gətirsən çap eləyir, amma bu jurnalın ədəbi dairələrdə yayılması, təsir qüvvəsi nə qədərdi ki, adamlar burda çap olunmaq istəsinlər. Qismət hesab edir ki, bunun da günahı baş redaktorda, onun müavinlərindədir, Elçin Hüseynbəyli bir baş redaktor kimi jurnalı idarə edə bilmir. Elçin bəy, səhv etmirəmsə, sizin Qismətlə işbirliyiniz olub, o, jurnalın iki nömrəsini buraxıb. Nə baş verdi ki, bu işbirliyi belə ixtilafa gətirib çıxardı.

- O nömrələr çıxanda çox adam mənə dedi ki, bu nə biabırçılıqdır? Bunlar cümlə qura bilmirlər, şeir yaza bilmirlər. Dedim ki, cavanlar döşlərinə çox döyürdülər, mən də dedim bu jurnal, bu da siz. Buraxdıqları da bu səviyyədə. Amma ikinci nömrəni də verdim buraxsınlar. Hətta qonorarı da dedim ki, özünüz yazın. Onlar hələ cavandırlar, başa düşmürlər ki, 500 tirajla ədəbiyyata təsir etmək mümkün deyil. İndi daha çox təsir elektron saytlardadır. Jurnalı maraqlı eləmək deyəndə nəyi nəzərdə tuturlar? Rasim Qaraca, Murad Köhnəqalanı debata çağırmaq? Onlar da deyir ki, gəlsək Yazıçılar Birliyinin sədrini söyəcəyik. Yeni təfəkkür deyəndə bunu nəzərdə tuturlar?

- Özünüz bir baş redaktor kimi jurnalın səviyyəsindən razısızmı?

- Düşünürəm ki, “Ulduz” Azərbaycan ədəbiyyatının səviyyəsinə uyğundur, bəlkə hələ bir az artıqdır. Çünki biz çox demokratik və humanist prinsiplərlə işləyən naşirik. Mən naşirlik eləyəndə yazıçılığımı kənara qoyuram. Çünki biri o birinə mane ola bilər.

- Qismətin tənqidində heçmi həqiqət payı yoxdur?

- İdarə eləyə bilmirəm deyir... Bəyəm jurnal maşındı, harasa aparıb vurmuşam?

- Məsələn, cağdaş ədəbi mühitin ruhunu tutmamaq...

- Özü idarə eləyərdi də. Vermişdik ki, çıxar bu jurnalı. O vaxt özü müsahibə vermişdi
Rəhim Əliyev

ki, Elçini qınayırdıq, amma biz özümüz indi jurnalı çap etməkdə çətinlik çəkirik. Boğazdan yuxarı, ola bilsin kiminsə tərəfindən yönləndirilən, işin mahiyyıtinə varmadan... sovet dövrü ilə müqayisə edir, o vaxt 80 min tirajla çıxırdı jurnal. Əlbəttə ki,ədəbi proseslərə təsiri olacaqdı.

- Elçin bəy, SMS gəlib ki, “Qismətgil kim tərəfindən yönləndirə bilər?”

- Mən ehtimal kimi dedim, oxucu özü müəyyən eləsin, o özü kifayət qədər məlumatlı adama oxşayır, özü də bilə bilər ki, söhbət hansə dairələrdən, kimlərdən gedir.

“Çox güman ki Anar müəllim yenidən bizim sədrimiz seçiləcək”

- Elçin bəy, Yazıçılar Birliyinin qurultayı yaxınlaşır, birliyin sədri Anar deyir ki, yorulub artıq. Sədrlik postuna iddialılar kimi sizin də adınız hallanır mətbuatda. Özünüzün iddianız varmı?

- Mənim sədr olmaq iddiam yoxdu. Sadəcə, öncələrdə mənə sual vermişdilər, mən də demişdim ki, əgər Anar müəllim namizədliyini verməsə, mən bu barədə düşünə bilərəm. Anar müəllim, yaxud başqa namizədlər (onların da yaşı 70-ə yaxınlaşıb) deyə bilərlər ki, bəlkə elə cavanlardan biri sədr olsun. Məsələn Elçin Hüseynbəli olsun. Deyək ki, əsərləri var, xaricə çıxmaq, dil problemi yoxdu, Qafqazda, Moskvada, Türkiyədə əlaqələri var. Yəni müəyyən parametrləri önə çəkib bunları deyə bilərlər. Amma mən bu fikirdəyəm ki, baxacam, əgər daha layiqli, təcrübəli namizədlər olarsa (yəni bilirsiz, müəyyən parametrlər var, sədr olmaq üçün təkcə yaxşı əsərlər yazmaq bəs deyil) mən onlardan birinin namizədliyini də müdafiə edə bilərəm. Amma mən indi birmənalı şəkildə deyirəm ki, gələn qurultayda çox güman ki Anar müəllim yenidən bizim sədrimiz seçiləcək. Mən istəyirəm Anar müəllim qalsın, çünki o təkcə sədrimiz yox, həm də ağsaqqalımızdır.

- Necə fikirləşirsiz, Yazıçılar Birliyində hansısa islahatlara ehtiyac varmı?

- Anar müəllimə də demişəm, hesab edirəm ki, katibliyin dinamikləşməsinə ehtiyac var, gəncləşməlidir, yeni dövr yeni tələblər qoyur.

- Katiblərdən biri kimi necə, özünüzü görürsüz?

- Bilirsiz, heç sədrlik də böyük vəzifə deyil. Anar müəllim o postda olduğundan o vəzifə qiymətli görünür. Katiblikdə nə var ki? Elə mən özüm katib kimiyım də.

“Pen klub”a telefonla qoşduğumuz tənqidçi Rəhim Əliyev də Yazıçılar Birliyinin növbəti qurultayı ilə bağlı fikirlərini açıqlayıb:

- Son 25 ildə Yazıçılar Birliyinin qurultayları hamısı bir-biirinə oxşayır, heç də bütün yazıçılar dəvət olunmur, Anar müıllim kimi istəyir, onlar çağrılır. İndi Elçin müəllim qurultayla bağlı nikbin sözlər deyir, çünki bilir, bir redaktor kimi qurultay onu

təsdiqləməlidir. Bir yazıçı ordan düz-əməlli qonorar ala bilmir, amma birliyin aparatında 50 adam işləyir, maaş alır. Yazıçılar Birliyinin adı ictimai qurumdur, amma faktiki birbaşa dövlət orqanıdır, büdcədən maliyyələşir. Ona görə də yuxarıdan kim deyiləcəksə, sədr də o olacaq. “Katiblik nə vəzifədir ki” deyir Elçin müəllim. Katiblərin orda kabineti var, katibəsi, maaşı, xidməti maşını var, diplomatik pasportları var. Mən təklif edərdim ki, 50 nəfərlik aparat ləğv olunsun, heç kim maaş almasın. Yazıçılar Birliyinə ayrılan vəsait yazıçılara qonorar kimi ayrılsın. Vəsaitin bir hissəsi Yazıçılar Poliklinikasına köçürülsün ki, yazarlar pulsuz müalicə ala bilsinlər.

E.Hüseynbəli isə deyib ki, o, Yazıçılar Birliyinin aparatının ləğv olunması və s. təkliflərə münasibət bildirə bilməz. Bunu birliyin rəhbərliyi edə bilər. Amma onun fikrincə, belə radikal addımlara ehtiyac yoxdur. “50 nəfər o aparatda işləyir, maaş alır, balalarına çörək aparır. Bunun nəyi pisdi ki. Onlar da qələm adamları, yazıçıdılar”.
XS
SM
MD
LG