Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

“Kim, nədən qurtulub” sualına YAP-dan cavab


Bakıda Heydər Əliyevin posterlərindən biri
Bakıda Heydər Əliyevin posterlərindən biri
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəlib. O vaxtdan 15 iyun Azərbaycanda “Milli Qurtuluş Günü” kimi qeyd olunur. Amma bununla belə indi də Azərbaycanda “Qurtuluş günü”nə münasibət birmənalı deyil. Bu barədə AzadlıqRadiosunun suallarını o dönəmlər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gətirilməsi üçün müraciət imzalayan “91-lər”dən biri, YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca cavablandırıb.

Sizcə Azərbaycanda bu qurtuluş nəyi ifadə edir, kim, nədən qurtulub?
- Əgər o zaman Heydər Əliyev gəlməsəydi, Azərbaycan hətta əldə etdiyi müstəqilliyini belə itirə bilərdi. Çünki o dövrdə dövlət həyatını bütün sahələrinə hərc-mərclik sirayət etmişdi. Bir tərədən hakimiyyət uğrunda çəkişmələr, digər tərəfdən də təcavüzkar Ermənistanın bir-birinin ardınca torpaqlarımızı işğal etməsi ölkəni dağıdırdı.
Real vətəndaş müharibəsi ilə üzbəüz dayanan Azərbaycan parçalanmanın astanasında idi. Xaricdən dəstək alan Surət Hüseynovun qiyamçı dəstələri sürətlə Bakıya doğru irəliləyirdilər. Əlikram Hümbətov Cənubda üzdəniraq Talış Muğan Respublikası yaratmaq xülyası ilə hərəkətə başlamışdı.
Belə bir zamanda Azərbaycanın xoşbəxtliyinə işıq sala bilən Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun gəlişi ilə torpaqlarımızın işğalı dayandırıldı, qısa bir zamanda ölkədə sabitlik yarandı. Siyasi böhran aradan qaldırıldı. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı. Gələcəyə ümidini artırdı. Torpaqlarımızın tezliklə azad olunacağına ümid yaratdı. Biz belə düşündüyümüz üçün o vaxt parlamentdə bu tarixi “Qurtuluş Günü” elan etdik.
Belə iddialar da var ki, əslində Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanın daha 6 rayonu işğal edilib...
- Yox. 6 rayon Heydər Əliyevin təqsiri ucbatından işğal olunmayıb. O vaxt Heydər Əliyev yenicə başlamışdı hər şeyə və dövlət qurmağa çalışırdı. Belə tez heç nə edə bilməzdi. Çünki rayonların bir-birinin ardınca işğal olunması prosesi ona qədər artıq başlamışdı.

1993-cü il hadisələrində Heydər Əliyevin Surət Hüseynovla əlbir olduğunu deyirlər. Buna əsas kimi də o dönəm məhz Heydər Əliyevin hakimiyyətə gəlməsini göstərirlər...
Xeyrəddin Qoca

- Qətiyyən belə deyil. Mən Naxçıvanda Heydər Əliyevin yanında olurdum. O hadisələr başlayanda Heydər Əliyev hətta Surət Hüseynov deyilən şəxsin kim olduğunu soruşdu. Heydər Əliyev Milli Məclisə gələndən sonra Surət Hüseynov ilə ünsiyyəti olub. O da onu bu hərəkətlərdən daşındırmaq, düz yola dəvət etmək üçün.
Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda rüşvətin, korrupsiyanın çiçəkləndiyini, ölkəni qanunlar deyil monopolistlərin idarə etməsi haqqında da ittihamlar var. Sizin arqumentiniz nədir?
- Monopolistlər dünyanın hər yerində var. Eləcə də rüşvət və korrupsiya. Amma bunu Heydər Əliyevin adı ilə bağlamaq düz deyil. Heydər Əliyev o şəxsdir ki, SSRİ-nin dövründə, heç kim belə şeylərdən danışmağa cəsarət etmədiyi vaxtda – 1969-cu ildə məruzə edərək rüşvətə qarşı çıxıb. İndi də prezident İlham Əliyev bu işi davam etdirir. Amma belə şeylərin qarşısı asanlıqla alınmır.
Yerlibazlığın, tayfaçılığın əsasının qoyulması barədə deyilənlərə münasibətiniz.
- Onu da dediklərini eşitmişəm. Amma nə olsun? Vəzifəli şəxsləri sayanda görürük ki, hərəsi müxtəlif yerlərdəndir. Məsələn, xatırlayıram, Heydər Əliyevin vaxtında Sabir Rüstəmmxanlı mətbuat və informasiya naziri idi. O naxçıvanlı, yaxud ermənistanlı deyildi ki. Ola bilsin ki, həmin regiondan olanların çəkisi hakimiyyətdə bir az artıq olsun. Amma bunu o cür qələmə verməkdə düz etmirlər.
Dediz 1993-cü ildə millətdə tezliklə torpaqların azad olunmasına ümid yarandı. Sizcə “tezliklə” ifadəsi qüvvədə qalırmı?
- Əlbəttə o vaxt ümid yarandı. Və o ümid indi də var. Gec-tez biz bir millət, bir dövlət olaraq o torpaqları geri alacağıq. Prezident də buna çalışır. Heç bir prezident istəməz ki, onun ölkəsinin torpaqları işğal altında qalsın.
Daha bir iddia ondan ibarətdir ki, qurtuluş günü adlandırılan tarixdən başlayaraq vətəndaşların sərbəst toplaşma azadlığı məhdudlaşdırılıb.
- Bilirsiniz, bunlar xırda məsələlərdi. Mən deyə bilmərəm ki, məhdudlaşdırılıb. Amma mitinqlər də icazə ilə olmalıdır. Xarici ölkələrdə də icazəsiz aksiyaları dağıdırlar. Özü də su şırnaqları və sairə ilə. Mən indi başıma 5-10 nəfər toplayıb gedim qatarların, mağazaların şüşələrini sındırım ki, aksiya keçirdirəm? Sərbəst toplaşma bu deyil axı. Düzdür, mən dövlətin vəzifəli adamı deyiləm buna cavab verim. Bizdə imkan verilsə, həbsdən adamı çıxardıb prezident seçərlər. Görümsünüz, kimləri prezident seçmişdilər.
Hər halda, bu demokratik yolla edilsə, təhlükəsi nədir ki, seçicilər sonradan dəyişə də bilərlər seçdiklərini.
- Tam haqlısınız. Mən 100 faiz demokratiyanın tərəfindəyəm. Mən də düşünürəm ki, qoy, xalq bir dəfə səhv etsin, iki dəfə səhv etsin, axırda düzələcək. Amma bizdə xalq dünən yaranmayıb axı. Hələ də heç nə düzəlmir ki, düzəlmir. Yavaş-yavaş dövləti qurmaq lazımdır.
Mən hesab edirəm ki, o dövlətin əsasını Heydər Əliyev qoyub. İlham Əliyev də bu işi davam etdirir. Mənim gördüyüm budur. Amma çatışmazlıq, nöqsan deyirsinizsə, bəli, var. Özü də çoxdur. Biz bu barədə kitablar da yazırıq, tənqid də edirik, mətbuat da yazır. Bəli maaşlar, pensiyalar aşağıdır. Xalqın firavan yaşadığını da düşünmürəm. Amma dövlətin hamının yaxşı yaşamasına çalışdığı da göz qabağındadır axı.
Sizcə, seçkilərin saxtalaşdırılması nöqsan adlandırmaq olar, ya cinayət? Belə bir iddia var.
- Mən o iddiada deyiləm ki, seçkilər saxtalaşdırılır. Görməmişəm də ki, Azərbaycanda seçkilər saxtalaşdırılır. Amma elə bir şeyin olmasını da istəmərəm.
Sizcə daha bir “91-lər”in yaranmasına ehtiyac var bu gün Azərbaycanda?
- Əvvala, yarana bilməz. Çünki o ideyada olan adamlar azdır. Digər tərəfdən də ölkə çiçəkləndiyi bir vaxtda niyə yaranmalıdır ki? Bu boyda iqtisadi inkişaf xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edir. Bu iqtidar da camaatın yaxşı yaşamasına çalışır.
Necə fikirləşirsiniz, Azərbaycanda siyasi ideyalar 1993-cü ilin 15 iyunundan əvvəl, ya sonra daha sərbəst idi?
- 1993-cü ilə qədər olan ideyaların sərbəstliyini biz gördük. Məsələn, Milli Məclisdə siqaret çəkirdilər, bir birini vururdular, qışqırıb bağırırdılar. Bakıdan Naxçıvana Heydər Əliyevin yanına gedənlərin ayağını-ayağının üstünə aşırıb təsbeh çevirdiyini görmüşəm mən. 15 iyundan sonraya gəlincə, məsələn, mən azadam, sərbəstəm. İstədiyimi deyirəm və yazıram. Kim azad deyilsə o yaltaqdır. Anadangəlmə elədir, elə yaranıb.
Dövlət Nə vaxt çiçəklənir, onu azad adamlar quranda yoxsa yaltaq adamlar?
Əlbəttə azad adamlar
XS
SM
MD
LG