Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:27

Rüfət Əhmədzadə "Thanatos" (Mənsur şeir)


Sənin uca boyun var, əndamın da çəkici. Duruşuna söz düzməyim artıq olar… Təsvirim isə əksik. Qısaca, çox gözəlsən!

İri gözlərindən nə deyim yağır? Vəhşilikmi? Ehtirasmı?

Ya sadəcə sevilməyə ehtiyac? Bəlkə, “elə insanlıq yağır” deyim?

Yoxsa, başqa obrazları təsvir etdiyim kimi, sənin də yerinə özümü qoyum…

Bu baxışlarda nə duyulduğunu öz duyğumla yoxlayım…

Və sonda, “sənin kimi qadınlıq ağır” deyim?

Sən özəlsən, qadın! Özəlsən… Elə qadınlığınla! Elə mənin qarşımda varlığınla! Sənin kimi bir qadınla sevişməyi kim arzulamazdı ki?

Mən də onlardan biri… Hiss etdiyim, amma hey gizlətdiyim bir arzum oldun, qadın!

Sənin hər gülüşün də, mənlə hər görüşün də… Utancaq qızlar kimi, arada-bir gur saçlarını sığallayıb, bir-iki yol mənalı süzüşün də…

Nə qədər sıxsa da məni, lap qəhər boğsa da məni inan çox xoş duyğudur. Hətta, deyim fərəhdir. Amma… Mənim olmayan!

Hiss edirəm, qadın. Sənin mənə meylini hiss edirəm. Heç özüm də bilmirəm bu meyl nədən yaranıb, qadın… Heç sənin də bildiyini sanmıram.

Yəqin ki, hər şey birdən oldu, qadın! İndiyədək, həyatına girib yatağından çıxan kişilərdən çoxmu fərqliyəm… Yəni, belə fərliyəm?!

Zənn etmirəm, qadın! Amma billirəm ki, sənə lazım olanı verən olmadı. Mənim sənə verə biləcəyimi. Sevgini deyirəm, qadın, sevgini! Amma… Mənim olmayan!

Sənimi özümə yaraşdırmadım? Yoxsa, özümü sənə? Bəlkə, sənin başgicəldən ətrin məni qorxuya saldı birdən? Ağlımı itirməkdənmi qorxdum – sənin qolların, sənin saçların arasında?

Yoxsa, son nəfəsinmi gözlədiyini duydum – baxdıqca da uzaqdan, burun pərlərimi genişlədən döşlərinin ortasında?

Bəlkə də, bu sadəcə “kompleks” adlı bəla – mən arığam, mən cılızam… Sənə baxanda uşağın yerində. Səndən gödəyəm, qadın!

Sənə dağın ətəyindən baxan kimi baxıram – sən mənimçün zirvəsən! Amma… Mənim olmayan!

Sən də mənə baxırsan qadın. Heç də yuxarıdan aşağı yox… Bəs, necə izah edim?

Sanki, çoxdan aradığın, illər sonra tapdığın bir kitab tək… Və ya bir neçə qurtum, amma çox qiymətli olan şərab tək… Məni süzürsən, qadın! Barı, hərdən yayındır baxışını, məni yaxarsan… Saqın!

Məni oxumaqmı istəyirsən? İndiyədək duymadığın sözlərimi deyəcəm – sənin yaxşı bildiyin leksikondan?

Mənə toxunmaqmı istəyirsən? Yoxsa, odumdan yanarkən, nəfəsim sərinmi çıxacaq, yenilikmi doğacaq – sənin yaxşı tanıdığın hormondan?

Mənimlə yatmaqmı istəyirsən? Bəlkə, yatağındakı izləri yumaq… Hətta, bir təzad da quracaqsan, qurudacaqsan tənha gecələrin göz yaşlarını… Sadəcə, tərimlə süzülən vücudumdan?

Yoxsa, ölənə qədər yaşamaqmı? Mənim qadınım olmaqmı, qadın? Bəlkə, bir inqilab edəcəksən…

İndiyədək sənin yanında olub sənin olmayanların heyfini alacaqsan, məni başqasından oğurlamaqla… Taledənmi, qadın? Taledənmi qisas alacaqsan… Amma bizim olmayan?!
http://rufatahmad.wordpress.com/2011/01/21/thanatos/
XS
SM
MD
LG