Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:19

Gəncə zavodlarında zorən məzuniyyət?


3 ilə yaxındır ki, Gəncənin iki böyük istehsal müəssisəsinin fəaliyyəti dayanıb
3 ilə yaxındır ki, Gəncənin iki böyük istehsal müəssisəsinin fəaliyyəti dayanıb
3 ilə yaxındır ki, Gəncənin iki böyük istehsal müəssisəsinin fəaliyyəti dayanıb. Onlardan biri «Azəralüminium» Gil Torpaq İstehsalat Birliyi tamamilə, ikincisi - Əlvan Metalların İstehsalı Sənayesi isə qismən. İqtisadi böhranın təsirindən yan keçməyən «Azəralüminium» 2008-ci ilin aprel ayında Gəncə və ətraf rayonlarda yaşayan 700 əməkdaşını öz hesabına məzuniyyətə göndərib.

Adı işdən çıxarılanlar sırasında olan Adil Tağıyev deyir ki, bu müddətdə iş tapa bilməyib. Müəssisənin fəaliyyətini dayandırması ailə büdcəsinə pis təsir göstərib, dolanışıqları xeyli pisləşib.

ÖZ HESABINA MƏZUNİYYƏTƏ GÖNDƏRİLƏN 700 NƏFƏR İŞÇİ...

«3 ildir işsizik. O vaxt dedilər ki, maaşın 60 faizi işləməyən müddətdə veriləcək. Amma verilmədi. 180-190 manat alırdım. Biz o yaşdayıq ki, başqa yerə işə götürmürlər. Çətindir dolanmaq. Təqaüdə yeni çıxmışam».

Hər iki oğlu eyni vaxtda «Azəralüminium»dan işdən çıxarılan Süqra Əliyeva isə deyir ki, ümidlə zavodun açılacağını gözləyir:

«OĞLUMU EVLƏNDİRMƏLİYƏM. ŞƏKƏR XƏSTƏSİYƏM, İSTƏYİRƏM YAXŞI YEYƏM...»

«Hamı çıxdı, müdirlər təkcə işləyir. İki övladım oturub evdə. 150 manatdan çox alırdılar. Bağlanmasa yaxşı olardı. Çətinliklərimiz çoxdur. Oğlumu evləndirməliyəm. Şəkər xəstəsiyəm, istəyirəm yaxşı yeyəm. Ümid edirik ki, inşallah yaxın vaxtlarda açılar».

İŞÇİLƏR RƏSMİ ÇIXARILMAYIB...


«Azəralüminium» Gil Torpaq İstehsalat Birliyi
Əlvan Metalların İstehsalı Sənayesindən işdən çıxarılan, adının çəkilməsini istəməyən daha bir Gəncə sakini isə deyir ki, müəssisə işləyir. Xeyli sayda işçi çıxarılsa da, bunu rəsmi qeydiyyata alan yoxdur:

«Böhranı əsas gətirdilər ki, camaatı dolandıra bilmirik. Deyir ki, özəl müəssisədir. Mən hər şeyi öz cibimdən verirəm. Fakt bizim müəssisə işləyir... Biz icra hakimiyyətinə getdik, dedilər ki, müəssisə işləyir, heç bir işçi azad olunmayıb. Müəssisə işləyir, amma mənim kimi işçilər evdədir, işləmir».

«Azəralüminium» Gil Torpaq İstehsalat Birliyindən fərqli olaraq Əlvan Metalların İstehsalı Sənayesi dövlət müəssisəsi deyil.

«HÖKUMƏTİN BAŞI NEFTƏ QARIŞIB...»

İqtisadçı Azər Mehdiyev deyir ki, son illər yeni iş yerlərinin açılması ilə bağlı şişirdilmiş statistikalara istinad edilsə də, yüzlərlə işçini təmin edən müəssisələrin fəaliyyəti dayanıb. Bunun ciddi iqtisadi problemlər yaratdığın deyən Azər Mehdiyev bildirir ki, hökumət indi daha çox neft gəlirləriylə maraqlanır:

«Azərbaycanda son illər yeni iş yerlərinin açılması statistikasına baxmayaraq, xüsusən bölgələrdə olan iri sənaye müəssisələrinin bağlanması ciddi sosial iqtisadi problemlər doğurur. Azərbaycan üçün Gəncə Alüminium Zavodu çox əhəmiyyətli bir zavoddur. Nəzərə alsaq ki, alüminium dünya bazarında çox qiymətli metallardan biridir.
Azər Mehdiyev
Təbii ki, bu zavodun işə salınmasının həm ölkəyə vəsaitin daxil olmasında, həm də Gəncə kimi 2-ci böyük şəhərdə yeni iş yerlərinin açılmasında böyük rolu var. Sadəcə, hökumətin başı neftə çox qarışıb. Bu da belə strateji əhəmiyyətli sahələrə marağı bir qədər azaldır».

ÜMİD MART AYINADIR...

Bu iki böyük istehsal müəssisəsinin nə vaxt işini bərpa edəcəyi və işçilərin aqibəti ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin yerli şöbəsinə müraciət etdik. Şöbənin rəisi Arzu Hacıyev bildirdi ki, onda belə bir məlumat yoxdur. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti isə Əmlak Komitəsinə müraciət etməyi məsləhət bildi. Ancaq nə komitənin mətbuat xidmətindən, nə də yerli şöbəsindən bizə məlumat verən oldu. Gəncə şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov isə ötən ay jurnalistlərə müsahibəsində bildirmişdi ki, bu ilin mart ayında «Azəralüminium» işə düşəcək və öz hesabına məzuniyyətə göndərilən işçilər geri çağırılacaq.

Azərbaycan parlamentin son iclasında isə deputat Şəmsəddin Hacıyev deyirdi ki, qlobal böhran Azərbaycan iqtisadiyyatından yan keçib. Bütün dünyanı böhran silkələdiyi halda Azərbaycanda bir iş yeri belə bağlanmayıb.
XS
SM
MD
LG