Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:24

İpotekada alman modeli


Elman Rüstəmov
Elman Rüstəmov
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, bu il “Tikinti əmanət bankları haqqında” qanun qəbul ediləcək. Yeni qanunun qəbulundan sonra ipoteka kreditləri üzrə alman modeli tətbiq olunacaq.

E.Rüstəmov deyir ki, mövcud ipoteka modelinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur.

Tikinti əmanət bankları ilk dəfə Almaniyada yaranıb. Hazırda Avropanın bir çox ölkələrində bu model tətbiq olunur. Almaniyada ipoteka kreditlərinin 70 faizi məhz tikinti əmanət bankları tərəfindən verilir.

“BİZDƏ HARADADIR BU QƏDƏR MƏBLƏĞ Kİ, BANKA ƏMANƏT QOYAQ”


Əslində, bu xəbər Əhməd Hüseynov kimi mənzil sahibi olacağı günü səbirsizliklə gözləyən bir çoxları üçün sevindirici ola bilər:

“Neçə illərdir ki, ev almaq istəyirik. Amma əldə etdiyim qazancla ipotekanın şərtlərini qarşılamaq mümkün olmur. İpotekada yeni model tətbiq olunarkən nəzərə alınmalıdır ki, bizim qazancımız gündəlik xərclərimizi zorla qarşılayır. Bizdə haradadır bu qədər məbləğ ki, banka əmanət qoyaq”.

Nüsrət İbrahimov
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə deyir ki, alman modelinin tətbiqinə Azərbaycan bazarında çoxdan ehtiyac duyulur:

“BAZARIN BUNA EHTİYACI VAR”


“Yeni modelin mahiyyəti ondan ibarətdir ki, vətəndaş pulunu evində yığmır, yatırır tikinti əmanət bankında öz şəxsi hesabına. Müəyyən məbləğ yığıldıqdan sonra bankla qarşılıqlı razılaşma əsasında xüsusi hesabında yığılmış vəsaitin fərqi banka ödənilməklə mənzil alır. Burda faiz dərəcələri həm ipoteka, həm də kommersiya kredit faiz dərəcələrindən aşağı olacaq və potensial alıcıları özünə cəlb edəcək. Artıq bu qanunun qəbulunun və tətbiqinin zamanı yetişib, çünki bazarın buna ehtiyacı var”.

İqtisadçı Vüqar Bayramov isə alman modelinin Azərbaycanda tezliklə uğur qazanacağına inanmır:

“BÖYÜK ƏMANƏTİ OLAN İNSANLARIN BİR NEÇƏ EVİ VAR”


Vüqar Bayramov
“Almaniyada olduğu kimi, Azərbaycanda bu modelin uğur qazanmaq ehtimalı məhduddur. Azərbaycanda adətən böyük əmanətə malik olan insanların bir neçə evi var. Mənzili olmayan insanların əksəriyyətinin isə əmanət üçün imkanları belə yoxdur. Kiçik əmanətlə isə mənzil almaq imkanları məhduddur.

Mənzilin sahəsi, mənzilin qiyməti və eləcə də mənzil alma imkanları vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləğindən asılı olur. Ona görə də güman olunur ki, tikinti əmanət bankları vətəndaşların əmanətlərinin cəlb edilməsi baxımından da müəyyən problemlərlə üzləşə bilər”.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli isə Azərbaycanda ipoteka kreditlərinin təkmilləşdirilməsi üçün alman modelinin tətbiqini zəruri hesab edir:

“İPOTEKA KREDİTİ MEXANİZMİNİ TƏKMİLLƏŞDİRMƏYƏ EHTİYAC VAR”

Əli Məsimli
“İlk növbədə, ipoteka kreditləri üçün ayrılan vəsaitin həcmi artırılmalıdır. Əhalinin gəlirləri artmalıdır ki, ipoteka krediti alan zaman ödəyəcəyi vəsaitlə, yaşaması üçün zəruri olan vəsait nisbətində optimallıq olsun. Əhalinin orta təbəqəsinə əlçatan olması üçün ipoteka krediti mexanizmini əsaslı sürətdə təkmilləşdirməyə ehtiyac var”.

Mərkəzi Bank “Əmanət tikinti bankları haqqında” qanun layihəsi üzərində çalışır. Layihə hazır olduqdan sonra baxılmaq üçün Milli Məclisə təqdim olunacaq.

Əmanət tikinti bankları həm mövcud bankların tərkibində, həm də ayrıca yaradıla bilər. Qanun layihəsinin 2011-ci ildə qəbul olunacağı nəzərdə tutulur.

BU MÖVZUDA "İŞDƏN SONRA"DA DA MÜZAKİRƏ OLUB. DİNLƏYİN:


XS
SM
MD
LG