Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

Tunisdə xalqın əsas qəzəb hədəfi – Birinci Xanım


Leyla Trabelsi
Leyla Trabelsi
ÖLKƏSİNİN 1.5 TON QIZILINI ZƏBT EDƏN BİRİNCİ XANIM

Devrilmiş prezidentlərin xanımları adətən ya lüks həyat tərzlərinə, son dəb geyimlərinə, ya da ayaqqabı həvəskarlığına görə xalq arasında kinayə obyekti olub. Amma Tunisin yanvarın 14-də ölkədən qaçmış prezidenti Ben Alinin arvadı 53 yaşlı kübar görkəmli Leyla Trabelsi görünür, başqa məziyyətlərinə görə Tunis vətəndaşlarının çoxunun qəzəbinə gəlibmiş.

Keçmiş birinci xanım ölkədən çıxanda Milli Bankın 1.5 ton qızılını da özüylə aparıb.

“Guardian” qəzeti yazır ki, hələlik bu qızıl xəbəri rəsmi təsdiqlənməsə də, onun gerçək olduğuna inanalar çoxdur.

Trabelsi haqqında kitab yazmış Fransa yazıçısı Catherine Graciet qəzetə bildirib ki, belə şeylər Leyla Trabelsinin əlindən gələn işlərdir.

BİRİNCİ XANIMIN TRABELSİLƏR AİLƏSİ

Tunisin mərkəzi əyalətlərindən birində dünyaya gəlmiş Trabelsinin 10 qardaşı var. Atası meyvə və cərəz satmaqla ailəsini dolandırımış. Gələcək əri Ben Ali ilə görüşənə qədər bərbər kimi çalışırmış. Hələ Ben Ali əvvəlki arvadı ilə evli olarkən artıq Leyla onun bir qızını dünyaya gətimişdi.

1987-ci ildə hakimiyyə gəlndən dərhal sonra Ben Ali üç uşaq anası olan əvvəlki arvadından boşandı. 1992-ci ildə isə Leyla Trabelsi ilə evləndi. Bununla da Trabelsilər ailəsi hakimiyyətə yerləşməyə başladı.

Leyla Trabelsi ölkənin ictimai həyatında çox fəal idi. O, xeyriyyəçi kimi tanınmış, Ərəb Qadınları Təşkilatına, əlillərin işlə təmin edilməsi üçün qurulan Basma Asossiasiyası adlı Xeyriyyə Təşkilatına, SAİDA adlı xərçəng xəstələrinə yardım qurumuna rəhbərlik edirdi.

“Guardian” yazır ki, illər sonra Trabelsi soyadı artıq Tunisi dağıdan korrupsiya, arsızlıq, qəddarlıq ifratçılığın sinoniminə çevrilmişdi. Ben Alinin qızının əri bağçasında yalnız təzə ətlə bəslənən pələnglər saxlamağa başladı.

Trabelsi və Ben Alinin öz ailəsinin adamları Tunisdə banklara, hava yolları şirkətlərinə, internet provayderlərinə, radio və televiziya kanallarına, sənaye və pərakəndə ticarət şəbəkələrinə sahib idi.

WikiLeaks saytının dekabrda yaydığı və ABŞ diplomatlarının Tunisdən gizli məktubları olduğu dediyi sənədlərdə qeyd edilir: “Nağd pul, torpaq, əmlak, var-dövlət, nə olur-olsun, Ben Alinin aliləsi hər kəsdən istədiyi hər şeyi alır. Mafiyaya bənzər bir ailə haqqında söhbət gedəndə, hamı o dəqiqə hansı ailədən söhbət getdiyini başa düşür. Ölkə iqtisadiyyatının tən yarısının Ben Alinin arvadına yaxın adamların əlində olduğunu rahatca söyləmək olar”.

PREZİDENT YIXILDI, QİSAS BAŞLADI

Trabelsi soyadı artıq Tunisi dağıdan korrupsiya, arsızlıq, qəddarlıq ifratçılığın sinoniminə çevrilmişdi
Fransalı yazıçı Graciet qəzetə deyib ki, Leyla Trabelsi və onun yaxınları həqiqətən də belə münasibətə layiq idilər: “Bu ailədə Leyla hədsiz dərəcədə nüfuza sahib idi və onlar ölkənin iqtisadiyyatının olduqca böyük sahəsinə nəzarət edirdilər. Leyla həmçinin hakimiyyətdə söz sahibi idi, dövlət vəzifələrinə təyinatda, nazirələrin işdən kənarlaşdırılmasında son sözü deyirdi”.

Yazıçı hesab edir ki, Leyla Trabelsi “Makiavelli sayağı, məharətli, iddialı, öz mənfəətini hər şeydən üstün tutan, bunun üçün başqalarını istifadə edən və büsbütün mənəvi, vicdani tərəddüdü olmayan adamdır. O, həm də çox füsunkar biridir”.

Ben Ali ölkədən qaçan kimi isə qisaslar başladı, Leyla və Trabelsilər ailəsinin villaları, biznes obyektləri talan edilib yandırıldı. Bəzi məlumatlara görə, bu ailənin üzvlərindən birini qəzəbli kütlə qətlə yetirib.

PİLOT TƏYYARƏNİ SÜRMƏKDƏN İMTİNA EDİB

Ailə üzvlərindən beş nəfərin olduğu təyyarəni idarə etməkdən imtina etmiş pilot Tunisdə indi milli qəhrəmana çevrilib.

Ben Alinin dostlarından Mohamed Gaddahi də bu ailənin Tunis xalqına zülmünü etiraf etməli olub: “Prezident çox yaxşı işlər gördü, amma ailəsi Tunisə çox pis işlər gördü”.

İSVEÇRƏ BANKLARINDAKI HESABLAR DONDURULDU

“Assosiated Press” agentliyinin məlumatına görə, yanvarın 19-da İsveçrə Federal Şurası Tunisin devrilmiş prezidenti Ben Ali və və Fil Dişi Sahilinin lideri Laurent Gbagboya məxsus olan bütün hesabları dondurmaq qərarına gəlib.

İsveçrə həmin adamlara qarşı ölkələrində qaldırıla biləcək cinayət işlərinin istintaqına yardım üçün bu addımı atdığını bildirir.

Ben Ali 23 illik hakimiyyətdən sonra ölkəni bürüyən etiraz aksiyalarına tab fətirməyərək yanvarın 14-də Səudiyyə Ərəbistanına qaçıb.

Fil Dişi Sahilində isə dünyanın əksər ölkələri ötən ilin noyabrında keçirilmiş prezident seçkisini indiki dövlət başçısı Gbabgbonun uduzduğunu deyərək, onun hakimiyyəti tərk etməsini tələb edirlər.
XS
SM
MD
LG