Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

“Despotik rejimlər Tunisdəki hadisələri nəzərə almalıdırlar”


Mohammed Ghannouchi
Mohammed Ghannouchi
Korrupsiyalaşmış avtoritar rejimlər kövrək olurlar. Bu baxımdan Tunis prezidenti Zine al-Abdine Ben Ali istisna təşkil etmədi. Ancaq etiraz nümayişlərinin rejimi devirən bir qiyama çevrilməsini çox az adam güman edərdi.

“Guardian” yazır ki, əhalisi Tunis əhalisindən heç də az istismar edilməyən qonşu ölkələrin hökumətləri indi baş verənləri qorxu hissi ilə izləyirlər.

SİYASİ RƏQİBLƏR SIRADAN ÇIXARILMIŞ, MEDİA SUSDURULMUŞDU

Qərb diplomatları Zine al-Abidine Ben Alini nisbətən etibarlı rəhbər sayırdılar. Onun hakimiyyətdə olduğu 23 il ərzində Tunis Şimali Afrikanın kiçik oyunçu statusunu saxlamışdı. O mənada ki, Yaxın Şərqin böyük mübahisələrinə baş qoşmayıb və Aralıq dənizinin bayram tətillərindən əldə etdiyi gəlirləri ilə kifayətlənib. Bununla belə, ölkənin prezidenti, xanımı və ailəsi Tunisdə təmtəraqlı biznes imperiyası qurmuşdu. Siyasi rəqiblər sıradan çıxarılmış, media susdurulmuşdu.

2009-cu ilin iyul ayında ABŞ-ın Tunisdəki səfiri göndərdiyi məxfi sənədlərdə sadə insanlar arasında getdikcə artan məyusluğu təsvir etmişdi (WikiLeaksin yaydığı məxfi sənədlərdə). Göstərilirdi ki, əhali birinci ailənin korrupsiyaya qurşanması, yüksək işsizlik və regional ədalətsizlik səbəbindən ümidsizliyə qapılıb. O da bildirilirdi ki, böyük dəyişikliklər Ben Alininin getməsindən sonra ola bilər.

Sanki tunislilər bu fikri bölüşdülər.

TUNİS İNQİLABI HƏM DƏ DEMOQRAFİK İNQİLABDIR

Barıt çəlləyinin partlamasına isə polisin işsiz tələbə Mohamed Bouazizinin yeganə qazanc yeri olan piştaxtasını alması oldu. Tələbə özünü yandırdı. Bunun ardınca nümayişlər genişləndi. Polis nümayişləri dağıtdıqca insanların qəzəbi daha da artdı.

Tunis inqilabı təkcə siyasi yox, həm də demoqrafik inqilab idi. Tunisdə hər beş nəfərdən biri 15-24 yaş arasındadır. Müqayisə üçün hər 10 britaniyalıdan biri bu yaşdadır. Gənclər arasında işsizlik azı 30 faizdir. Ali təhsilli universitet məzunları arasında işsizlik xüsusilə çoxdur.

Bu, ərəb ölkələrinin çoxu üçün xarakterik bir haldır. Ali təhsilli gənclərin sayı ildən-ilə artır, hökumətin dövlət sektorunda iş vermək imkanı isə azalır. Özəl sektor isə dəyişməmiş qalır. Nəticədə həddən artıq çox boş vaxtı olan, ancaq xərcləməyə pulu olmayan böyük gənclər ordusu yaranır. Onlar adətən internetlə bir-biri ilə əlaqə saxlayırlar.

BU, HƏM DƏ AVROPA VƏ AMERİKA ÜÇÜN BİR DƏRSDİR

Dövlət senzura tətbiq etsə də, onları susdura bilmir. Əhalinin bu təbəqəsi ölkədə siyasi çevrilişin potensial təhlükə mənbəyi sayılır.

Düzdür, ölkənin bu inqilabdan daha yaxşı liderlərə çıxacağı məlum deyil. Ancaq ən azından Ben Alinin getməsi inkişaf üçün bir imkandır. Lakin bu həm də Avropa və Amerika üçün bir dərsdir. Bu dərs onu göstərir ki, terror illüziyasına qarşı yalan müdafiə təklif edən ömürlük prezidentlər etibarlı dost deyillər. Ən etibarlı müttəfiqlər ümidləri tez-tezə puça çıxan sadə insanlardır. Məhz onların etimadını qazanmaq lazımdır.

YENİ HÖKUMƏT FORMALAŞIR

Tunisin yeni rəhbərliyi milli birlik hökuməti formalaşdırır. Hökumətə qarşı bir ay davam edən küçə nümayişlərindən sonra prezident ölkəni tərk etməli olub.

Yanvarın 15-də and içmiş müvəqqəti prezident Fouad Mebazza baş nazir Mohammed Ghannouchidən koalision hökumət formalaşdırmağı xahiş edib. Yeni hökumətə bəzi müxalifət partiyalarının da daxil olacağı bildirilir.

Müxalifət liderləri, o cümlədən, Najib Chebbi və Mustafa Ben Jaafar baş nazirin onlarla əlaqə saxladığını təsdiqləyib: “Cənab Ghannouchi bizə milli birlik hökumətinin yaranmasında iştirak etməyi təklif edib. Bu hökumət demokratik qüvvələr, yəni, bizim partiya və digər iki partiya üçün açıq olacaq”.

Chebbinin sölərinə görə, o 6, ya da 7 ay ərzində parlament seçkilərinin keçirilməsini istəyib.

Başqa bir müxalifət lideri, İslam Partiyasının mühacirətdə olan rəhbəri Rached Ghannouchi bir neçə həftəyə ölkəyə dönəcəyini bildirib.

Tunisin Konstitusiyasına əsasən, ölkədə 2 ay ərzində yeni prezident seçkiləri keçirilməlidir.

KOMENDANT SAATI ELAN OLUNUB

Hökumət qoşunları xaosa, qarətə son qoymaq, asayişi bərpa etmək üçün Tunisin paytaxtında keşik çəkir. Paytaxtda komendant saatı tətbiq olunub.

Ölkədən qaçmış prezident Zine al-Abidine Ben Alinin

bəzi ailə üzvləri, eləcə də prezidentin mühafizə xidmətinin rəhbəri həbs olunub.


Zine al-Abidine Ben Ali
1987-ci ildən Tunisi idarə edən Zine al-Abidine Ben Ali etiraz nümayişlərinə tab gətirməyərək Səudiyyə Ərəbistanına qaçıb.

Tunis üçün misli görünməmiş nümayişlər dekabrın ortalarından başlayıb. Nümayişlər işsizliyə, korrupsiyaya və iqtisadi çətinliklərə qarşı olub. Nümayişlərin yatırılması zamanı onlarla adam həlak olub.

Qərb liderləri, o cümlədən, Fransa prezidenti Nicolas Sarkozy və Almaniyanın kansleri Angela Merkel Tunisi azad və ədalətli seçkilər keçirməyə çağırıb. Merkel deyib ki, Avropa Birliyi Tunisdə “həqiqi demokratiyanı” dəstəkləyəcək.

TUNİSDƏKİ HADİSƏLƏR REGİON ÜÇÜN NÜMUNƏ OLA BİLƏR

Tunisdəki hadisələri ərəb dünyası çox diqqətlə izləyir. “Facebook”, “Twitter” kimi sosial şəbəkələrdə və bloqlarda Tunis xalqına dəstək və təbrik mesajları göndərilir.

Ərəb dünyasında bəzi müxalif siyasətçilər Tunisdə avtoritar prezidentin devrilməsinə gətirib çıxarmış küçə nümayişlərinin region üçün nümunə ola biləcəyini, başqalarını da həvəsləndirəcəyini proqnozlaşdırırlar.

Küveytdə müxalifətçi deputat Ahmad al-Saadun bildirib ki, Tunis hadisələri regionun bütün xalqları üçün dərs olmalıdır: “Tunis xalqının tiranlığa qarşı qiyamı regionun ən böyük tiranının və azadlığın ən böyük düşməninin – Səddam Hüseynin müttəfiqlərindən birinin ölkədən qaçmasına gətirib çıxardı”.

Küveytin başqa bir müxalifətçi deputatı Waleed al-Tabtabai isə bildirib ki, öz xalqını istismar edən bütün rejimləri eyni tale gözləyir.

MİSİRDƏ AKSİYA KEÇİRİLİB

Muammar Gaddafi Tunisdəki hadisələri pisləyib
Yanvarın 16-ı Misirdəki Tunis səfirliyi qarşısında mitinq olub. Mitinqçilər Misirlə qonşu Tunis arasında paralellər apararaq bildiriblər ki, uzun müddətdir avtoritar prezidentlərin idarə etdiyi hər iki ölkə korrupsiyadan, kasıbçılıqdan və azadlığın olmamasından əziyyət çəkir.

Mitinqdə çıxış edənlər deyiblər ki, Tunisdə baş verənlər onlarda ümid yaradıb. Onlar da tezliklə Tunisdəki kimi diktaturanı yıxacaqlar.

Misir prezidenti Hosni Mubarak 30 ildir ki, ölkəni idarə edir.

Bəhreyndə isə Tunis səfirliyi qarşısında oxşaq mitinqə icazə verilməyib. Regionun uzun müddət hakimiyyətdə olan başqa avtoritar rəhbəri, Liviya prezidenti Muammar Gaddafi Tunisdəki hadisələri pisləyib. Bildirib ki, o baş verən hadisələrdən məyus olub.

HƏR YERDƏ GÜLLƏ SƏSLƏRİ EŞİDİLİRDİ

Tunisdə baş verənlər xaricilərin turizmi ilə məşhur olan bu ölkəni tərk etməsinə səbəb olub.

Tunisdən köçürülmüş 300-ə yaxın Türkiyə vətəndaşlarından biri Sonia İlyas deyir: “Hər yerdə güllə səsləri eşidilirdi. Gecə vaxtı evlərə hücum olunurdu. Ölkə tamamilə xaos içindədir. Ona görə də oradan qaçıb bura gəlmişik” .

Adının çəkilməsini istəməyən başqa bir turist isə deyib: “Əvvəlcə etiraz nümayişləri oldu. Sonra bir sıra xoşagəlməz insidentlər baş verdi. Hətta deyə bilərik ki, terror hücumları oldu”.

ABŞ öz vətəndaşlarına xüsusi ehtiyac olmadığı təqdirdə Tunisə səfər etməməyi tövsiyə edib.

Tunis uyğun qiymətləri ilə Aralıq dənizi kurortları ilə məşhurdur.

TUNİSDƏ GƏRGİNLİK DAVAM EDİR


Hərbçilər vəziyyətə nəzarət ertməyə çalışırlar
Yanvarın 15-i ölkədə baş verən hərc-mərclik, həbsxanada qaldırılmış qiyam və yanğın nəticəsində onlarla adam ölüb.

Tunisin rəsmi informasiya agentliklərinin verdiyi məlumata görə, Monastr həbsxanasında baş vermiş yanğın nəticəsində azı 42 adam ölüb.

Paytaxtda və ölkənin digər şəhərlərində qarışıqlıq olub, hərbçilər yeni qarətlərin qarşısını almağa çalışırlar.

Kütləvi etirazlarla devrilmiş prezident Zine al-Abidine Ben Ali ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçıb.

Prezidentin səlahiyyətləri parlamentin sədri Fouad Mebazza keçib.

O yeni prezident seçkisinədək müxalifətin də iştirakıyla ölkədə milli birlik hökuməti yaratmağa çağırıb.
XS
SM
MD
LG