Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:21

Əsəd bəy "Əli və Nino"nu Çəmənzəminlidən oğurlayıb?


Betti Bleyr
Betti Bleyr
("Oxu zalı" olaraq bu mövzuda istənlən mövqeyi əks etdirən yazını dərc etməyə hazırıq).


“Əli və Nino”nun əsas müəllifi Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlidir”.

Bu açıqlamanı Amerikada nəşr edilən “Azerbaijan international” jurnalının baş redaktoru Betti Bleyer dekabrın 3-də Bakıda - Azərbaycan Yazıçılar Birliyində keçirilən mərasimdə söylədi.

Jurnalın sonuncu sayının təqdimatında çıxış edən baş redaktor 6 ildən bəri apardığı araşdırmaların “Azərbaycanın ən məşhur kitabı olan “Əli və Nino”nun müəllifi Qurban Səidin kimliyinə” həsr olunduğunu bildirdi.

Betti Bleyerin fikrincə, Yusif Vəzirin Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılan gündəlikləri, avtobioqrafik oçerkləri, məqalələri, hekayələri və romanları “Əli və Nino”da əks olunmuş başlıca məsələlərlə-Azərbaycanın müstəqilliyi və qadın hüquqsuzluğu ilə bağlı narahatlıqlarla tam səsləşir.

Eyni zamanda Yusif Vəzir də insanların milli və dini mənsubiyyətlərinin fərqliliyi üzündən yaranmış qəliblənmiş yanlış təsəvvürlərdən - stereotiplərdən narahat idi.

Əsəd Bəy təxəllüsü ilə yazan Lev Nissimbaumun o dövrdə xaricdə yaşamağa məcbur olan Yusif Vəzirin “Əli və Nino” romanını hansı yollasa ələ keçirdiyini güman edən Betti Bleyer yazıçının romana əfsanəvi və folklorla bağlı mövzular da əlavə etdiyini dedi.

Yazıçı Əli Əkbər "Əli və Nino"nu hələ bir neçə il qabaq tərcümə edərək Türkiyədə Çəmənzəminlinin əsəri kimi çap etdirib.
Xanım Betti Lev Nissimbaumun Bakıdan köçərkən 14 yaşında olduğunu, bu yaşdakı xatırlamaların Azərbaycanın istiqlaliyyəti ilə bağlı mövzudan bu səviyyədə yazmağa kifayət etməyəcəyini iddia etdi və gümanlarını faktlarla sübuta yetirməyə çalışdı.

Xanım Bleyer redaksiya heyəti ilə birlikdə gerçəkləşdirdiyi tədqiqatlarının dünyanın dörd bir yanında yaşayan azərbaycanlı dostlarının köməyi ilə baş tutduğunu dedi və 6 il boyunca on dildə-Azərbaycan, rus, ingilis, alman, fransız, italyan, türk, gürcü, fars və isveç dillərində sənədlər araşdırdığını diqqətə çatdırdı.

Bu, 1993-cü ildən bəri çıxan “Azərbaycan international” jurnalının üç nömrədən, 364 səhifədən, bəzisi 100-dən çox yaşı olan 1200-dən artıq şəkildən iki ayrı cilddə (ingilis və Azərbaycan) çap olunmuş buraxılışıdır.

Betti Bleyerin “Əli və Nino”nun müəllifi barədə açıqlamaları dekabrın 5-i, bazar günü saat 20-05-də efirə gedəcək “İz” proqramında daha geniş səslənəcək.
XS
SM
MD
LG