Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:37

AŞ Nazirlər Komitəsi Eynulla Fətullayevin işinə baxacaq


Eynulla Fətullayev məhkəmədə
Eynulla Fətullayev məhkəmədə

Avropa Şurasının Nazirlər Komitəsi məhbus jurnalist Eynulla Fətullayevin işi ilə bağlı noyabrın 30-da toplantı keçirəcək. Bu məlumatı AzadlıqRadiosuna Eynulla Fətullayevin vəkili Elçin Sadıqov verib:

“Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin Eynulla Fətullayev barəsində çıxardığı qərarın Azərbaycan hökuməti tərəfindən icrası vəziyyətinə baxacaq. Eyni zamanda Komitə Eynulla Fətullayevə qarşı narkotik ittihamı ilə bağlı məsələnin araşdırılmasını Məhkəməyə tövsiyə edəcək. Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icra olunmaması açıq ortadadır. Nazirlər Komitəsinin Eynulla Fətullayevlə bağlı qurama ittihamları araşdırmaq vəzifəsi və səlahiyyətləri var. Bir siyasi məhbusu bu qədər qurama ittihamla həbsdə saxlamaq olmaz. Ona görə bu məsələ komitə tərəfindən ətraflı araşdırılacaq.”

Vəkil Avropa Şurasının Nazirlər Komitəsinin qətiyyətli addım atacağına, Eynulla Fətullayevin azadlığa çıxacağına ümid edir.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, irqi ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə üst-üstə 8 il yarım həbs cəzası alıb. Bu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin həbsinin əsassız olduğunu bildirib, Azərbaycan hakimiyyətindən jurnalisti dərhal azadlığa buraxmağı, ona 25.000 avro kompensasiya ödəməyi tələb edib.

Ötən ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik maddə tapılıb. Buna görə, o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bu il noyabrın 11-də Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına baxıb. Plenum terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarıb. Ancaq vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay 15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

Plenuma rəhbərlik edən Ali Məhkəmənin sədri Ramiz Rzayev qərarı elan edərkən deyib ki, E.Fətullayevin 2007-ci ilin aprelindən cəza çəkdiyi nəzərə alınaraq onun barəsində çıxarılan 2 il 3 ay 15 gün cəzası çəkilmiş hesab edilir və o azad edilir.

Amma bu qərarın narkotik ittihamı ilə bağlı məsələyə aidiyyatı olmadığını deyib.

Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin dərhal azadlığa buraxılmasını tələb ediblər.

XS
SM
MD
LG