Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:49

Şərif Ağayar "Estafet" (Hekayə)


Əvvəlcə otağın küncündəki dəmir çarpayı cırıldadı. Sonra yalın döşəməyə toxunan əsanın səsi eşidildi – tak! tuk! tak! tuk!

Qocanın uzun koridora tərəf yeridiyini təsəvvür etmək elə də çətin deyildi.

O, koridordan geniş və çıraqban otağa, geniş və çıraqban otaqdan isə yenicə tikilən lakin, hələ tam təmir olunub istifadəyə verilməyən hündür, işıqlı eyvana keçməli idi:

- Tak! Tuk! Tak! Tuk!...

Koridorun bir ortasında nəvəsi iməkliyə-iməkliyə onun qarşısına gəldi və başını qaldırıb qocanın üzünə – çal saqqalına, müdrikcəsinə arxaya daranmış pənbə saçlarına baxdı və gülümsündü.

Qocanın onu yerdən qaldırmağa nə gücü vardı, nə həvəsi.

Əksinə, qınayan olmasa əsanın ucu ilə boynunu ardından basıb başını ilan balası kimi əzər, bulud kimi təmiz sifətinin, bulaq kimi şəffaf gözlərinin qanını bir eləyərdi.

Uşağın yanından ötüb yoluna davam etmək istədi. Körpə onun arıq və heysiz qıçlarına sırmanıb addım atmağa qoymadı.

Sonra təzədən başını qaldırıb qocanın yaxantı kimi bulanmış batıq gözlərinə tamaşa elədi. Tamaşa elədi və şirin, şaqraq bir gülüşlə onu daha da hövsələdən çıxardı.

- Tak...

Körpənin arxası üstə yıxılıb əziləcəyini nəzərə almadan addım atmaq istədi. Ayaqlarına dolanan qolların əhatəsindən çıxmağa gücü çatmadı.

Qəflətən içini saran dəhşətli ağrıdan zarıdı. Üz-gözünü qırışdırdı. Gözləri daha çox çuxura düşərək görünməz oldu.

Xeyli beləcə qaldı, sonra düşündü və qəflətən ağlına gələn fikirdən səksəndi.

Gözləri çuxurdan çıxıb parıldadı. Titrəyən əllərini kəfən rəngli alt paltarının düyməsinə uzatdı.

Ona yalnız maye ifrazı üçün lazım olan məlum orqanı yuvasından çıxarıb körpənin təbəssümlə dolmuş sifətinə tuşladı və ...

Maye əvvəlcə damcılar şəklində uşağın sifətinə səpələndi. Az keçməmiş damçıların birinin trayektoriyası bütünlükdə maye cığırına çevrildi.

Əvvəlcə körpənin alnı, gözləri, ağzı, çənəsi və boğazı, başını aşağı əyib yerə oturandan sonra isə bütün saçları ilıq maye ilə islandı.

Körpə incəsini arxaya çəkdi və qocadan təxminən bir qarış aralandı.

Nişangahın pozulduğunu görən qoca bir gözünü qıydı və şəhadət barmağı ilə maye ifraz edən orqanı vəziyyətə müvafiq gələnədək yuxarı qaldırdı.

Maye yenidən uşağın alnına töküldü və bütün sifətini, yaxasını, paltarını islatdı.

Uşaq bundan sonra gözlərinə və ağzına dolan ilıq mayenin acı, yandırıcı dadını duydu və gözlərini ovxalaya-ovxalaya qışqırmağa başladı.

Az sonra gözlərini ovuşdura-ovuşdura arxaya çəkildi.

Qoca şəhadət barmağının təkanını bir az da artırdı ki, maye körpəni son damlasınadək müşayiət etsin. Nəhayət qurtardı hər şey... Taqətdən düşən qoca koridordaca yerə çökdü.

Uşaq isə açışmış gözlərindən yaş axa-axa təzə, hündür və işıqlı eyvana tərəf iməklədi. Başı eyvan qapısının kandarına dəydi. Daha bərkdən qışqırdı.

Ardınca koridora yıxılıb can verməkdə olan qocanın xırıltılı gülüşü eşidildi:

-Xaxxxxx-xaxxxa-xax...

Həmçinin oxu
Şərif Ağayar. Get qardan bir yazı yaz
XS
SM
MD
LG