Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:25

Get qardan bir yazı yaz


Şərif Ağayar
Şərif Ağayar
Şərif AĞ

Qaldırdığı ağır mövzuların altına yıxılıb xurd-xəşil olmaq bizim yazarların çoxdankı vərdişidi

Bir dəfə rəhmətlik “Kino+” qəzetində – Allah ölənlərinizə rəhmət eləsin – xalq repartyoru, dostum-qardaşım, şəyirdim, həm də şairə Günel Mövluddan növbəti nömrə üçün nə hazırladığını soruşdum.

Cücə gözləri bic-bic parıldadı və qarabağlılara məxsus sırtıq bir təbəssümlə məni yola vermək istədi. “Keçməz” - dedim ürəyimdə. Səsimə redaktor amiranəliyi verdim:

“Bə indi neyləyək?!”.

Sifətini salladı...

Bayırda möhkəm qar yağırdı! Kinostudiyanın həyətindəki ağacları yolkaya bənzədən qarın təmizliyinə və səssizliyinə tamaşa edib sakitləşdim, düz-dünyanın belə ağappaq-tərtəmiz vaxtı dostumun xətrinə dəymək istəmədim.

İran hambalları kimi acqarına birgə işlədiyimiz günləri də elə bu qar yadıma saldı və bu qar yadıma başqa bir şey də saldı...

- Çölə baaax – dedim – bayırda nə var?

- Qar-dedi Günel sevinərək.

- Get, qardan bir yazı yaz...

Gunel getdi və təxminən iki saatdan sonra əlində disket geri qayıtdı.

Yazını oxuyanda məni ildırım vurdu elə bil: o, sadəcə xarüqə yaratmışdı!

İndilərdə Güneldən heç də istedadsız olmayan Orhan Pamukun “Ötəki rənglər” kitabını oxuyuram. Usta yazıçı burda, demək olar ki, bütün yaradıcılıq sirlərini açır, oxucunu əli kameralı öz mətbəxinə buraxır.

Romanlarında olduqca soyuq, iddiasız görünən, daha doğrusu müəllif kimi görünməyən, ələ gəlməyən Pamuk sən demə son dərəcə hissiyyatlı, sentimental, ağlağan birisiymiş.

Bunlar öz yerində! Ancaq məni heyrətləndirən Pamukun çox adi, bəsit, hətta primitiv mövzulardan o dərəcədə gözəl yazması oldu. Başqa sözlə, onun daxili azadlığının hüdudsuzluğu, komplekssizliyi...

Etiraf edək: biz belə yazmağı bacarmırıq. Nəinki yaza bilmirik, hətta yazmaq istəmirik. Bizi dahiyanə işlər maraqlandırır. Əzablı cümlələr, qıvrılaraq məna boyu can verən sətirlər, Allah! Allah! deyib üstümüzə tank kimi gələn misralar... Salam dar ağacı, kefin-əhvalın vs.

Orxan Pamuk
Ən maraqlı yazımız ona görə maraqlıdır ki, ya kimisə təhqir eləmişik, ya da Allahın üstünə hoppanmışıq!

Qaldırdığı ağır mövzuların altına yıxılıb xurd-xəşil olmaq bizim yazarların çoxdankı vərdişidi. Və təəssüf ki, çaqqal sürüsü kimi yayınıb gedən bu illər ərzində özümüzə bənzər əbləh oxucular yetişdirmişik...

Onlar kiminsə çıxılmaz vəziyyətindən, alçalmasından, biabır olmasından ləzzət alırlar. Onlar insanı sevmirlər, ona acımırlar.

Hər gün siyasi qəzetlərin təntənəli guşələrində ədəbiyyat qətliamı baş verir...

Hər gün naşı bir köşəçinin qələmi ilə bir yazıçının “boynu vurulur”.

Ən yaxşı halda həmin yazıçı əlacsızcasına köşəçidir və hər gün intihar etməklə məşğuldur.

...Bu gün gur yağışda qarşı binanın tinində “Evet, yağmur yağıyor, ama bunun nə önəmi var” deyə dikilib duran martıdan (qağayı) yazmağa kimin cəsarəti çatar?!

Kim diktafonsuz-filansiz qardan müsahibə almaq üçün soyuqdan göyərən balaca əllərini nəfəsi ilə qizdırıb ovxala-ovxalaya Kinostudiyanın həyətinə enər və kimə qarın səssizliyi allahı xatırladar?

Elə lap mən özüm – qara həminki kimi baxmağı bacararammı?

Martıları, qarı və Allahı unutmamlı... Həyatın elə məqamları var ki, martılar, qar və Allah hər şeydən maraqlı olur. Hafiz Hacıyevin çıxışlarından belə...

Qafqazinfo
XS
SM
MD
LG