Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

"Elə gənclər var ki, əmiqızı-əmioğlunun intim əlaqəsindən bir roman yazarlar"


Rubrika: ÖYRƏTMƏK OLMASIN

Yazıçı YAŞAR Azadlıq Radiosunun "Oxu zalı"nda öz hekayəçilik üslubunun, yazı texnikasının sirlərini, bölüşür, gənc yazarlara tövsiyə verir.


- Yaşar bəy, eşitdik ki, bir müddət qabaq Gənc Ədiblər Birliyində master-klass keçmisiz. Sizcə, gənc yazarların hekayələrində nə çatışmır?

- Mən yalnız Gənc Ədiblər Birliyini deməzdim. Ümumilikdə Azərbaycanda gənc yazarlarda ən qabarıq görünən çatışmazlıq mütaliənin azlığıdır.

Süjet hekayədə 50-ci dərəcəli bir şeydir...

Mənə görə, hekayədəki hadisələr gərək bir günü keçməsin...

Yazıçı birinci cümlədən hekayənin içinə girməlidir...

Gənc yazarlara naturalizmdən qaçmağı məsləhət görərdim...
Onlar özlərini ifadə etməyə çalışırlar, amma... Notu bilmədən musiqi yazmaq olar, amma o cür musiqidə qabalıq, köntöylük dərhal hiss olunacaq. Yəni bu, savadsız musiqi olacaq.

Bunu ədəbiyyata da aid etmək olar. Sən əgər hansısa hadisəni, yaxud öz içini yazırsansa, sənə qədər olan böyük ədəbi yoldan xəbərdar olmalısan.

Həmin yolu görüb öz içini yazmalısan.

ÖZ İÇİNİ BÜTÜN DÜNYA ƏDƏBİYYATI KONTEKSTİNDƏ GÖRMƏLİSƏN

Belə nəsr daha savadlı, daha insani və daha ruhsal olur.

- İndiki gənclərin mütaliə dairəsinin nələrlə məhdudlaşdığını müşahidə etmisiniz?

- İndiki gənclərin ən böyük qüsuru yalnız bir-birilərini oxumalarıdır.

Yəni indiki ədəbi müxalifət də, ədəbi iqtdar da (əgər belə demək olarsa). Ədəbi müxalifət, yəni Azərbaycan Yazıçılar Birliyinə qarşı olan gənclər yalnız bir-birilərini oxuyub, bir-biriləri haqqında fikirlər söyləməklə məşğuldular.

Eyni fikri qarşı tərəf haqda da demək olar. Baş yuxarı qalxmır. Yazıçı təkcə ətrafındakıları yox, bütün dünyanı görə bilməlidir. Oxuyanda da gənclər daha çox indi dəbdə olan yazıçıları oxuyurlar.

Məsələn, Koelyo, Pamuk, Züskind dəbdədirsə, yalnız bunlarla kifayətlənirlər. Klassik ədəbiyyata fikir vermirlər. Klassik ədəbiyyatı bilmədikləri üçün elə bilirlər ədəbiyyat yalnız bu cür yazılar.

Yəni oyun üslubunda qurular, hardasa bir az süni olar...

İndi dünya ədəbiyyatında belə bir tendensiya gedir ki, ədəbiyyat kompüter oyunlarını xatırladır. Yəni oynadığın müddətdə o oyun maraqlı olduğu kimi kitablar da oxuduğun müddətdə maraqlıdır.

Bir çox əsərləri oxuyub qurtarandan sonra (hətta son dövrlərdə Markes də belə yazır) o əsər səninlə sabaha heç nə aparmır. Yəni kitab bağlananda elə sözün hər mənasında kitab bağlanır.

Anton Çexov
Amma dünya ədəbiyyatının elə nümunələri var ki (məsələn mənim çox sevdiyim Dostoyevski, Platonov) onlar ömür boyu insanladı. Hətta cavanlığında oxusan da, o qəhrəmanlar həmişə səninlədi.

Yəni o qəhrəmanlar yaddaşımıza əbədi “qeydiyyata düşüblər”.

Bu gün maddiyyat ruhi məqamları üstələdiyindəndir ki, klassika arxa plana keçib. İndiki gənclərin bir çoxu da yalnız öz müasirlərini oxuduqları üçün sanki obrazları qururlar, yaratmırlar. Obrazı yaşamırlar, qururlar.

- Sırf hekayəçilərdən danışsaq, siz gənclərə kimləri oxumağı tövsiyə edərdiniz?

- Məsələn, Folkner çox böyük romançıdır, amma hekayəçi deyil. Heminquey isə əksinə (“Qoca və dəniz”i çıxsaq). Məncə onun romanları hekayələriylə müqayisədə o qədər də alınmayıb.

Amma yalnız hekayə yazan, hekayə ustası olan yazarlar olub. Məsələn,

KİMSƏ HEKAYƏ YAZMAQ İSTƏYİRSƏ, GƏRƏK MÜTLƏQ AKUTAQAVANIN NOVELLALARINI OXUSUN

Bundan başqa Çexovdu, İsaak Bebelin “Odessa hekayələri”, Alberta Moravianın (təəssüf ki onu Azərbaycanda az tanıyırlar) hekayələri... Bunlar hekayənin anatomiyasını yaratmış insanlardır.

Yəni hekayə necə olar – bunu müəyyən etmiş adamlardır. Edqar Ponu, hətta ondan da qabaq klassikadan danışsaq, “Dekameron”u, “Min bir gecə”ni yada salmaq olar.

Bunlar ədəbiyyata hekayəçilik damğası vurmuş əsərlərdir. İndiki müasir nəsrin kökü ordan gəlir.

- O fikirlə razısınızmı ki, hekayə ən çətin nəsr janrıdır?

- Mən o fikirlə tam razıyam. Məsələn, sıxılmış nəsr var...

Ruslar ona spressovannaya proza deyirlər. Söhbət elə hekayədən gedirsə, mən o fikirdəyəm ki, onu yazmaq romandan daha ağırdır.

- Azərbaycanda hekayə janrı nə qədər evalyusiya yolu qət edib. Əbdürrəhim bəy Haqverdiyevin hekayələri ilə indiki yazarların hekayələri arasında “məsafə” nə qədərdir?

- Avropa nəsri ilə müqayisədə bizim nəsr çox cavandır.

Müasir anlamda nəsr, dramaturgiya deyəndə biz Haqverdiyevdən də bir az qabağa gedib, Mirzə Fətəli Axundovdan başlaya bilərik.

Yəni onun “Aldanmış kəvakib”ini, dramaturgiyasını buraya əlavə etsək.

Daha sonra gələn Mirzə Cəlili mən bir möcüzə adlandırardım. Heç bir ənənə olmadan Mirzə Cəlilin yaranması bir möcüzədir.

Yəni Azərbaycan nəsri böyük bir evalyusiya keçməliydi ki, axırda gəlib Mirzə Cəlil yetişsin. Mirzə Cəlildən bu yana gələn yola qalanda, mən o fikirdəyəm ki, təssüf ki, biz Mirzə Cəlildən yuxarı qalxa bilməmişik.

Rünoske Akutaqava
Yəni o yolu davam etməklə məşğuluq. O yolla getməyimizi bizim nəsrin üstün cəhəti saymaq olmaz. O yolun hüdudlarını genişləndirə bilməmişik.

- Demək olarmı ki, Azərbaycanda hekayəçilik əsasən hadisəçilikdir?

- O fikirlə tamamilə razıyam. Bizdə hekayəçiliyə elə də baxırlar. Yazıçıların əksəriyyəti elə baxır. Amma hekayəçilik təkcə hadisəçilik deyil. Mirzə Cəlilin də bütün nəsri hadisələr üzərində qurulub.

Mən bu yaxınlarda nəsə bir mənəvi tələbat hiss edib “Danabaş kəndinin əhvalatları”nı bir daha oxudum. Mən

MİRZƏ CƏLİLİN NƏSRİ QƏDƏR MÜASİR NƏSR TANIMIRAM

Hətta dünya ədəbiyyatı kontekstində də yanaşanda.

Bu dəfə mən Xudayar bəyi bəlkə də ən yazıq adam kimi gördüm. Mirzə Cəlil onu elə təqdim edir. Mən onu yeni bir çalarda gördüm.

Yazıçının üstünlüyü də onda olmalıdır ki, hər dəfə oxunanda yeniləşməlidir, yeni qatlar açılmalıdır.

Mirzə Cəlil hadisələri yazır, amma adamları diridir.

Hadisələr adamların içindədir, adamlar hadisələrin içində deyil. Amma bu gün bizim nəsrimizdə əksər yazarlar (təbii ki hamı yox), ən çox da cavanlarımızın hekayələrində adamlar hadisələrdən asılıdır.

Adamlar süni, quramadır. Əgər hadisələrin gedişi adamların diriliyini üstələyirsə, mən o nəsri alınmamış nəsr kimi qəbul edirəm.

- Demək olarmı ki, bu, Azərbaycanda yazı-pozu adamlarının çoxunun jurnalistika sahəsi ilə bağlılığı, mətbuatda çalışması ilə əlaqədardır?

- Olar. Çünki bu gün bizim yazarlarımızın əksəriyyəti, o cümlədən mən mətbuatda, televiziyada, radioda çalışırıq. (Düzdü, mən əsas nəsr əsərlərimi yazanda qəzetdə işləmirdim).

Əl hadisələrin informasiya tərəfinə öyrəşib. Amma mənə elə gəlir ki,

JURNALİSTİKA İLƏ ƏDƏBİYYAT ARASINDA SƏRHƏD ÜMUMİYYƏTLƏ YOXDUR

Məsələn, Marsel Prust mədəniyyət xəbərləri yazıb, amma sonra gəlib məşhur yazıçı olub.

Özü də necə? Düşüncə tərzinə görə elə bil Dostoyevskinin qardaşıdır. Yəni sırf nasir. Yaxud götürək Markesi. Markes də jurnalist olub. Özü də uzun müddət. Amma sonra gəlib “Yüz il tənhalıqda”nı yazdı.

Amma bizdəki bundan fərqlidir, jurnalistika daha çox mənfi təsir göstərir yaradıcılığa. Yəni gərək malı mala qatmayasan.

- Maarifçilik tonu da sizə Azərbaycanda hekayəçilikdə aparıcı xətt kimi görünmür ki? Sanki bəzi müəlliflər oxucuya nəsə öyrətmək, ona məsləhət verməyə çalışırlar...

- Ümumiyyətlə mən maarifçiliyin ədəbiyyata nə dəxli olduğunu bilmirəm. Ədəbiyyat sanki insan ruhunun mənzərəsi, insan təhtəlşüurunun göstəricisidir. Təhtəlşüurda olanları maddiləşdirib oxucuya çatdırır.

Burada nəyisə ölçmək necə mümkün ola bilər?

Bəzən deyirlər, əsər vətəndaşlıq mövqeyindən yazılsın... Mən tam səmimi deyirəm: əgər sənin insanın əsl azərbaycanlıdırsa, gəlmə deyilsə, sən ingilisi, fransızı gətirib azərbaycanlı “eləməmisənsə”, bizim yazıq Məmmədhəsən əmini yazmısansa, orada həm vətəndaşlıq, həm maarifçilik, həm insanlıq, həm də millətçilik var – nə desən var.

Edqar Po
Yazıçı dərs verə bilməz. Şəxsən mənim elə bir hekayəm yoxdur ki, orada müdaxilə edim ki, filan şey filan cür olmalıydı. Yaxud qəhrəmanımın hanısa hərəkətinə düzəliş verim ki, filan cür etməliydi, amma başqa cür hərəkət etdi.

Yazıçı müşahidə etdiklərini yazmalıdır. Mənim yalnız bir hekayəmdə - “Tabut” hekayəmdə qəhrəman “mən”in dilindən danışır.

Doğrusu, o mənim ən asan yazdığım hekayə oldu.

Ən çox müzakirə olunan da nədənsə o oldu. Amma qalan hekayələrimdə həmişə hadisələri, insanları kənardan müşahidə edirəm.

ÇALIŞIRAM Kİ, HEKAYƏDƏ GÖRÜNMƏYİM,

nəyəsə müdaxilə etməyim.

Amma kiminsə maarifçilik istəyi varsa, həmin adam getsin siyasətlə məşğul olsun, partiya yaratsın.

- Söhbət hadisəçilikdən düşmüşkən. Hekayədə süjetin olmasına necə baxırsız?

- Mənim bir hekayəmdə süjet yoxdur. Yəni o mənada ki, mən hekayəni süjetin üstündə qurmamışam. Maraqlı süjetli hekayələr də var. Amma süjet hekayədə 50-ci dərəcəli bir şeydir.

Məsələn, dünya nəsrinə baxsaq, Akutaqavanın hekayələrinin əksəriyyəti vəziyyətlərin üzərində qurulur. Mən də öz hekayələrimi o cür yazıram. Dünya nəsrində o cür yazan hekayəçilər çoxdur.

Məsələn, mənim “Dəfn” hekayəmdə bir nəfər teleqram alır, bilmir ki, ölən atasıdır, yoxsa anası. Vəssalam. Hekayə hazırdır. Yaxud, “Divar” hekayəm.

Divarın o tərəfində anası öskürmürsə, deməli ölüb. Vəssalam. Bunun üstündə hekayə qurulur.

Yaxud başqa bir hekayədə xəbər yayılır ki, kəndə canavar girib, amma sonda məlum olur ki, bu, belə deyilmiş. Amma bu əsnada bütün kəndin adamlarının içi açılır.

Yəni insanı bir situasiyada – gərgin vəziyyətdə götürürəm və orda artıq hekayə hazırdır. Yəni əlavə heç nə lazım deyil. Amma hekayənin klassik qaydaları da var.

Məsələn, mənə görə, hekayədəki hadisələr gərək bir günü keçməsin. Məsələn, mənim bütün hekayələrim bir gündən ibarətdir. Düzdür, bir günə Coysun “Uliss” romanındakı kimi minillikləri də yığmaq olar.

Amma bir gün hekayədə klassik formadır. İkincisi, mən

ÇALIŞIRAM Kİ, BİRİNCİ CÜMLƏDƏN HEKAYƏ ARTIQ BAŞLASIN

Məsələn, bizdə hekayəçilərin əksəriyyəti belə etmirlər.

Hekayə sözün əsl mənasında başlayana qədər böyük giriş hissəsi olur. O, mənim fikrimcə, primitiv formadır. Yazıçı birinci cümlədən hekayənin içinə girməlidir. Yəni müxtəlif üslublar var ki, hər yazıçı onu bir cür görür.

- Yaşar bəy, sizin dedikləriniz reseptdir, yoxsa zövq fərqliliyidir?

- Resept deyəndə ki... Ciddi ədəbiyyat bu cür olmalıdır.

Bütün ciddi ədəbiyyat sıxılmış nəsrdir. Məsələn, Folknerin bütün romanları o cür yazılıb. Yəni belə yazıçıların bir abzasını götürəndə, o abzasın özü elə bir romanın maketidir. Bu, Dostoyevskidən gələn reseptdir.

Ciddi yazıçılar da o yolla gedir. Markesin “Yüz il tənhalıqda” romanı o reseptlə yazılıb. Amma “Patriarxın payızı” elə deyil.

- Hekayəni necə görməyinizdən, öz yazı texnikanızdan çıxış edib hekayə yazan gənclərə hansı tövsiyələr verərdiniz?

- Mənim fikrimcə, hər bir yazıçının əsərlərinin maraqlı olması onun həyatının nə dərəcə maraqlı olması ilə bağlıdır.

Əgər yazıçı öz həyatını, öz içini yazırsa və onun həyatı maraqlıdırsa, deməli onun yazdıqları da maraqlı olacaq.

Amma həyatı maraqlı olsa da, maraqlı yaza bilməyənlər də var.

Kəlilə və Dimnə
O öz həyatının maraqlı yox, boz tərəflərini görür. Məsələn, bəzən kiminsə hekayəsini oxuyuram, orada iki fikir tapıram və yazıçıya yazığım gəlir ki, o iki fikri lazımınca görə bilməyib, həmin fikirlərin üzərində gözəl hekayə qurmaq olardı.

Bundan başqa mən

GƏNC YAZARLARA NATURALİZMDƏN QAÇMAĞI MƏSLƏHƏT GÖRƏRDİM

Qoy özümdən misal gətirim (özüm özümü daha yaxşı tanıdığıma görə).

Mən heç bir hekayəmdə insanı təsvir etmirəm, yəni demirəm ki, bığı vardı, gözü şişmişdi, əyninə filan şey geymişdi və s. Əgər mən insanı yazıramsa, oxucunu qəlibə salmamalıyam ki, bu adam filan formadadır.

Qoy oxucu özü görsün. Hekayədəki adamın yaşını da, sifətini də özü görsün. Yəni əgər sən insanı dipdiri yarada bilmisənsə, oxucu gördüyünü görəcək.

- Yəni yazıçı naturalizmə gedirsə, bununla oxucuya öz mövqeyini də sırımış olur...

- Əlbəttə. Markesin bir gözəl sözü var. O “Yüz il tənhalıqda” əsəri əsasında film çəkilməsinə icazə verməyib.

İndi də icazə vermir. Soruşanda ki niyə qoymursan, deyir ki, Ursulanı Sofi Loren oynayacaq, hamı elə biləcək ki, Ursula elə Sofi Loren kimi olmalıdır.

Amma indi hərənin təsəvvüründə bir Ursula var. Mən onu itirmək istəmirəm.

- Sovetlər Birliyi dağılandan sonra nəsrdə açıq-saçıq təsvirlərə də böyük meyl yarandı...

- Onun da öz ustaları var. Məsələn o cür yazmağın dahisi Markiz de Sad olub.

O deyirdi ki, mən insan təhtəlşüurunda olan nöqtələri açmaq istəyirəm. Ancaq buna pornoqrafiya demək olmaz, o bunu ustalıqla yaradırdı.

Amma

BİZİMKİLƏR BU GÜN AÇIQ-SAÇIQ YAZMAQLA ELƏ BİLİRLƏR Kİ, QƏRBƏ "İNTEQRASİYA" EDİRLƏR

Məsələn Nabokovun “Lolita”sı var. Orda nə var ki? Heç nə. Heç bir açıq səhnə yoxdur.

Amma o əsərə görə Nabokova Nobel mükafatını vermədilər. O romanın məğzində olan məsələyə görə o mükafatı Nabokova vermədilər, o mənada ki, sən xaltura elədin.

Yəni erotika “Kamasutra”dan üzü bu yana dünya ədəbiyyatında həmişə olub.

Mirzə Cəlildə də bu olub, elə Əkrəm Əylislinin özündə də.

Amma bizim bəzi gənclər indi sanki açıq-saçıq yazmağı öz üzərlərinə öhdəlik kimi götürüblər. Biri açıq-saçıq yazır, o biri deyir mən ondan da açıq-saçıq yazdım...

O məqam ədəbiyyata xidmət etmirsə, onun nə mənası var?

- Amma buna müsəlmançılıq məntiqindən də yanaşanlar var ki, belə şeylər gərək ümumiyyətlə olmasın...

- Niyə olmasın? Əgər yerinə düşürsə hər şey yazmaq olar.

Məsələn, mənim “Divar” hekayəmdə bir cümlə var.

Həmin cümlə ailə qurmuş əmioğlu-əmiqızı haqdadır. Orda deyilir ki, “Əmioğlu-əmiqızı bir yorğanın altında ər-arvadlığın bütün sirlərini bir-birilərinə aça-aça düz on beş il bir gözəl oyun oynadılar, amma uşaqları olmadı.

Yəni elə burda hər şey var da. Niyə detallara varım ki? Amma elə gənclər var ki, oturub əmiqızı-əmioğlunun intim münasibətləri haqda bir roman yazarlar (gülür – R.Q.).

- Ümumiyyətlə müasir dünyada tendensiya necədir? Hekayəyə maraq artır, yoxsa azalır?

- Məncə, Azərbaycanda hekayə yazanların sayı xeyli azalıb.

Bir adam bir süjet tapan kimi deyir ki, süjetim heyifdi, qoy roman yazım.

Onu hekayəyə xərcləmək istəmir. Hekayə bir az ucuz mal kimi qəbul olunur. Deyilsin ki, filankəs roman yazdı.

Heç romanlar da əvvəlki həcmdə deyil ki, oturub aylarla oxuyasan. 100-150 səhifə olur. O da müasir zamanla bağlı bir şeydi. İnsanların oturub böyük roman oxumağa vaxtı yoxdu.

Yazıçılar başa düşüblər ki, insanların “Hərb və sülh” boyda əsər oxumağa hövsələsi yoxdu. Amma hekayə hekayəliyində qalır. Düzdür, hekayəyə tələb də əvvəlki kimi deyil.

"Dekameron"dan illüstrasiya
Oxuyanların da çoxu roman oxumağa cəhd edirlər ki, bir müddət başlarını qatsınlar. Amma hekayə öz ömrünü yaşayır. Bu gün də gözəl hekayələr yazılır.

Sabah da yazılacaq. Azərbaycanın ən ciddi nasirlərinin yaradıcılığına nəzər salsaq, biz

AZƏRBAYCAN ƏDƏBİYYATININ MONUMENTAL ŞƏKLİNİN HEKAYƏ FORMASINDA GÖRƏRİK

Düzdür, yaxşı romanlar yazılıb, indi də yazılır, amma biz ədəbiyyat olaraq hekayəyik, roman deyilik.

Haqverdiyevin, Əkrəm Əylislinin, Anarın, Elçinin, Kamal Abdullanın hekayələri...

- Yəni sizcə Azərbaycanda ən inkişaf etmiş janr hekayədir...

- Bəli. Bizim hekayələrimiz heç də dünya standartlarından aşağıda deyil. İndi belə deyənlər də var ki, dünyada ən güclü poeziya bizdədi. Mən bilmirəm onu hansı qəribə kriterilərlə deyillər.

Amma mən bir oxucu kimi dünyanın ciddi hekayəçiləri ilə müqayisə edəndə görürəm ki, bizim hekayələrimiz o sırada dura bilir.

- Və son sual. Axır vaxtlarda öz yaradıcılığınızda nə yenililklər var?

- Açığı son vaxtlar tərcümə vaxtımı çox alır. Artıq bir kitabı təhvil vermişəm

- Yəqin ki, Dünya Ədəbiyyatı Kitabxanası seriyasından...

- Bəli, seçmə 150 kitabdan ikisini tərcümə etmək mənə tapşırılıb. Somerset Moemi tərcümə edib təhvil vermişəm,

İndi Amerika dramaturqu Artur Millerin tərcüməsi ilə məşğulam. O da çox vaxtımı alır.

Amma həm həvəslə bu işi görürəm. Həm də açığı burda bir maddi maraq da var. Yaşar mənə pul vermir (gülür – R.Q.), Yaşar pul versəydi, Yaşar üçün də yazardım. Ona görə də Somerset Moemin “sifarişlərini” yerinə yetirirəm.

- Deyəsən tərcümə nasirlərin ən böyük düşmənlərindəndi...

- Məncə yox. Nasirlərin ən böyük düşmənlərindən biri redaktədir.

Yazıçı zəif əsərləri düzəldə-düzəldə bir də baxır ki, elə düzəltdikləri kimi yazır. Futbolla bir müqayisə aparım. Ronaldo neçə il oynamasa da, qayıdıb əvvəlki kimi oynayacaq.

Oynadı da. Amma onu gətirib Azərbaycan çempionatında oynatsan, ayaq o ayaq olmayacaq. Amma tərcümə belə deyil.

Düzdür, tərcümə hüdudsuz təxəyyülün hüdudları görünən yeganə sənətdir (bunu özümdən sitat gətirdim), amma tərcümə sanki yazıqabağı məşqdir.

Tərcümə yazıçının hansısa paslanmış qatlarını açmaqdan ötrü ən gözəl vasitələrdən biridir.

(Rubrikanın ideyası "Paris revyu" jurnalından götürülüb)

Həmçinin oxu
YAŞAR Hekayələr
XS
SM
MD
LG