Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:11

Elxan Qaraqan: "Kim istəyir əsərimi plagiat saysın, kim istəyir saymasın"


Azadlıq Radiosunun “İşdən sonra” verilişinin qonağı olan yazıçı və reper Elxan Qaraqan bildirib ki, Milli Kitab Müsabiqəsində qalib gələn “A” romanı indiyəcən 4 min nüsxə satılıb.

Romanın davamı da olacaq. Yazıçı onun romanının plagiat olması barədə iddialara da cavab verib.

- Mətbuatda sizin romanınızın plagiat olduğu barədə iddia səslənib, “A” romanı və “Fight club” filminin süjetləri arasında oxşarlıqlar tapılıb. Səncə, bu əsərlər oxşayırmı?

- Süjet xətti oxşayır. Ümumiyyətlə, “A” romanı haqqında bunu mənə çox adam deyib, özüm də fikir vermişəm, çox şeylərə oxşayır.

Məsələn, “American history X” filmi var, orda əsərin qəhrəmanı qaralara qarşı mübarizə aparır və qaradərililərin arasına düşəndə anlayır ki, səhv edib, başlayır bərabərlik uğrunda mübarizə aparmağa. Sonra digər bir əsər var – “İnto the wild” əsəri.

Burda da oğlan bir gün portfelini götürüb meşəyə qaçır və başlayır vəhşi heyvanların içində yaşamağa.

Ondan başqa qara panteralar haqqında filmlər var, ku-klus-klan, yəni müxtəlif klanlar və oraya qoşulanlar...

Yaxud Robin qudun özü. Meşədədi, özünə uyğun olan insanları seçir və onlara deyir ki, biz varlılara qarşı mübarizə aparırıq və onlardan aldıqlarımızı kasıblara paylarırıq. Yəni “Robin qud”la da oxşarlıqları var. Lap Koroğlunun özü də Çənlibeldə dəliləri yığır ətrafına.

“A” romanında da göstərmək olar ki, dəlilər bir qərargahda yığışır. Yaxud Koroğlunun sevgilisi vardı Nigar, “A” romanında da Anarın sevgilisi var Aysel. O Qıratda gedirdi, bu BMV-də. Yəni əsərləri bir çox cəhətlərinə görə bir-birinə oxşatmaq olar.

Yaxud Zorronun özü ədalətsizliyə qarşı mübarizə aparanda “Z” nişanəsi qoyurdu.

Burda da A mübarizə aparır və "A" hərfini yazır... Bunlar hamısı nədən irəli gəlir?

Dünya qloballaşır və dünyada ümumi ideyalar var. Və bu ümumi ideyalara xidmət edən insanlar var.

Bu ideyalarda oxşarlıq olmalıdır və mən sevinirəm ki, dünyada hansısa ümumi ideyaya xidmət edirəm.

Yəni əsər yazanda fikirləşmirəm ki, heç kəsin yazmadığı şeylər yazım. Məsələn, metro bir gün avtobusa aşiq olur və s. Yəni belə şey axtarmamışam, çox adi, standart bir mövzudur.

Qaraqan Azadlıq Radiosunun studiyasında. 12 iyul 2010
Çox yerdə ona rast gəlmək olar, sadəcə, Azərbaycanın reallıqlarına uyğundur.

- Amma oxucular üçün də, dinləyicilər üçün də maraqlı olar, baxmışdınmı o filmə, oxumuşdunmu filmin əsaslandığı romanı?

- Çox şeylər oxumuşam da, baxmışam da.

- Yəni konkret olaraq söhbət “Döyüş klubu” filmindən gedir...

- Hə, niyə baxmamışam. Xoşladığım filmlərdən biridir.

- Yəni yazmazdan əvvəl həmin filmə baxmısan.

- Hə.

- Dinləyicidən sual gəlib. Yazır ki, Elxan bəy siz öz əsərinizi plagiat sayırsınızmı? Sizin plagiatda ittiham edilməyiniz nədən irəli gəlir – sizə paxıllıq edənlərin fikridir, yoxsa tutarlı tənqiddir?

- Plagiat sözünü ümumiyyətlə axtarmamışam, bilmirəm nədi. Kim plagiat sayır, saysın, kim saymır, saymasın.

- Məsələn, mənə universitetdə öyrədirdilər ki, əgər bir cümlədə 5 söz arxa-arxaya başqa cümlə ilə oxşardısa, bunun oğurluq ehtimalı var.

- Ola bilər. Onda bütün dünya verilişləri də plagiatdır. Hamısı başlayır ki, “Salam, əziz tamaşaçılar”.

- Orda 3 söz oldu...

- “Salam əziz dinləyicilər, bugünkü verilişimizdə”. Oldu 5 söz.

Gör neçə dənə plagiat çıxarmaq olar. Bilmirəm, kim nə hesab edirsə, eləsin. Kim xoşlayırsa, kitabı alıb oxusun, kim istəmirsə oxumasın. Heç kəsə kitabımı məcburi aparıb vermirəm ki, a bala gələ oxu!

- Siz əsgərlikdə olanda Azərbaycanda iki blogger həbs olunub. Beynəlxalq təşkilatlar həmin həbslərdən narazılıqlarını bildiriblər. Gənclər təşkilatları da aksiyalar keçirib buna etiraz etdilər. Bu cür hallar haqqında eşidəndə nə düşünürsüz?

- Yox, eşitməmişəm. Sizdən eşitdim və bilmədiyim şey haqqında fikir deyə bilmərəm.

- Yəni indi eşitdiniz və sizdə heç bir emosiya yaranmadı...

- Yox, mən sizdən eşitdim. Mən bununla maraqlanmamışam axı bu nə olan şeydi...

Elxan Qaraqan repinin əvvəlinə niyə Hitlerin çıxışından parça əlavə edib? HOST cəmiyyətdə nəyə nail olmaq istəyir?

Hakimiyyət HOST-a təzyiq etdimi? Bu və bir çox digər məsələlərlə bağlı yazıçı və reper Elxan Qaraqanın fikirlərilə tanış olmaq üçün müsahibəyə tam şəkildə qulaq as.
XS
SM
MD
LG