Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Cavid Ramazanov: "Müsabiqədə birinci olan "A" romanı plagiatdır"


“Plagiat roman yazmaqla yalnız Azərbaycanda qalib gəlmək olar”
Dədə Qorqud

Cavid Ramazanov
"Alma" qəzeti


Çox absurd cəmiyyətdə yaşayırıq. Azərbaycan sanki Samuel Bekkettin “absurd teatr”ıdır. Heç bir yerə aparmayan yolun kənarında, yarpaqları tökülmüş ağacın altında oturan Vladimir və Estragon kimi Qodonu gözləyirik.

Qodo bizim üçün ümiddir. Bizə ədalət gətirəcək, bəlkə bizi yenidən ümidləndirəcək ümidi gözləyirik.

Getmək mümkündür, çünki Qodo gəlmir, bəs biz gedəndən sonra birdən Qodo gəlsə necə olar, bizi tapmaz, onsuz da başqa iş-gücümüz yoxdur, ən yaxşısı gözləməkdir...

Qodonun gəlməyəcəyini bilə-bilə gözləməkdir. Ümidsizcə ümid edərək gözləməkdir...

Qodonu gözlədiyimiz vaxt Pozzo (diktator) və Lakki (yaltaq ziyalı) gəlir.

Pozzonun əlindəki kəndir Lakkinin boynuna bağlanıb.

Pozzo yediyi yeməyin sümüklərini Lakkinin qabağına atır, Lakki sümüyün xətrinə diktatorun qabağında şıllaq atır, şeir deyir, mahnı oxuyur, diktatoru mədh edir. Bizsə heysiz-heysiz onlara baxırıq, Lakkinin qabağına atılan sümüklərə iştahamız düşür.

Və yenidən Qodonu gözləyirik, ümidi gözləyirik, bizə ədalət gətirəcək xilaskarı gözləyirik...

Hər keçən dəqiqə, hər keçən saat, hər keçən gün ümid tükənir. Getmək mümkündür, bəs gedəndən sonra birdən Qodo gəlsə, bizi tapmasa necə?..

“Əcəb eləyirəm”

Bu günlərdə Milli Kitab Müsabiqəsi yekunlaşdı.

Sonuc: yenə ədalətsizlik oldu. Bu müsabiqə ənənəviləşmiş ritualı xatırladırdı.

Hay-həşir, müsahibələr, reportajlar, ədalətli seçim barədə çıxışlar, bu dəfə nəhayət ki, Azərbaycanda şəffaflıq olacağı barədə vədlər və sonda yenə münsiflərin, müsabiqəni təşkil edənlərin öz feodal mahiyyətlərinə qovuşması kimi absurd nəticə. Ağalar müəllimin əla tapıntısıdır: “əcəb eləmək”.

Bu insanların onları ədalətsizlikdə qınayanlara qarşı şüarı belədir: əcəb eləyirəm, yaxşı eləyirəm, kef mənim deyil, özüm bilərəm...

İndi səs-səmir yoxdur. İşlərini görüb “həh” deyib oturublar. Görək növbəti şou nə vaxt baş tutacaq...

Plagiat roman

Müsabiqədə birinci yerə layiq görülən Elxan Qaraqanın “A” romanını oxudum və dəhşətə gəldim.

Əsər başdan-ayağa plagiatdır. Amma bu barədə mətbuatda bir kəlmə də yazılmayıb. Bəs ədəbiyyat tənqidçiləri hara baxır?

“A” romanı 1999-cu ildə David Finçerin Çak Palanikin romanı əsasında çəkdiyi “Döyüş klubu” (“fight club”) filminin plagiatıdır. Bir balaca kino ilə maraqlanan adamın bu kino haqqında məlumatı olmalıdır.

(FİLMİN ƏSAS SÜJET XƏTTİ - VİDEO - YOUTUBE)

Çünki ən azından bu filmin baş rollarında Bred Pitt və Edvard Norton kimi məşhur aktyorlar çəkilib.

“Döyüş klubu” olduqca tanınmış filmdir və hələ də ən uğurlu ekran əsərlərindən biri kimi qiymətləndirilir. Filmin adı boevik filmini xatırladır, amma məzmunu olduqca dərin fəlsəfəyə malikdir.

Edvart Norton (filmdə adı keçmir, o, başına gələnləri şərh edəndir) həyatının mənasını itirib, hər gün iş-ev, ev-iş. Yuxusuz gecələr, televizora baxmaqla vaxt öldürmək...

Norton ağır xəstələr üçün nəzərdə tutulmuş “dəstək qrupları”nı ziyarət eləməyə başlayır. Ağır xəstələrin şikayətlərini dinləməklə o, öz həyatına şükr etməyə başlayır.

Bir az rahatlanır və gecələr yatmağa başlayır. “Dəstək qrupları”nda o, Marla Singerlə tanış olur. Marla Singer onun kimi saxta xəstədir, sonradan onların münasibəti yaranır.

Norton səyahətə çıxır, təyyarədə olduqca xarizmatik sabun satıcısı Tayler Dördınla tanış olur. Tayler Dördın Nortonun həyatını dəyişdirəcək olan adamdır.

Bir dəfə Tayler Nortona onun sifətinə yumruq vurmasını istəyir, Norton nə qədər etiraz eləsə də, sonda Taylerə yumruq vurur. Onlar dəlicəsinə döyüşməyə başlayırlar, döyülmək əslində reallığı hiss etmək idi.

Və beləliklə, onlar “Döyüş klubu”nun əsasını qoyurlar. “Döyüş klubu”nun prinsipi qalibiyyət, fiziki tərbiyə və s. deyildi, burda əsas olan səbr, ruhun nihilizmi kimi ağrını hiss etmək və mənfi enerjidən qurtulmaq idi.

Bu insanlara azadlıq verir və onları xilas edirdi. Çox keçmədən “Döyüş klubu”nun üzvlərinin sayı artır, onlar minləri, milyonları keçir, həyatda öz yerlərini itirmiş adamlar, üsyankar, etirazçı adamların hamısı “Döyüş klubu”nun üzvü olmağa başlayır.

Dünyanın bir çox şəhərlərində klubun filialları açılır, televiziyalar, qəzetlər onlardan yazmağa başlayır.

Klubun üzvləri xüsusi qara geyimdə gəzirlər. Tayler əfsanəyə çevrilir, hamı ondan danışmağa başlayır, bəziləri onu peyğəmbər, bəziləri isə xilaskar kimi görür.

Sonradan döyüş klubunun üzvlərinin missiyası dəyişir, onlar indi yalnız bir-birləri ilə döyüşməklə yox, şəhərlərdə xaos yaratmaqla məşğul olurlar. Bu birbaşa Taylerin əmri ilə həyata keçirilir, böyük şirkətlərin, bankların mərkəzi binalarına hücumlar edilir, partlayışlar törədilir.

Məqsəd bütün insanların bank hesablarını sıfırlamaq və onlar arasında ədaləti bərpa etmək idi.

Hər kəs sıfırdan başlamalı idi, şüar beləydi: “Biz ədaləti bərpa etmək üçün sivilizasiyanı məhv etməliyik”.

Norton döyüş klubunun missiyasının dəyişməsinə etiraz edirdi, onun bütün bunlardan xoşu gəlmirdi. Tayler ondan uzaqlaşmışdı, onlar təhlükəli işlər görürdülər, halbuki, Nortonun hesablarında bütün bunlar yox idi.

Norton ən yaxın dostu Robert Polsenin (Bob) polis tərəfindən güllə ilə vurularaq ölməsindən sonra şok keçirir.

Bu hadisə onun üçün bir çox şifrələrin tapılması ilə nəticələnir. Norton yoxa çıxmış Taylerin izinə düşür. Və... Anlayır ki, Tayler əslində, elə onun özüdür.

Norton anlayır ki, Tayler adlı bir adam əvvəlcədən olmayıb, bütün bu işlərə onun özü rəhbərlik edib. İndidən sonra hadisələrin gedişatına mane olmaq mümkün deyil...

Hallusinasiya...

İndi isə keçək “A” romanına

Romanın qəhrəmanı Anar həyatının mənasını itirib, hər gün ev-iş, iş-ev. Bu darıxdırıcı həyatdan qurtulmaq üçün o, səyahətə çıxır, səyahət zamanı Aysellə tanış olur, sonradan Aysellə münasibəti yaranır. Başına qəribə hadisələr gəlir, həbsxanaya düşür. Həbsxanada o, “A”nın dostu Azadla tanış olur, onlar birlikdə həbsxanadan qaçırlar.

Azad Anarı Bakıdakı QƏRARGAHA aparır. Anar QƏRARGAHDA başa düşür ki, bura toplaşanlar hansısa cəmiyyətin üzvləridir. Cəmiyyətin adı “HOST”dur, üzvləri isə HOST-çu adlandırırlar. Bura toplaşanlar həyatda öz yerlərini itirmiş, üsyankar, etirazçı gənclərdir.

İlk vaxtlar Anar özünü cəmiyyətdə çox yaxşı hiss edir, sonradan sevdiyi Ayseli də yanına gətirə bilir.

“HOST”un sıraları hər keçən gün genişlənir, müxtəlif şəhərlərdə, Türkiyə, Rusiya, İran, Gürcüstan kimi ölkələrdə onun filialları açılır. Azad olmaq istəyən gənclərin sayı gündən-günə artır.

Bütün televiziyalar, qəzetlər HOST-çulardan yazmağa başlayır. “HOST”un üzvləri “Döyüş klubu”nun üzvləri kimi xüsusi qara geyimdə gəzirlər. Tayler kimi “A” da əfsanəyə çevrilir.

Hamı ona peyğəmbər, xilaskar kimi baxmağa başlayır. Müəyyən müddət keçəndən sonra “Döyüş klubu”nda olduğu kimi, “”HOST”un da missiyası dəyişir. Tayler kimi, “A” da “HOST” un üzvlərinə əmr verir: şəhərlərdə xaos yaratmaq lazımdır.

“HOST”un üzvləri “Döyüş klubu”nun üzvləri kimi zorakılıqlar törətməyə başlayır, şəhərlərdə partlayışlar törədilir. Aləm bir-birinə dəyir, xaos yaranır. Anar Norton kimi ilk vaxtlar bu işin içində olur.

Nortonun sevgilisi Marla kimi, Azadın sevgilisi Aysel də onu başa düşməyərək ondan uzaqlaşır. Azadın da Norton kimi bütün bu olub-bitəndən xoşu gəlməməyə başlayır.

Norton ən yaxın dostu Robert Polsenin ölümündən sonra bir çox şifrələri açmağa başlayır. Anar da ən yaxın dostu Abbası itirəndən sonra hər şeyin fərqinə varmağa başlayır.

Norton kimi Anar da edilən zorakılıqlara qarşı çıxmağa başlayır.

Norton Tayleri çözdüyü kimi, Anar da “A”nı çözməyə başlayır... Və anlayır ki, “A” əslində onun özüdür.

Anar anlayır ki, “A” adlı adam əvvəlcədən olmayıb, bütün bu işlərə onun özü rəhbərlik edib. İndidən sonra hadisələrin gedişatına mane olmaq mümkün deyil.

Hallusinasiya...

Necədi plagiatdı, yoxsa yox?

Sistemi dağıtmaq

“Döyüş klubu” filmini solçular xüsusilə çox sevirlər. Çünki bu film ilk növbədə SİSTEMƏ qarşıdır. “A” romanı da SİSTEM əleyhinədir. Amma “A” romanının müəllifi malı-mala qatıb.

“Döyüş klubu”nun qəhrəmanları kapitalist dünyasının qayda-qanunlarını məhv etməyi qarşılarına məqsəd qoyublar. Onlar dünyanın ən böyük maliyyə mərkəzlərini məhv etməklə ədalətə nail olmaq istəyirlər.

“A” romanının qəhrəmanları isə fahişələri tutub döyməyi, onları damğalamağı, maaşın azlığından dolana bilməyərək rüşvət almaq məcburiyyətində qalan müəllimlərə hücum etməyi, onları döyməyi, məktəb auditoriyalarında nadinclik edən şagirdlərin başına işəməyi, gecə evə gec gedən kişiləri vaxtında evə yola salmağı SİSTEMİ dağıtmaq kimi başa düşürlər.

“Döyüş klubu”nda çox fəlsəfi, dərin anlamlı dialoqlar var, amma “A” romanındakı qəhrəmanlar arasındakı dialoqlar 70-ci illərin hind filmlərindəki dialoqları xatırladır. Romanın bəzi yerlərindəki dialoqlar isə demək olar ki, “Döyüş klubu”ndakı dialoqların bir balaca dəyişdirilmiş variantıdır... “A” romanın müəllifi “Döyüş klubu”nu plagiat edib, amma bir çox yerlərdə məntiqi səhvlər buraxıb.

Romanla film arasındakı eyniliklər o qədər çoxdur ki, bunları yazası olsam gərək qəzetin 16 səhifəsini buna həsr edəm...

Münsiflər hara baxır?

“A” romanı “Döyüş klubu” filminin plagiatıdır. Süjet xəttinin eyni olması, məzmunun eyni olması bunun ən bariz nümunəsidir. Qaraqan romanına lətifələr, nağıllar əlavə etməklə, onun həcmini bir az artıra bilib.

Çünki film olduğu kimi köçürülsəydi kitabın həcmi çox kiçik alınardı.

Ən gülməlisi də odur ki, romanın girişində müəllif “Döyüş klubu”ndakı Taylerə işarə edərək: “Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə...” cümləsini yazıb.

Romanı oxuyub qiymətləndirən ədəbiyyat müsabiqəsinin münsifləri yəqin ki, bu Tayleri hansısa filosof, ya da yazıçı hesab ediblər. Ən azından bu cümlə plagiatı tutmaq üçün bir ip ucu ola bilərdi.

Mənə qəribə gələn odur ki, müsabiqədə kino mütəxəssisləri də münsif qismində iştirak ediblər.

Bəs, onlar hara baxıblar? Yəqin ki, ya romanı ümumiyyətlə, oxumadan qiymətləndiriblər, ya da azərbaycanca oxuya bilməyiblər, başqa səbəb mümkün deyil.

Kino mütəxəssisinin “Fight club”, yəni “Döyüş klubu” filmindən xəbərdar olmaması daha bilmirəm nə deməkdir...

Sonda

Həə, bir də müsabiqənin təşkilatçıları bu kitabı ingilis dilinə tərcümə edərək, xaricdə çap etmək niyyətindədirlər. Onlara bir nəfər deməlidir ki, dünyanın sivil, mədəni ölkələrində müəllif hüquqları kimi bir anlayış var. Yəni oralarda “əcəb eləyirəm” işə yaramır.

Mədəni insanlardır, onlar belə şeylərə öyrəşməyiblər, hətta bilmirlər ki, “əcəb eləmək” nə olan şeydir.

Ora bizim “bazar” deyil. Plagiata görə məhkəməyə zada verərlər, altından çıxa bilmərik.

Sonra da bütün dünyanın qəzetləri yazar ki, bəs, eşitmisinizmi Azərbaycan adlı neft ölkəsində ədəbiyyat müsabiqəsi keçirilib və plagiat əsər birinci yerə layiq görülüb, heç kimin də xəbəri olmayıb. Lazımdır duran yerdə bu bizə?

Oturmuşuq da analoqu olmayan ölkəmizdə, onsuz da ölkəmiz misli görülməyən inkişaf müstəvisində iri addımlarla irəli şığıyır, qarşısını almaq heç cür mümkün deyil.

Dünyanın nankor ölkələri bunu görməsələr də eybi yoxdur, canımız sağ olsun. Təki bu plagiatı bəhanə gətirib ayağımıza badalaq vurmasınlar.

"Oxu zalı"nın qeydi: Bu mövzuda başqa mövqeləri əks etdirəm yazıları da portalımıza yerləşdirməyə hazırıq.
XS
SM
MD
LG