Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Xuraman Hüseynzadə "Gözəllik salonları üçün ədəbiyyat müsabiqəsi"


Biznesə para yatıran və qazanc götürən həmin biznes sahəsində təcrübəsi olanlar, bu sahə üzrə püxtələşmiş insanlardır təbii ki.

Bəs uduzanlar???

Müğənni İlahə Fədanın traktorların ehtiyat hissələrinin satışı ilə məşgul olmaq kimi bir biznes fəaliyyətini eşidəndə təəccüblənmədim.

Təbii haldı. Şou-biznesdə adamınkı gətirməyəndə gərəkdir ki “şou” sözünü başqa bir işlə əvəzləsin.

Çörəyin aslan mədəsində olduğu bu dövrdə pul qazanmaq kimi vacib başqa nə iş ola bilər?

Heç Nigar Köçərli adlı xanımın da kitab biznesi ilə məşgul olduğunu eşidəndə təəccüblənmədim.

Bu da mümkündü. Baxmayaraq ki, bizdə kitab oxumağa birtəhər baxıldığından bu biznesin fiaskosu labüd idi.

Və bir gün həmin Nigar xanımın Milli Kitab Mükafatı adlı bir müsabiqə təşkil etdiyi xəbəri yayıldı.

Nəsə bu “milli” sözü ikrah hissi doğursa da ( adətən bizdə bu sözün arxasında həmişə antimilli işlər görülüb) nəticəni gözlədim...

Amma ilk başdan Nigar Köçərli imzasını ədəbiyyat camiəsində duymadığım üçün bu mükafatın təsisatının ümidverici olmayacağını düşündüm.

Və... Nigar adlı həmin sarı saçlı xanım artıq ekran “ulduz”una çevrilib seçdiyi münsiflərin kimlər olduğunu bildirəndə... sadəcə quruyub qaldım...

Nəticə gözlənildiyi kimi oldu. Rəşad Məcidə bu “mükafatı” təsis etməkdə məqsədinin məşhur obraz olmaq, tanınmaq, gözəllik salonlarına girəndə, ya bir tədbirə gedəndə barmaqla göstərilmək və televizorda görünməklə Şəmkirdəki 80 yaşlı nənəsini sevindirmək olduğunu bildirən Nigar Köçərlinin ədəbiyyatdan uzaq bir adam olması öz acı nəticəsini verdi: kimlərinsə maraq dairəsində olan reper-“yazıçı” Elxan Qaraqan “A” romanına görə Milli Kitab Mükafatı adlı əldəqayırma bir mükafatla təltif olunaraq gündəmi məşgul elədi.

Aləm bir-birinə dəydi, nə dəydi: o boyda Rafiq Tağını bir reperə “uduzdurmaq” kimi bir açıq-aşkar haqsızlıq (kimsə iddia etməsin ki müəlliflərdən xəbərsiz olub.

“A” çoxdan çap olunmuş bir kitab idi və Rafiq Tağının bir cümləsinə belə dəymədiyini ordakı münsiflər daha tez duymalıydılar) müsabiqənin içərisindən qırmızı xətt kimi keçdi; hamı müsabiqədən, Qaraqandan, Nigar Köşərlidən danışdı...

Yəqin ki, gözəllik salonlarında, qonum-qonşuda, xeyir-şərdə Nigar xanımı barmaqla göstərdilər, yəqin ki, Şəmkirdəki 80 yaşlı nənəsi onu televizorda görüb sevindi, sevincdən qəhərləndi və s.

Bütün bunlar baş verdi.

Nigar xanıma bunlar lazım idi, ədəbiyyat yox!

Ona ədəbiyyatın lazım olmadığını nənəsi ona televizorda baxıb sevinəndə hiss etmişdim:

“El içində” verilişində “ədəbi qurumlar”a “ədəbi durum” deyəndə və bir də əsl məqsədinə sabun köpüyündən don hörəndə:

“Azərbaycan ədəbiyyatı inkişaf olmalıdı biz əlimizdən gələni eliyey”. Elə beləcə də dedi bizim “məşhur” Nigar Köçərli. Bir növ Salam Qədirzadənin “obarod”a buraxdığı “Qızıl qələm”fason bir şeyə bənzəyən bu antimilli mükafatın daha bir biabırçılığını bu günlərdə Cavid Ramazanov “Absurd cəmiyyətdə ədəbiyyat müsabiqəsi” adlı yazısında açıqlayıb.

Müsabiqədən sonra həm də Məşədi İbad demiş, bir nov təəccübümüzü ifadə edən “A” hərfli roman 1999-cu ildə David Finçerin Çak Palanikin romanı əsasında çəkdiyi “Döyüş klubu” (“Fight club”) filminin plagiatı imiş.

Baş rollarında Bred Pitt və Edvard Norton kimi məşhur aktyorların çəkildiyi “Döyüş klubu” olduqca məşhur film olsa da bizim bisavad münsiflər (ən dəhşətlisi bunların içərisində kino mütəxəssislərinin də olmasıdır) bunu anlamayıblar.

C. Ramazanov “A” ilə oxucuların anasını ağladan Qaraqanın ədəbi oğurluğuna qarşı tutarlı arqumentlər qoyub.

Qaraqanın romanın girişində “Döyüş klubu”ndakı Taylerə işarə edərək:

“Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə…” cümləsindən belə ipucu kimi istifadə edə bilməyən münsiflərin bu biabırçılığı inanıram ki, Nigar xanımı hələ uzun müddət gözəllik salonlarında, tədbirlərdə barmaqla göstərəcək, nənəsini ekran başında sevindirəcək, bəlkə də kövrəldəcək…

Nigar xanım deyəsən xarici ölkələrin gözəllik salonlarında da barmaqla göstərilmək istəyir.

Belə olmasaydı yəqin ki “A”nı xaricdə də çap etdirmək həvəsinə düşməzdi. Cavid bəyin sözü olmasın, dünyanın sivil, mədəni ölkələrində müəllif hüquqları kimi bir anlayış var.

Heç olmasa bunu nəzərə alsınlar. İlla ki, Qaraqanı xaricdə tanıtmaq istəyirlər, o zaman onun reper fəaliyyəti ilə məşgul olsunlar, konsertlərini-filan təşkil eləsinlər… Amma bir iş var ki oralarda gözəllik salonlarına çox gedən yoxdu. Hərə bir rezini saçına bağlayıb gedir işinə-gücünə. Bilmirəm bu məsələ necə olacaq.

Nigar xanım və onun “brend” hesab etdiyi “kitayski” münsiflər yaman bərk səs saldlar… Eynən boş araba kimi… Hələ bu səsi çox eşidəcəyik deyəsən…

(Bu yazı “Demokrat” qəzetində dərc edilib. "Oxu zalı"ndakı diskussiyaya müəllif tərəfindən göndərilib).

Həmçinin oxu
Xuraman Hüseynzadə YENİ ŞEİRLƏR
XS
SM
MD
LG