Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Rəşad Məcid: "Plagiat iddiası mənasızdır - Qaraqana paxıllıqdan irəli gəlir"


"Alma" qəzetinin yazarı Cavid Ramazanov öz yazısında Milli Kitab Müsabiqəsində birinci olan Elxan Qaraqanın "A" romanını "plagiat" adlandırıb. Münsiflər heyətini isə qeyri-peşəkarlıqda ittiham edib.

Münsiflər Heyətinin üzvü olmuş "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə Azadlıq Radiosunun "Oxu zalı"na müsahibəsində yazını və orada səslənən iddianı “mənasız” adlandırıb.

- Onlar bütün bunları paxıllıqları, kinləri və hikkələrindən edirlər. Adı çəkilən “Döyüş klubu” filmi bəyəm Azərbaycan cəmiyyətindəki rüşvətxorluq və başqa problemlərdənmi bəhs edir ki, Elxan oradan oğurluq etmiş sayılsın?

Elxan özü də yazıb ki, bu romanda bəzi əsərlərdən təsirlənib.

Mən “A” romanına yazdığım Ön sözdə də qeyd etmişdim ki, burada Koelyonun “Portobelli cadugər” əsərinə də struktur oxşarlığı var.

Amma "A" əsərinin içi, mahiyyəti Azərbaycan cəmiyyətinin bu günkü problemləridir, onu hansısa xarici müəllif yazmayıb.

O ki qaldı bədii əsərlərdəki struktur oxşarlığına, Azərbaycanın ən gözəl əsəri “Qətl günü”dür. Deyirlər ki, Yusif Səmədoğlu onu “Master və Marqarita”dan oğurlayıb. Bütün bunlar boş söhbətlərdir.

Sadəcə, mən o cavan uşaqların öz yaşıdlarına qarşı o cür münasibətini anlamıram. Məsələn, Anara, qoca yazıçılara bu cür yanaşırdılar, indi də öz yaşıdlarına keçiblər. Nə var-nə var bir az uğuru var.

Elxan çox istedadlı oğlandır. Onun növbəti romanı da çapdan çıxıb.

“A”nı Elxan 19 yaşında yazıb. İkinci kitabında isə artıq xeyli dərəcədə təkmilləşmə var. Həm yazı tərzində, həm də roman strukturu baxımından.

Ədəbi təsir - bu bütün dünya ədəbiyyatında geniş müzakirə olunan mövzudur. Belə mübahisələrin tarixi 500 ildən də o yana gedib çıxır. Ona qalanda, neçə dənə “Leyli və Məcnun” yazılıb.

Onda desinlər ki, Füzuli Nizamidən oğurluq edib? Bəziləri hətta öz əsərlərini təsirləndikləri yazıçılara ithaf edirlər. Bu cür təsirlənmələr dünya ədəbiyyatında adi haldır. Və təbii qarşılanır.

Sadəcə, Elxan haqqında kampaniya aparmağa cəhd edən o gənclərin bəd niyyətlərinə heyfsilənirəm.

- Bir sözlə siz bu tənqidlərin şəxsi qərəzdən qaynaqlandığını düşünürsüz...

- Mənə elə gəlir ki, səbəb aydındır - Elxan və onun HOST qrupu fəal uşaqlardır. Bu əsər də doğrudan da son illərdə Azərbaycanda ən çox satılan romandır. Niyə çox satılır?

Ona görə ki HOST-çular şəbəkədirlər, o əsəri təbliğ edirlər, gənclər onu oxuyurlar. Neçə nəfər tanımadığım adam mənə zəng vurub, əsəri mənə tərifləyib. Niyə tərifləyirlər?

Çünki əsərdə Azərbaycan cəmiyyətinin indiki problemləriylə bağlı narahatlıq var. Xüsusən gənclərlə bağlı. Bəziləri belə bir əsəri görmək, qiymətləndirmək istəmirlər.

Mən də deyirəm ki, bu kitabın niyə Milli Kitab Müsabiqəsində birinci yeri tutmasının səbəbini fikirləşin. Çünki müsabiqəyə təqdim edilən əsərlərin yarısı tarixi mövzuda idi, yarısı 30 il bundan qabağın problemlərinə həsr olunmuşdu...

Bir dənə Azərbaycan cəmiyyətinin bu günkü problemlərini yazan Elxanın romanıdı.

Nə qədər sadəlövhdür, qeyri-peşəkardı, bu mövzuları qoyaq bir kənara, amma o əsərdə bu günümüzün problemlərindən narahatlıq var. Bunu qiymətləndirməyib o uşaqlar. Sadəcə Elxana qısqanclıq etməyə başlayıblar.

İndi o, əsgərlikdədir, yəqin ki bu yaxınlarda gəlib öz fikrini qəzetlərdə bildirəcək. Hətta bəziləri bunu ittiham etmişdilər ki, bunlar şeytana sitayiş edənlərdir və s... (gülür - R.Q.) Nə isə...

- Romanın çox satılmasını onun yaxşı əsər olmasıyla yox, başqa səbəblərlə əlaqələndirənlər də var... Ona qalsa, yüngül mövzulu əsərlərin daha çox satıldığını xatırladanlar var...

- Ümumiyyətlə, indi Azərbaycanda kitab dükanları, ədəbiyyata maraq – bütün bunlar o vəziyyətdədir ki, onu müəyyənləşdirmək mümkün deyil.

Elxan və HOST bir şəbəkədirlər, gənclər arasında çox məşhurdurlar və bu baxımdan “A” hansısa kitab mağazalarında satılır.

Amma o başqa məsələdir ki, Çingiz Abdullayevin kitabları bütün dünyada, Rusiyada satılır, amma Azərbaycanda – Azərbaycan dilində o qədər də satılmır. “A” ona görə yaxşı satılır ki, bu əsər gənclərə yaxın mövzudan bəhs edir və onlar bu kitabı rahat oxuyurlar.

Digər tərəfdən bu gün dünyada belə bir tendensiya gedir ki, insanların ciddi ədəbiyyatı oxumaq üçün vaxt və hövsələsi yoxdur.

Ona görə ədəbiyyat ortaq bir məxrəcə meyl edir – ciddi mövzular yüngül forma çərçivəsində ifadə edilir.

Həm bütün oxuculara çatsın, həm də alt qatda ciddi oxucular üçün dərin məsələlər olsun. Bunun da dünyada ən parlaq nümunəsi Paolo Koelyonun yaradıcılığıdır ki, ilk baxşda sadə əsərlərdir, amma alt qatı da var.

Buna görə Koelyonun əsərləri yaxşı satılır. Elxanın da tutduğu yol təxminən budur.

Üst qatda bir az yüngül təsir bağışlayan məqamlar da var, amma dərin qatı da mövcuddur.

Əslində Elxanın çap olunan birinci və ikinci kitabları arasında yazdığı bir romanı da vardı. Bu, onun dərin biliyini, dinlər haqda geniş məlumatını daha qabarıq göstərən bir əsər idi.

Amma üç din haqqında orda çox kəskin fikirlər vardı. Mənimlə məsləhətləşdi, mən ona dedim ki, bu romanı ümumiyyətlə çap eləmə.

O həmin əsəri qoydu arxivinə və çap etmədi. Hansı ki o da çox maraqlı roman idi və çap olunsaydı, bəlkə də aləm bir-birinə qarışacaqdı, dindarlar ona ölüm hökmü çıxaracaqdı.

- Rəşad bəy, Milli Kitab Müsabiqəsinin başa çatmasından 1 ay keçir, bununla bağlı mübahisələrin hələ də davam etməsini nəylə bağlayırsız?

- Məncə, bu müsabiqə çox mühüm bir hadisə oldu.

O müsabiqə Azərbaycanda insanların kitaba, mütaliəyə marağını xeyli artırdı. İkincisi biz gedib gördük ki, Lənkəran, Quba kimi vaxtilə böyük mədəniyyət mərkəzi olmuş şəhərlərdə bir dənə də kitab mağazası yoxdur.

Qazaxda bir universitet müəllimi durub dedi ki, mən yeni çıxan əsərləri əldə edə bilmirəm, tələbələrə nə dərs deyəcəm və s. Bu cür ağrılı məsələlərlə rastlaşdıq, bunları Azərbaycan cəmiyyətində müzakirəyə çıxardıq.

Digər tərəfdən Azərbaycan kimi ölkədə hansısa kitab müsabiqəsinə 260 əsər təqdim olunması çox böyük rəqəmdir. Məsələn Ukrayna kimi böyük ölkədə belə müsabiqələrə uzaq başı 50-60 əsər təqdim olunur.

Bu həm də müsabiqənin ilk dəfə keçirilməsi ilə bağlı idi. Həm də Azərbaycanda elə adamlar var ki – dərə xəlvət tülkü bəy – kitab çap etmək asan olduğu üçün özlərini böyük yazıçı sayırlar.

Neçəsi olub ki, indi qəzetlərdə müsahibə verib özlərini dahi elan edirlər. Amma mən müsabiqə vaxtı ciddi ekspertlərdən onların əsərlərinə münasibəti öyrəndim.

Deyir – sıfır! Deyirəm, insafın olsun da, bu deyir ki dahidi, heç olmasa, 2 bal ver ona.

Amma peşəkar ədəbiyyatçıdı, mənə deyir ki, axı bu, cümlə qura bilmir, Azərbaycan dilinin adicə qayda-qanunlarını bilmir. Yəni o səviyyədə olan adamlar böyük-böyük şeylərə iddia edirlər.

- Amma belə tənqidlər də səslənir ki, bəs Rafiq Tağı kimi yazıçı niyə qaliblər sırasına düşmədi.

- Onluğu ekspertlər müəyyən etdi, ondan sonra münsiflər qalibi seçdi. Münsiflər də bir-birindən fərqli baxışları, estetik görüşləri olan adamlardı. Rusdillilər də vardı, bir az ədəbiyyata fərqli baxışı olan adamlar da.

Bizim üçün də maraqlı idi ki, bu jüri hansı yazıçını qalib seçəcək, ortaq zövqü necə olacaq.

Ortaq zövqdə də Elxan qalib gəldi. Məhz mən əvvəldə dediyim səbəblərə görə.

Amma bəzi yazıçılar var ki, cəmiyyətdəki imicləri elədir ki, ola bilsin bəzi münsiflər onlara münasibətdə siyasi amilləri də nəzərə alıblar.

Mənə jüri üzvlərinin biri dedi ki, Rafiq Tağı dini təhqi edib, mən ona “0” bal verəcəm. Bir “0” da həll edir ki, Rafiq Tağı qiymətləndirmədə düşsün aşağı pilləyə. Amma Elxan Qaraqan heç kimə mane olmayan, yəni mənfi impuls doğurmayan adamdır.

Ona görə də bu, qalb gəldi.

- Bəs Münsiflər Heyətinə belə deyək, müxalif düşüncəli yazarların düşməməsi nəylə bağlı idi?


- Münsiflər Heyətinin necə formalaşması məsələsinə gəldikdə, bu, təşkilatçı Nigar Köçərlinin ideyası idi ki, münsiflər cəmiyyətdə tanınan, brendə çevrilən adamlar olsun.

Amma mən Azad Yazarlar Ocağının rəhbəri Seymur Baycanla xeyli söhbət elədim ki, ekspertlərin arasında sizin nümayəndə də olsun.

Düzdü, onlara yaxın bir adam ekspert oldu, 20-likdə də o təşkilatın əsas nümayəndələrindən olan Həmid Herisçinin əsəri vardı.

- Amma Münsiflər arasında AYO-nun nümayəndəsinin olması nəzərdə tutulmamışdı...


- Münsif yox, ekspert nəzərdə tutulmuşdu.

Mən müsabiqə ilə bağlı Nigar xanımla tanış olanda artıq o, münsifləri bu cür müəyyən etmişdi.

O zaman o ədəbi mühitə o qədər də bələd deyildi, sonradan yavaş-yavaş tanış oldu, elədi.

Amma gələcək illərdə münsiflər dəyişəcək yəqin ki. Hamısı da olmasa, heç olmasa 30-40 faizi dəyişəcək.
XS
SM
MD
LG