Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Bir neçə dəfə ölümün yaxın hənirini duymuşam...


ANAR

(“KEÇƏN KEÇDİ, OLAN OLDU” ANILAR-DÜŞÜNCƏLƏR ROMANINDAN FRAQMENT)


Bir dəfə Türkiyədə bir jurnalist məndən müsahibə alarkən qəfil və qəribə bir sual verdi:

“Ömrünüzdə təhlükəli anlar olubmu, yəni ölümlə üz-üzə durduğunuz, ölümə yaxın olduğunuz məqamlar?”

Doğrusu heç bir vaxt bu barədə düşünməmişdim və bu qəribə suala da cavab verə bilmədim.

Sonra evdə, gecə vaxtı nədənsə bu sual yadıma düşdü və yuxusuzluq saatlarında bu barədə düşünməyə, həyatımın müxtəlif olaylarını xatırlamağa başladım və gördüm ki, həqiqətən bir neçə dəfə ölümün yaxın hənirini duymuşam.

Elə gecəykən, unutmayım deyə bunları qeydə aldım.

Bir neçə gün sonra bu tələsik gecə qeydlərini açmağa çalışanda gördüm ki, istər istəməz bu anlar əcaib bir sistemlə dörd ünsürə bağlıdırlar – Torpağa, Suya, Oda, Səmaya...

Qədim fəlsəfi və dini təlimlərdə dünyanın bu dörd ünsürdən ibarət olması inancı vardı və mənim də ilk ssenarim “Torpaq, Dəniz, Od, Səma” adlanırdı.
Ölüm təhlükəsiylə üzləşdiyim ilk epizod Əfqanıstana səfərimlə bağlıdır.

Burada torpaq bir ünsür kimi bilavasitə iştirak etməsə də, hər halda, hadisə yerin üstündə baş verir.

Amma yeri gəlmişkən, bu səfərin bəzi təfərrüatlarından da danışmaq istəyirəm. Mirzə İbrahimov SSRİ Asiya və Afrika ölkələriylə həmrəylik Komitəsinin sədri idi. Bir gün məni yanına dəvət etdi: – “Azərbaycanda bu Komitənin sədri rəhmətlik Rəsul idi, – dedi. Bu vəzifəyə səni təyin etmək istəyirik”.

Atamın ölümündən iki il keçmişdi. Mirzə müəllim davam etdi: “Yavaş-yavaş sizin nəslin nümayəndələrini də ictimai işlərə cəlb eləmək lazımdır”.
Razılaşdım.

Bir müddət sonra Mirzə müəllim yenə məni çağırdı:

– Əfqanıstana gedərsən? – deyə xəbər aldı.

Moskvada onun müavini işləyən A.S.Dzasoxovun məktubunu göstərdi.

Əfqanıstana gedən nümayəndə heyətinə Azərbaycandan bir nəfərin rəhbər olmasını xahiş edirdi və rəsmi kağıza əliylə: “qorxmayan bir adam” sözlərini yazmışdı (çelovek, kotorıy ne boitsya).

O vaxt Əfqanıstanda müharibənin şıdırğı vaxtı idi. Mirzə müəllimin təklifinə cavab olaraq: – “Gedərəm” – dedim.

Rəhmətlik İsi Məlikzadə yaşlı və o vaxt nisbətən gənc olan yazıçıların münasibətləri haqqında cürbəcür gülməli lətifələr uydururdu.

Bu görüşdən sonra mən də Mirzə müəllimlə bağlı belə bir lətifə uydurdum.

Guya Mirzə müəllim məni sakit edir: “Anar, bala, sən heç nigaran olma, işdi-şayət orda başına bir iş gəlsə, “Literaturnaya qazeta”nı boyun ola bilmərəm, amma “Ədəbiyyat qəzeti”ndə sənin haqqında yaxşı bir nekroloq verərik”.

Bu, əlbəttə, zarafat idi və Mirzə müəllim, təbii ki, mənə belə söz deməmişdi.

Amma bir anekdot da mən Əfqanıstandan sağ-salamat qayıdandan sonra yarandı.

Mirzə müəllimə səfərimiz haqqında məlumat verəndə, “Orda Yazıçılar İttifaqında da oldum – dedim – İttifaqın qabağında tank dayanıb. Bəlkə biz də burda bir tank saxlayaq ki, qrafomanların hücumunun qabağını alsın”. Mirzə müəllim ürəkdən güldü.

O vaxt nə biləydik ki, bir neçə il keçəcək, 90-cı ilin qanlı yanvar hadisələrindən sonra Bakıda Yazıçılar İttifaqının qarşısında doğrudan da tank dayanacaq. Nə isə...

Əfqanıstana gedən nümayəndə heyətinə moskvalı məşhur politoloq Aleksey Kivi, Türkmənistandan gözəl rəsam İzzət Qılıçev, Moskvada Asiya-Afrikayla həmrəylik komitəsinin əməkdaşı və tərcüməçi daxil idi.

Kabildə Xilton hotelində qalırdıq.

Çoxmərtəbəli hoteldə yalnız biz – beş nəfər sovet nümayəndəsi yaşayırdı, qalan otaqların pəncərələrindən gecələr işıq gəlmirdi. Hər gecə hotelin ətrafında atışma səsləri gəlirdi.

Bilmirəm, hotelə hücum etmək istəyirdilər, ya buranı hücumdan qoruyurdular. Ya da elə belə məşq edirdilər, amma hər halda səhərə qədər güllə səslərindən yata bilmirdik.

Aleksey Kivinin qəribə pəhriz sistemi vardı, hesablayırdı, naharda neçə faiz zülallı qida qəbul edibsə, axşam onun balansını tənzimləmək üçün ancaq zülalsız yeməklər yeyirdi.

Bir də nəylə nəyin uyuşduğunu daim nəzərdə saxlayırdı.

Günlərin bir günü Aleksey zəhərləndi. Bilmirəm, onu qəsdən zəhərləmişdilər (özü belə hesab edirdi) ya bu qəribə dietasının fəsadları idi. Onunla da, rəhmətlik İzzət Qılıçovla da orda dostlaşdıq.

Moskvaya qayıdanda Aleksey məni evlərinə dəvət etdi. Arvadı şərqli idi – Zarema. Mən dedim ki, Alekseyin pəhriz sistemi əfqanları sovet qoşunlarının müdaxiləsindən sonra ən çox sarsıdan hadisə idi.

Xeyli gülüşdülər. O təhlükəli hadisə isə Əfqan inqilabının, bilmirəm, neçənci ilisə qeyd edilərkən stadionda baş verdi. Nümayəndə heyətimiz tribunada Əfqanıstan hökumətinin üzvlərinin yanında dayanmışdı.

Əfqanıstanın o vaxtkı rəhbəri Babrak Karmalı lap yaxından müşahidə edirdim.

Sifətində çox gərgin bir ifadə vardı, elə bir hər an nə isə baş verəcəyindən qorxurdu, onunla tam kontrast isə baş nazir Keştmand idi.

Zahirən bir az bizim bəstəkar Soltan Hacıbəyova bənzəyən dolu bədənli, ağ-çağ bir kişi idi.

Üzündə çox rahat və sakit bir ifadə vardı. Axşam rəsmi qəbulda da Babrak belə gərgin, Keştmand isə əmin-arxayın idi. Qəbulda ölkənin çalmalı, cübbəli dini rəhbəri də iştirak edirdi.

Tacikistan rəqs ansamblının qızları oynadıqca bu dini rəhbər elə ləzzətlə çırtıq çalırdı ki, gəl görəsən...

Demə, bu rəqs ansamblı Əfqan hökumətinin ən çox sevdikləri kollektiv imiş, tez-tez onları Kabilə dəvət edirlərmiş, səfərlərinin birində təyyarə qəzası nəticəsində hamısı həlak oldu.

İndi bu uzaq hadisələri yada saldıqca xatirələr bir-birini çəkib gətirir.

Sovet qoşunları Əfqanıstana girməzdən əvvəl bu sakit, dinc, yuxulu bir ölkə idi, hələ də orta əsrlərdə yaşayırdı.

Zakir şahın vaxtında Sovet İttifaqıyla normal, dost münasibətləri vardı, hətta SSRİ-ylə qarşılıqlı hücum etməmək haqqında müqavilə də imzalamışdı.

Zakir şahın qohumu (gərək ki, əmisi oğlu) Davud onu devirdi, şah Avropaya qaçmalı oldu, Əfqanıstan respublika elan edildi, az sonra isə Tərakinin başçılığı ilə İnqilab Şurası Davudu da devirdi.

Sonra Tərakinin özünü H.Əmin devirdi. O vaxtkı sovet versiyasına görə, Sovet qoşunlarını Əfqanıstana da məhz elə Əmin dəvət etmişdi, amma qəribədir ki, Əminin dəvətiylə Kabilə girən sovet AMON-u – Alfa, onun bütün ailəsini də – uşaqdan böyüyə elə öz sarayındaca qırmışdı.

Bu qanlı olayın iştirakçılarından bir OMON-çu sonralar mətbuatda bu qətldən qürurla söhbət açmışdı.

Bu yerdə ağlıma gələn bir fikri haşiyə olaraq burada vermək istəyirəm.

Məncə, Stalinin ən böyük cinayəti milyonlarla insanı məhv etmək, bütöv xalqları yerindən-yurdundan didərgin salmaq, dünyanın yarısını hədələmək və qorxu içində saxlamaqla bərabər, həm də cəmiyyətə əxlaqsızlıq, əxlaq aşınmasını təlqin və tətbiq etməsi idi.

Bu “əxlaq”, daha doğrusu əxlaqsızlığa görə hansısa yalan-gerçək amal yolunda hər cür alçaqlıq və əclaflıq məqbuldur – xəyanət, satqınlıq, yalan, qəddarlıq...

Uzun illər çiyin-çiyinə mübarizə apardığı məsləkdaşlarını gözünü qırpmadan güllələdən, öz ailəsinə belə rəhmi gəlməyən, hətta doğma oğlunu belə ölümə məhkum edən Stalin öz şəxsi örnəyilə bəşəriyyətin əsrlər boyu riayət etdiyi bütün əxlaq qanunlarını alt-üst etdi.

Mən öz qulağımla “xalqın vicdanı” sayılan rus yazıçısının imperator Nikolayın bütün ailəsinin – arvadı, gənc qızları, xəstə oğluya birlikdə məhv edilməsini tarixi zərurət saydığını eşitmişəm.

Və bu sayaq “əxlaqla” yetişən nəsillər üçün örnək – öz atasını satıb ölümə göndərən Pavlik Morozov idi.

Ona görə də sovet siyasəti və sovet təbliğatı Əmin ailəsini – məmə yeyəndən pəpə deyənə qədər – məhv edilməsini də labüd hesab edirdi.

Yalnız indi etiraf edirlər ki, bütün bu Əfqanıstan avantürası amansız səhv imiş, amma indinin özündə də Əmin ailəsinin qətl icraçıları bu hərəkətləriylə qürur duyduqlarını mətbuat səhifələrində bəyan edirlər.

Əmindən sonra Moskva hakimiyyətə Babrak Karmalı gətirdi.

İllər boyu orta əsr yuxusuna dalmış ölkədə bir-birindən qanlı toqquşmalar başladı, sonra məlum oldu ki, bütün bunlar əbəs imiş, amma bu əbəs siyasi addımın nəticəsində hər iki tərəfdən on minlərlə cavan insan və dinc əhali qırıldı və mürgülü Əfqanıstan bu günə qədər davam edən xaosa qərq oldu.

Sovet hökuməti bu feodal dövrdən çıxmamış ölkədə öz modelini qurmaq istəyirdi – sovet tipli Həmkarlar İttifaqı, sovet tipli Yazıçılar İttifaqı, sovet tipli pioner və qadın təşkilatları.

Biz orda olan müddətdə bu işlərə sovet səfiri, daha əvvəl Tatarıstanın Birinci katibi vəzifəsində işləmiş Fikrət Tabeyev rəhbərlik edirdi.

Yadımdadır bizi öz iş otağında qəbul edən Tabeyev qəribə bir yekəxanalıqla qarşısındakı siyahını göstərib: “Həmkarlar İttifaqının heyətidir,- deyirdi, – gərək baxıb təsdiq edəm”.

Mən bir neçə dəfə Sovet səfirlərinin müxtəlif ölkələrdə özlərini beləcə – diplomatik etiketdən çox uzaq olan kobud yekəxanalıqla aparmalarının şahidi olmuşam.

K.Simonovun başçılığı ilə Türkiyədə olduğumuz zaman o vaxtkı Sovet səfiri Rodionov bizə ziyafət verdi (sonralar Azərbaycanda səfir olmuş Şoniya da o vaxt sovet səfirliyinin əməkdaşlarından idi).

Ziyafətdə Türkiyə Xarici İşlər Nazirliyinin məsul işçisi Günvər də iştirak edirdi. Söhbət İstanbulda metro tikilməsindən və bu layihədə Sovet İttifaqının iştirakından düşdü, metro tikintisi xərclərinin Türkiyədən ixrac olunacaq meyvələrlə ödənməsi məsələsindən danışırdılar.

Birdən səfir, nə sənə-nə mənə, çox sərt bir şəkildə Günvərə:

“Nə qədər ki, sizin hökumətin Baş nazir müavini Nəcməddin Erbakandır, Sovet İttifaqı heç bir layihədə iştirak etməyəcək” – dedi.

Bu sözlərdən hətta mən də pərt oldum, bu başqa bir dövlətin siyasi həyatına açıqdan-açıq müdaxilə idi.

Günvər bir diplomat nəzakətiylə: “Erbakan barədə bir şey deyə bilmərəm – dedi, – amma layihənin xərclərini meyvəylə ödəsək, Türkiyə gərək otuz il meyvə üzü görməyə”.

Sonra Simonovla söhbətdə gördüm ki, o da səfirin belə davranışından narazıdır:

“Nə istəyirsiniz, Anar, – dedi mənə, – bunlar hamısı ulduzlu məmurlardır (yəni KQB kadrlarıdır)”. Sovet səfirlərinin özlərini belə harın və azqın aparmaqlarının səbəbi təmsil etdikləri ölkənin hərbi gücünə əsaslanırdı. Xaricdə Sovet İttifaqına hörmət etmirdilər, Sovet hökumətindən qorxurdular.

Turist kimi gəmiylə Mərakeşə gəlmişdik. Sovet səfiri Palamarçuk gəmiyə gəldi, turistlərlə görüşdü: “Kral mənə dedi ki, – deyə söhbətə başladı, – nə məsələniz olsa, Baş nazir vasitəsilə mənə çatdırın, amma məxfi bir sözünüz olsa, Əli Yatanın vasitəsilə mənə bildirin.

Əli Yata Mərakeş Kommunist Partiyasının rəhbəri idi. Bunu üç yüzdən artıq turistin qarşısında söyləməkdən çəkinmirdi səfir.

Bəli, belə səfirlərimiz və belə sovet siyasəti vardı – harın, yekəxana, başqa dövlətlərin, xaqların heysiyyəti ilə hesablaşmayan...

Mətləbdən və ölüm təhlükəsindən xeyli uzaq düşdüm. Kabildə o gün stadionda tribunada bütün hökumət üzvləri dayanmışdı – o cümlədən bizimlə də ayrıca görüşmüş Baryalay və Ratebzad. Baryalay nə üzrəsə nazir və Babrak Karmalın qardaşı idi.

Siyasi büro üzvü, qadın hərəkatının rəhbəri Ratebzad, deyilənə görə, Babrakın məşuqəsiydi.

Rəsmi keçidlə ordu hissələri keçdi, sonra sovet dəblərinə uyğun zəhmətkeşlərin nümayişi oldu, nəhayət, mərasim bitdi və rəhbərlər maşınlarına minib getdilər, biz də maşınlarımıza tərəf gedəndə dəhşətli partlayış baş verdi, indicə dayandığımız tribuna alt-üst oldu.

Sonra yalan-gerçək bizə belə izah etdilər ki, partladanların məqsədi bizi öldürmək deyildi, ancaq sovet nümayəndələrini qorxutmaq idi. Qorxduqmu? Deyə bilmərəm. Hər halda o anlar yalnız zədəsiz xilas olmağımızın sevincini yaşayırdıq.

Keçək başqa bir təhlükəyə – suyla bağlı hadisəyə. Zaqatalada gənclər seminarı keçirilirdi. Bizim Akif Rəfiyev o vaxt rayonda prokuror işləyirdi. Elçinlə mən onun evində qalmışdıq.

Bir gün milis rəisi Kamandar (rəhmətə gedib, Allah rəhmət eləsin) Elçini, məni və bəstəkar Xəyyam Mirzəzadəni məşhur Zaqatala şəlaləsinə baxmağa apardı. Akifin nə isə vacib işi vardı, bizimlə getməmişdi.

Qaz maşınıyla getmişdik. Qayıdanda çayı keçərkən qəflətən sel gəldi, özü də elə ani, elə sürətlə gəldi ki, biz ancaq çayın ortasında maşından düşüb özümüzü birtəhər sahilə çatdıra bildik. Kamandarmı, ya təcrübəli sürücümü dərhal maşının bütün qapılarını açdı və su maşının içindən keçib axdı.

Sonralar bizə izah etdilər ki, qapılar bağlı qalsaydı və biz də tez maşından düşməsəydik, sel maşınqarışıq hamımızı aparacaqdı. Yamyaş sahilə çıxdıq.

Şər qarışırdı, Kamandar da, bizi belə təhlükəylə üz-üzə qoyduğuna görə peşmançılıq hissi keçirirdi, onu pərtlikdən çıxarmaq üçün zarafata başladıq.

Elçin mənə göz vurub üzünü Xəyyama tutdu: “Bu ağaclardan bir-iki iri budaq qoparıb götürək əlimizə, – dedi, – ətraf meşədi, ayıya-zada rast gələrik”.

Gözləri bərəlmiş Xəyyam: “Ciddi deyirsən?” – deyə təlaşla xəbər aldı.

Nə isə birtəhər gəlib Akifgilə çatdıq. İndi yenə düşünürəm, bu həqiqətən təhlükəli hadisədən qorxmuşduqmu? Yox.

Amma ona görə ki, təhlükənin doğrudan da böyük olduğunu yalnız evə gələndən sonra söhbətlərdən anladıq, maşından dərhal çıxmağımızla, qapıları taybatay açmaqla xilas olduğumuzu iş işdən keçəndən sonra başa düşdük.

Keçək od məsələsinə. Bir gecə Günel bizdə qalmışdı. O biri otaqda yatırdı. Demə, bu təsadüf bizi xilas edəcəkmiş.

Gecənin bir çağında hamımız yuxudaykən Günel məni çağırdı: “Ata, tez bura gəl”.

Gəldim, gördüm ki, elektrik sayğacı alışıb yanır və alov hər an güclənir, bir neçə saniyədən sonra pərdələr, sonra taxta mebel və kitablar alışacaqdı. Tez bir vedrəni suyla doldurub alovun üstünə atdım. Alov söndü.

O vaxt heç nə düşünmədən ani hərəkətlər edirdim. Sonra başa düşdüm ki, əgər kənardan, aralıdan atdığım suyla, alışıb yanan elektrik sayğacı, mənim vasitəmlə, təmasa girsəydi, dərhal yanıb kül olacaqdım.

Amerika Birləşmiş Ştatlarında səfərdəykən bir gün təklif etdilər: nümayəndə heyətinin üzvləri universitetdə görüşə də gedə bilərlər, helikopterlə (dikuçarla) dənizdəki neft platformasında da uça bilərlər.

O vaxt Bakıda Özüllər Zavodunun direktoru Faiq Sultanov: “Mən özüllərə uçmaq istəyirəm” – dedi. “Mən də səninlə uçacam” – dedim. Dördümüz – pilot, Faiq, mən və tərcüməçi qız dikuçara mindik.

Meksika körfəzindəki platformaların birinə amerikalılar “Pivə”, o birinə “Konyak” deyirlər. Niyəsini soruşanda “Biri ucuz başa gəlib, o biri baha” – dedilər.

Nə isə, göyə təzə qalxmışdıq ki, hava birdən-birə tutuldu, ildırım, şimşək, çaxmağa başladı, şimşəklər dikuçarın hər tərəfindən parlayırdı. Faiqdən: “Belə havalarda siz də uçursunuz?” – deyə xəbər aldım.

Bir qədər tərəddüdlə: “Hə” – dedi. Gəlib platformaya çıxdıq, yenə də o şimşəkli, ildırımlı səmayla geriyə qayıtdıq və yalnız yerə enəndə Faiq: “Allaha dua edirdim ki, salamat qurtaraq, biz heç belə havada uçardıq?

Fikirləşirdim ki, yaxşı, mən mütəxəssisəm, mənim peşəmdir, bu yazığın (yəni mənim) təqsiri nədir?”

Səma təhlükələrindən başqa bir epizod: İtaliyadan qayıdırdıq, noyabr ayı idi.

Moskvaya çathaçatda elan etdilər ki, Moskva qəbul etmir, Leninqrada uçacağıq. Təxminən bir saatdan sonra yenə elan verdilər ki, Moskvaya qayıdırıq.

Demə, şassilər donub açılmırmış və bu səfər də belə bir xətadan qurtardıq.

Səmayla bağlı daha bir epizod – mənimçün həm xilasedici, həm də kədərli, amma bir çox dostum üçün faciəylə nəticələnmiş epizod...

Tofiq İsmayılov təzəcə Dövlət katibi təyin olunmuşdu. Eyni günlərdə hansısa qohumu rəhmətə getmişdi. Yasa gəlmişdim. Çıxanda Tofiq məni qapıyacan ötürdü: “Sabah Qarabağa uçuruq” – dedi, – biri gün qayıdan kimi görüşək, səninlə vacib söhbətim var”.

İndi fikirləşirəm ki, əgər Tofiq mənə onunla getməyi təklif eləsəydi, şübhəsiz, gedəcəkdim və faciənin qurbanlarından biri də mən olacaqdım. Sanki Allah özü məni nəyə görəsə bu xətadan qurtarmışdı.

Torpaq, su, od, səma söhbətini sona yetirərkən bir hadisədən də danışmaq istəyirəm.

Əlbəttə, bu hadisə nə dörd ünsürlə bağlıdır, nə ölüm qorxusuyla. Amma öz-özlüyündə o da müəyyən qədər təhlükəli əhvalat idi.

İrana getmişdik, Bakıda, ad günümdə mənə videokamera bağışlamışdılar və ilk dəfə onu İranda sınaqdan keçirmək üçün özümlə götürmüşdüm. Urmiyada bir iranlı tanışımız mehmanxanaya gəldi, Zemfirayla məni şəhəri gəzməyə apardı.

Maşını özü sürürdü. Şəhərin görməli yerlərində maşından düşürdük, kameranı işə salırdım. Bir yerdə də beləcə çəkdiyim zaman bir əsgər bizə yanaşdı, farsca tanışımıza nəsə dedi və o, rəngi qaçmış halda kameranı məndən alıb:

“Bağışlayın, indi gəlirəm” – deyə əsgərlə getdi. Onu xeyli gözləyəndən sonra ardınca biz də girdikləri qapıya tərəf getdik.

Qapını döydük, açdılar, bizi içəri buraxdılar. Yalnız bu vaxt məsələdən agah olduq. Demə, bura əmniyyət idarəsi imiş və kamerayla çəkdiyim kadrlara bu binanın bir qırağı düşübmüş. Elə buna görə də tanışımızı sorğu-suala tutmuşdular.

Kameranı istəyib, binadan çıxmağa cəhd edəndə məlum oldu ki, bu mümkün deyil, qapıları bağlamış və bizi İran əmniyyətinin təcridxanasında az qala dustaq kimi saxlamışdılar.

Rəisləriylə görüşməyi tələb etdim. Bizi rəisin otağına apardılar. Otaqda başqa bir məmur da vardı. İkisi də azərbaycanlı idi... Tanışımız çox pərişan görünürdü...

Ayaq üstə ölüb getmişdi, axı bizdən fərqli olaraq, o, İran vətəndaşı idi.

– Bizi niyə saxlayırsınız? – deyə soruşdum.

– Əmniyyət idarəsinin (bilmirəm idarənin adını necə dedi, amma məsələni başa düşdük) videoya çəkdiyinə görə.

– Biz nə biləydik ki, bu nə binadır?

– Gərək sizi müsafir edən biləydi.

İranlı tanışımız:

– Mən də bilmirdim – dedi.

Məni hirs boğurdu, özümü güclə saxlayaraq:

– Axı kadra binanın bir parçası düşübsə, bunun nə əhəmiyyəti var – dedim – indi kosmosdan haranı desən çəkirlər.

– Buranı çəkmək yasaqdır.

– Mən bu kamerayla Amerikada Pentaqonu çəkmişəm – dedim. Əlbəttə, düz demirdim, Pentaqonu–zadı çəkməmişdim, acıqca belə deyirdim.

– Pentaqonu çəkib neylədin? – mənimlə “sənlə” danışırdı.

– Ruslara satdım – dedim.

Zemfira pencəyimin ətəyini çəkir, pıçıltıyla:

– Heç zarafatın yeridir – deyirdi – görmürsən, yumor-zad qanmırlar.

Əl qərəz xeyli çənə-boğaz olduq.

Sonralar Zemfirayla müzakirə edirdik ki, mehmanxanadan çıxanda heç kəsə hara və kiminlə getdiyimizi deməmişdik, sabah vətənə dönməliydik.

Bunlar bizi casusluqda ittiham etməsələr də, hər halda üç- beş gün burada saxlaya bilərdi və bizimkilərdən heç kəsin də bundan xəbəri olmazdı.

Amma görünür, mənim ötkəm danışmağımın və deputat nişanımın təsiri oldu. Axır ki, kameranı saxlamaqla bizi buraxdılar.

Gündüzdən danışmışdıq ki, urmiyalı dostumuz şəhər gəzintisindən sonra bizi evinə, nahara aparacaq, amma o indi elə halda idi ki, heç üstünü vurmadı, bizi mehmanxanaya çatdırıb tələsik xudahafizləşdi.

Səhər tezdən kameranı gətirdilər, binaya aid kadrları pozmuşdular.

"525-ci qəzet"
XS
SM
MD
LG