Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Müxalifətin bir gündə 2 aksiyası


Müxalifətin aksiyası, Bakı, 3 iyul 2010
Müxalifətin aksiyası, Bakı, 3 iyul 2010
AKSİYAÇILARIN HAMISINI BURAXIBLAR

AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidli və Müsavat Gənclər Təşkilatının üzvü Yalçın Abbaslı 25 manat cərimə olunub.

MÜSAVATÇILAR QOBUSTANDA AKSİYA KEÇİRİBLƏR

Müsavatın 20-yə yaxın fəalını Qobustan qoruğuna aparıblar. Dayanacaqdan uzaq olduğundan onlar avtobusdan düşməkdən imtina ediblər. Polisin təzyiqi ilə avtobusdan çıxan fəallar orada aksiya keçirib «İstefa!», «Azadlıq!» şüarları səsləndiriblər.

Yenidən onları saxlayıb Qaradağ rayon 11-ci polis bölməsinə aparıblar. İzahat aldıqdan sonra buraxıblar.

BÜTÜN FOTOLARA BURADA BAX

YAŞAR ƏLİYEV: «SAXLANANLAR SƏRBƏST BURAXILIB»

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev deyir ki, müxalifətin icazəsiz aksiya zamanı saxlananlar sərbəst buraxılıb:

«Heç kimə qarşı fiziki təzyiq olmayıb, 5-6 nəfər gətirilib, xəbərdarlıq edilib, buraxılıb».

FƏALLAR ACLIQ AKSİYASINA BAŞLAYIBLAR


AXCP və Müsavat partiyasından 2 nəfərin işinə məhkəmədə baxılır.

AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidlinin işinə Xətai, Müsavat Gənclər Təşkilatının üzvü Yalçın Abbaslının işinə isə Yasamal məhkəməsində baxılır.

AXCP sədrinin köməkçisi Faiq Əmirov bildirib ki, avtobuslarla şəhərdən kənara aparılan fəalları polis Qobustan həbsxanasının qarşısında buraxıb. Fəallar etiraz olaraq aclıq aksiyasına başladıqlarını bildiriblər.

MÜXALİFƏT 100-DƏN ÇOX AKSİYAÇININ SAXLANDIĞINI DEYİR

Müsavat Partiyasının DUİ ilə keçirdiyi aksiyada 35 nəfər saxlanıb. Amma saxlananların sayı arta da bilər.

Arif Hacılı, Mustafa Hacıbəyli, Fəxrəddin Abbasov, Azər İsmayılov, Xəzər Teyyublu və daha 3 nəfəri Yasamal rayonu 28-ci polis bölməsinə aparıblar.

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının mətbuat katibi Mehman Cavadoğlu deyib.

«Azadlıq» blokunun keçirdiyi aksiyada isə 72 adam saxlanıb.

Bu barədə AzadlıqRadiosuna AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirov məlumat verib.

Onların bir hissəsi Səbail rayonu 8-ci və 9-cu polis bölmələrində saxlanılır. 35 nəfər isə avtobuslara mindirilərək şəhərdən kənara çıxarılıb.

JURNALİST POLİS ZORAKILIĞINA MƏRUZ QALIB

«Mediaforum» saytının əməkdaşı Erkin Xəlilov polis tərəfindən zorakılığa məruz qalıb.

Polis işçiləri metronun «Elmlər Akademiyası» stansiyası qarşısındakı aksiyanı çəkən jurnalistin kamerasını və vəsiqəsini əlindən alaraq özünü zorla avtobusa mindiriblər.

POLİS CAVİD BAĞINDA AKSİYAYA İMKAN VERMİR

Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın (DUİ) Hüseyn Cavid bağında keçirmək istədiyi icazəsiz aksiyanın qarşısını polis alıb.

Bağı Çevik Polis Alayı mühasirəyə alıb. Polislər metronun «Elmlər Akademiyası» stansiyasından çıxan sərnişinləri və dayanacaqlarda avtobus gözləyənləri zorla avtobuslara mindirərək ərazidən uzaqlaşdırırlar.

Üstəlik, Bakı Dövlət Universitetindən «Elmlər Akademiyası» stansiyası istiqamətinə hərəkət edən aksiyaçıları da polis saxlayıb.

Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı və 20-yə yaxın aksiya iştirakçısı polis maşınlarına mindirilərək naməlum istiqamətə aparılıb.

Aksiyanı dağıdanlar arasında polislərlə yanaşı, mülki geyimlilər də var.

Pənah Hüseyn, Sülhəddin Əkbər, Arzu Səmədbəyli aksiyada iştirak edir.

«AZADLIQ» BLOKUNUN AKSİYASI BAŞLAYIB

30-a yaxın aksiyaçı «Azadlıq!», «İstefa!» şüarları səsləndirərək bulvar istiqamətindən Kukla Teatrı qarşısındakı keçidə yaxınlaşarkən polisin müqaviməti ilə qarşılaşıblar.

Polis aksiyaçıları zorla maşınlara mindirərək naməlum istiqamətə aparır.

DAHA İKİ CƏBHƏÇİ SAXLANIB


AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlını da saxlayıblar.

Bu barədə AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib.

F. Qəhrəmanlını səhər saatlarında Mehdiabad qəsəbəsindəki evindən tutub, naməlum istiqamətdə aparıblar. Hələlik onunla əlaqə saxlamaq mümkün olmayıb. Ə. Qurbanlını isə Sumqayıt şəhərində
tutublar.

NURƏDDİN MƏMMƏDLİ BURAXILIB

AXCP-nin sədr müavini Nurəddin Məmmədli polisdə xəbərdarlıq olunaraq sərbəst buraxılıb.

Bu barədə onun özü məlumat verib: «Polis dedi ki, aksiyada iştirak etməyim, onsuz da aksiyaya imkan verilməyəcək».

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə müxalifət fəallarının saxlanması barədə məlumatsız olduğunu bildirib.

Hazırda «Azadlıq» blokunun iki və Müsavat Partiyasının üç fəalı saxlanıb. Onların ikisi Xətai rayonunun 35-ci, biri Yasamal rayonunun 29-cu polis bölməsindədir. İki fəalın harada olduğu məlum deyil.

AKSİYA ÖNCƏSİ BİR NEÇƏ MÜXALİFƏTÇİ SAXLANIB


«Azadlıq» blokunun iyulun 3-nə planlaşdırılan aksiyasından əvvəl bir neçə müxalifət fəalı polis tərəfindən saxlanıb.

Bunlar AXCP-nin sədr müavini Nurəddin Məmmədli, AXCP Gənclər komitəsinin üzvləri Elnur Məcidli və Məcid Məcidlidir.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib. Polis hər üç şəxsi səhər saatlarında evindən aparıb.
Müsavat Partiyasından da 3 nəfər saxlanıb.

Bunlar partiyanın Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli və Gənclər təşkilatının üzvü Yalçın Abbaslıdır.
XS
SM
MD
LG