Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:28

Müxalifətin «əgər»dən asılı əməkdaşlığı


Əli Kərimli
Əli Kərimli
Müsavat Partiyası ilə «Azadlıq» bloku eyni gündə - iyulun 3-də, amma ayrı-ayrılıqda mitinq keçirmək qərarına gəliblər.

Artıq Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət də olunub. Aksiyanın birgə keçirilməsilə bağlı iyunun 27-də tərəflərin danışıqları nəticəsiz başa çatıb.

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna deyib ki, «Azadlıq» blokuna daxil olan partiyalar mitinq müzakirələrini bitirəndən sonra, Müsavat başqanı İsa Qəmbərə zəng vurub eyni günə təyin edilən aksiyanın birgə keçirilməsini təklif edib.

Ancaq Müsavat «Azadlıq» bloku ilə yox, yalnız AXCP ilə birgə aksiya keçirməyin mümkünlüyünü bildirib. Əli Kərimli isə «Azadlıq» blokundakı müttəfiqlərilə münasibətlərini davam etdirmək fikrində olduğunu bildirib, təkliflə razılaşmayıb. («Azadlıq» blokuna AXCP, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir)

Əli Kərimli: «Əgər Müsavat daima bu şərtləri irəli sürəcəksə, o zaman bizim əməkdaşlığımız çətin olacaq».

Tərəflər razılığa gələ bilmədiklərindən Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqla, AXCP də «Azadlıq» blokuna daxil olan digər partiyalarla iyulun 3-də ayrı-ayrılıqda mitinq keçirəcəklər.

MÜSAVAT ANCAQ AXCP-Nİ İSTƏYİR, AXCP İSƏ...


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, onlar real və ciddi siyasi qüvvələrin birliyinin tərəfdarıdır və AXCP-ni də belə qüvvələrdən hesab edirlər.
Arif Hacılı
Müttəfiq seçimində müstəqil olduqlarının deyən Arif Hacılı bildirir ki, bu baxımdan Müsavat Partiyası «Azadlıq» bloku ilə deyil, yalnız AXCP ilə birgə aksiya keçirməyin tərəfdarıdır.

Arif Hacılı deyir ki, Müsavat Partiyası müttəfiqliklə bağlı heç bir partiya qarşısında şərt qoymur və digər partiyaların irəli sürdüyü şərtləri də qəbul etmir. Tərəflər arasında müzakirələrin gələcəkdə davam etdirilmə ehtimalına gəlincə, Arif Hacılı bunu çətin məsələ sayır. Deyir ki, hətta AXCP «Azadlıq» blokundan çıxsa belə, Müsavatla əməkdaşlığa getməyəcək:

«Hər şeydən görünür ki, AXCP bu seçkilərdə Müsavat Partiyası ilə əməkdaşlıq etmək istəmir və düşünürəm ki, «Azadlıq» blokunda olan partiyalar və s. məsələlərlə bağlı fikirlər sadəcə bəhanədir. Düşünürəm ki, AXCP «Azadlıq» blokundan çıxsa belə, yenə də Müsavat Partiyası ilə əməkdaşlıq etməyəcək».

AYRILIĞA SƏBƏB ZƏİFLİK


Politoloq Zəfər Quliyev müxalifət partiyalarının bir gündə ayrı-ayrılıqda aksiya keçirməsini bu düşərgənin zəifliyi kimi qəbul edir və hesab edir ki, birləşə bilməmək müxalifətin çoxdankı problemidir.

Politoloqa görə, müxalifət zəifdir və zəiflərin də birləşməsi bir az çətin olur.
Müxalifətin ildən-ilə zəiflədiyini, ziddiyyətlərin ildən-ilə artdığını deyən politoloqa görə, elə bu səbəbdən də müxalifət partiyaları arasında ziddiyyətli məqamlar azalmaq əvəzinə güclənir:

Zəfər Quliyev
«Bir tərəfdən aydın məsələdir ki, müxalifət hakimiyyətin təzyiqi altındadır. Hakimiyyət demokratik seçki məkanını və müxalifətin imkanlarını ildən-ilə daraldır. Lakin buna baxmayaraq, müxalifət yeni bir mübarizə üsulu axtarmaq, öz resurslarını gücləndirmək əvəzinə, çox vaxt öz aralarında xırda ziddiyyətlərlə məşğuldur».

Zəfər Quliyev günü-gündən elektoratını, şanslarını və reytinqini itirməkdə olan müxalifətin indiki vəziyyətini hakimiyyətin xeyrinə olan amil sayır.

MÜXALİFƏT BİRLƏŞSƏ DƏ...

«Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov düşünmür ki, müxalifətin birləşmiş aksiyası indi hansısa effekt doğura bilər. O, bir gün Müsavatın, o biri gün də «Azadlıq» blokunun mitinq keçirmək cəhdlərini daha çox mövqe mübarizəsi sayır.

Rauf Mirqədirov hesab edir ki, indiki aksiyalar hakimiyyətin mövqeyinə təsir etmək gücündə olmayan aksiyalardır.

İndiyə qədər demokratik seçki tələbilə «Azadlıq» bloku Bakıda dörd, Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaqla birgə iki mitinq keçiriblər.
XS
SM
MD
LG