Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:23

Müxalifət eyni gündə, amma ayrılıqda mitinq keçirəcək


Müsavat Partiyası ilə «Azadlıq» bloku eyni gündə, amma ayrı-ayrılıqda iyulun 3-də mitinq keçirmək qərarına gəliblər.

Artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət də olunub. Aksiyanın birgə keçirilməsilə bağlı iyunun 27-də tərəflər arasında aparılan danışıqlar isə nəticəsiz başa çatıb.

AXCP sədri Əli Kərimlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, «Azadlıq» blokuna daxil olan partiyalar mitinq müzakirələrini bitirəndən sonra o, telefonla eyni günə təyin edilən aksiyanın birgə keçirilməsi təklifilə Müsavat başqanı İsa Qəmbərə müraciət edib.

Qarşı tərəf «Azadlıq» bloku ilə yox, yalnız AXCP ilə ilə birgə aksiya keçirməyin mümkünlüyünü bildirib.

Əli Kərimli deyir ki, AXCP «Azadlıq» blokundakı müttəfiqlərilə münasibətlərini davam etdirmək fikrində olduğundan bu təkliflə razılaşmayıb:

«Əgər Müsavat daima bu şərtləri irəli sürəcəksə, o zaman bizim əməkdaşlığımız çətin olacaq».

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə deyir ki, Müsavat Partiyası siyasi qüvvələrin birliyinin tərəfdarıdır, amma müttəfiq seçimində müstəqildir. Arif Hacılı «Azadlıq» bloku ilə deyil , yalnız AXCP ilə birgə aksiya keçirməyin tərəfdarı olduqlarını bildirir.

Onun sözlərinə görə, AXCP-nin «Azadlıq» blokundan kənara çıxmaması birgə aksiyanı mümkünsüz edir.

«Hər şeydən görünür ki, AXCP bu seçkilərdə Müsavat partiyası ilə əməkdaşlıq etmək istəmir».

Tərəflər birgə aksiya keçirməklə bağlı razılığa gələ bilmədiklərindən Müsavat partiyası Demokratiya Uğrunda İttifaqla, «Azadlıq» blokuna daxil olan partiyalar eyni gündə olsa da ayrlı-ayrılıqda mitinq keçirəcəklər.

İndiyə qədər demokratik seçki tələbilə Bakıda «Azadlıq» bloku dörd, Müsavat partiyası ilə Demokratiya Uğrunda İttifaqla birgə iki mitinq keçiriblər.
XS
SM
MD
LG