Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Saxlanılan aksiyaçılar onların döyüldüklərini bildirirlər


AXCP tələbləri yerinə yetənə kimi aksiyalar keçirmək niyyətindədir
AXCP tələbləri yerinə yetənə kimi aksiyalar keçirmək niyyətindədir
Aksiyada saxlanılanlardan 5-i həbs cəzası alıb. 6 nəfər isə 20 manat cərimələnərək sərbəst buraxılıb.

Mənsum Bayramov (AXCP Rəyasət Heyətinin üzvü) – 10 sutka

Dəyanət Babayev (AXCP) – 10 sutka

Rövşən Nəsirli (bitərəf) – 15 sutka

Rəşadət Axundov (bitərəf) – 10 sutka

Mikayıl Məmmədov (AXCP) – 10 sutka

11 NƏFƏRİ MƏHKƏMƏYƏ APARIRLAR


11 nəfərdən başqa «Azadlıq» blokunun icazəsiz aksiyası zamanı saxlananların hamısı buraxılıb.

AXCP sədrinin köməkçisi Faiq Əmirov bildirib ki, hazırda 11 nəfəri məhkəməyə aparırlar.

DİN: 30-A YAXIN ADAM SAXLANILIB

«Azadlıq» blokunun aksiyasında ümumilikdə 82 nəfər tutulub.

AXCP sədrinin köməkçisi Faiq Əmirov AzadlıqRadiosuna belə deyib.

«Bunların 64-ü Səbail rayonunun 8-ci polis bölməsində, 9 nəfəri 39-cu bölmədə, 9-u da 9-cu bölmədə saxlanılıb».

F.Əmirov 8-ci bölmədə saxlanan cəbhəçi Tofiq Zeynalovun fiziki təzyiqlərə məruz qaldığını da deyib:

«O, Yaşar Əliyev (Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini – red.) tərəfindən şəxsən döyülüb, fiziki təzyiqlərə məruz qalıb. Sonradan 8-ci polis bölməsinin qarşısında yığılan fəalları da polislər döyüblər».

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna müxalifətçinin döyülməsi faktını təkzib edib:

«Yaşar Əliyev generaldır, general kiməsə zor tətbiq etməz. Onun tabeçiliyində o qədər sıravi işçiləri olur. Orada adam döyməyə də ehtiyac yoxdur, axı niyə görə döyməlidirlər?».

E. Zahidov müxalifətin bildirdiyinin əksinə olaraq deyir ki, polisin qanuni tələblərinə məhəl qoymayan 30-a yaxın adam saxlanılıb:

«Onlardan 20-si xəbərdarlıq edilərək buraxılıb, 10 nəfərin işi isə məhkəməyə göndərilib».

AXCP AKSİYANI BAŞ TUTMUŞ SAYIR


«Aksiyanı baş tutmuş hesab edirik. Çünki şəhərin mərkəzində tələblərimizi səsləndirə bildik».

AXCP sədri Əli Kərimli belə deyib:

«Şəhərin bütün mərkəzi parkları, meydan və metro stansiyasının qarşısı 3-4 saat öncədən polisin ciddi nəzarətinə götürülmüşdü. Amma şəhərin mərkəzində – İcra Hakimiyyətinə yaxın yerlərdə cəbhəçilər bir neçə dəfə kolonlarla «Azadlıq!», «İstefa!», «Azad seçki!» tələbləri ilə qısamüddətli olsa, yürüş keçirə biliblər. Bu dəfə həddən artıq adam tutulub. Təkcə 8-ci polis bölməsində 64 nəfər mitinq iştirakçısı saxlanılır. Daha 18 nəfər naməlum istiqamətdə aparılıb».

AXCP tələbləri yerinə yetənə kimi aksiyalar keçirmək niyyətindədir.

«TƏKCƏ 8-Cİ POLİS BÖLMƏSİNƏ 46 NƏFƏR GƏTİRİLİB»


AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, onu Səbail rayon Polis İdarəsinin 8-ci bölməsinə gətiriblər:

«Təkcə bu bölməyə mən də daxil olmaqla 46 aksiya iştirakçısı gətirilib».

Polis Bakı şəhər İcra Hakimiyyətinin binasına yaxınlaşmaq istəyən aksiya iştirakçılarını zorla avtobuslara yığaraq naməlum istiqamətə aparır.

«Azadlıq» blokundan Fuad Qəhrəmanlı, Rövşən Nəsirli, Nurəddin Məmmədli, Gözəl Bayramova, Cəmil Hacıyev də saxlanılanlar arasındadır.

«Azərbaycan» kinoteatrının qarşısında da 10 nəfərə yaxın aksiya iştirakçısı polis tərəfindən saxlanılaraq avtobusa mindirilib.

AKSİYA BAŞLADI


50-yə yaxın aksiya iştirakçısı müxtəlif şüarlar səsləndirərək Nizaminin heykəli önündən Bakı şəhər İcra Hakimiyyətinin qarşısına doğru irəliləmək istəyir.

Lakin polis aksiya iştirakçılarını saxlayaraq zorla maşınlara mindirir və naməlum istiqamətə aparır.

AKSİYADA İŞTİRAK ETMƏSİN DEYƏ, AXCP-ÇİNİ QOBUSTANA APARIBLAR


Aksiyaya hazırlaşanları polis maşınına mindirib şəhərdən çıxarırlar.

AXCP üzvü Dəyanət Babayev AzadlıqRadiosuna bildirib ki, səhər saat 11 radələrində Nərimanov rayonu ərazisində işlədiyi ofisdən su almaq üçün küçəyə çıxarkən polis onu saxlayıb.

«Həmin şəxslər məni polkovnik rütbəli bir nəfərin yanına apardılar, ondan soruşdular ki, bu, cəbhəçidir, bununla neyləyək. O da dedi ki, şəhərdən kənarlaşdırın. Məni post-patrul maşınına mindirib Qobustan ərazisinə apardılar, orda maşından düşürüb çıxıb getdilər. Mən özüm şəhərə qayıtdım».

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsindən isə faktı təsdiqləmədilər.

«Azadlıq» bloku sərbəst toplaşma və azad seçki tələbilə Bakı şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirmək istəyir.

Mayın 15-dən başlayaraq müxalifət partiyaları Bakının mərkəzində bir neçə dəfə razılaşdırılmamış aksiya keçirməyə cəhd ediblər. Amma hər dəfə polis bunun qarşısını alıb.

XS
SM
MD
LG