Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

İlham Əliyev: «Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir»


«Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu bizə imkan verir ki, hərbi gücümüzü artıraq».

Bu sözləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92 illiyi münasibətilə keçirilən təlimlər zamanı hərbçilər qarşısında deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir:

AZƏRBAYCANIN ORDU XƏRCLƏRİ ERMƏNİSTANDAN ÇOX OLMALIDIR


«Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi var. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılıb. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə bir rəqəmi demək kifayətdir ki, son 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artıb. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Bir neçə il əvvəl qarşıya məqsəd qoyulmuşdu ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq».

HƏRBİ MƏHSUL İSTEHSALI ARTACAQ


Prezident Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalında əlavə addımlar atılacağını qeyd edib:

«Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıb. Biz elə etməliyik ki, Silahlı Qüvvələr üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün əlbəttə ki, ölkədə maliyyə resursları, iqtisadi güc olmalıdır və biz bu gücü yaradırıq. Azərbaycanda son bir neçə il ərzində iqtisadi inkişaf dünya miqyasında ən yüksək templərlə ölçülür və bu, bizə imkan verir ki, həyatımızın bütün sahələrində lazımi tədbirləri görək».

Ölkə başçısı Azərbaycanda nəinki hərbi büdcə, bütün başqa məsələlərin həlli üçün də əlavə vəsaitin ayrıldığını deyib:

YA DANIŞIQLAR, YA DA BAŞQA YOL...


«Büdcəmiz artdıqca bütün iqtisadi-sosial məsələlər həllini tapır. Ancaq biz, ilk növbədə, hərbi xərclərə daha da böyük diqqət göstərməliyik. Məqsədimiz odur ki, ölkənin müstəqilliyini daha da gücləndirək, Azərbaycanın müstəqil siyasətini təmin edək, ölkə qarşısında duran bütün vəzifələri həll edək. Bu vəzifələrin arasında ən vacib, ən birinci vəzifə torpaqlarımızı işğalçılardan azad etmək vəzifəsidir. Bilirsiniz ki, uzun illərdir, Ermənistanla Azərbaycan arasında bu istiqamətdə danışıqlar aparılır. Danışıqların aparılmasında vasitəçilər öz rolunu oynayır. Buna baxmayaraq, məsələ bu günə qədər həllini tapmayıb. Baxmayaraq ki, bizim mövqeyimizi, haqq-ədalət mövqeyini gücləndirən beynəlxalq təşkilatların qərarları, qətnamələri var. Demək olar ki, dünyanın bütün təşkilatları, aparıcı təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını verib. Ancaq işğalçı dövlət bu qərarlara, bu qətnamələrə məhəl qoymur».

Prezidentin fikrincə, belə olan halda Azərbaycanın qarşısına yeni vəzifələr çıxır:

«NƏ VAXTA QƏDƏR AZƏRBAYCAN XALQI GÖZLƏMƏLİDİR?»


«Ya danışıqları davam etdirmək, - biz buna hazırıq, ancaq o şərtlə ki, danışıqların nəticəsi olsun, - ya da ki, başqa yolu seçmək. Biz hər bir varianta hazır olmalıyıq və son illər ərzində dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir. Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişdik. Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyil».

«Bir milyon Azərbaycan vətəndaşının elementar insan haqları pozulub», - deyə prezident çıxışına davam edib və ordunu Ali Baş Komandanın əmrinə hər an hazır olmağa çağırıb:

ERMƏNİSTANLA AZƏRBAYCANIN UÇURUMU


«Biz həm siyasi, həm diplomatik səylərimizi gücləndirməliyik və gücləndiririk. İqtisadi potensialımızı böyük dərəcədə gücləndirmişik. Bu gün Ermənistanla Azərbaycan arasında iqtisadi potensial baxımından böyük uçurum var. Bu uçurum getdikcə dərinləşəcək. Çünki bizim böyük imkanlarımız var. Ermənistan isə sadəcə olaraq, xarici dairələrin köməyi hesabına yaşayır, öz hesabına yaşaya bilmir və getdikcə bu fərq daha da böyüyəcək».
XS
SM
MD
LG