Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:35

Ərdoğan Obama ilə də, Medvedevlə də Qarabağı müzakirə edib


Barak Obama və Rəcəb Tayyip Ərdoğan, Vaşinqton, 12 aprel 2010
Barak Obama və Rəcəb Tayyip Ərdoğan, Vaşinqton, 12 aprel 2010
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan aprelin 13-ü Bakı vaxtilə gecə saatlarında Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşüb. 45 dəqiqə sürən müzakirələrə hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri də qatılıblar.

«CNN Türk» telekanalı rəsmilərə istinadla xəbər verir ki, Ərdoğan Obamaya Qafqaz və Yaxın Şərqdə sülhün əldə edilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Qərara alınıb ki, Dövlət katibi Hillari Klinton və Xarici işlər naziri Əhməd Davudoğlu Qafqazda sülh prosesini davam etdirsinlər.

Baş nazir ABŞ prezidentinə İranın nüvə planlarına dair Ankaranın mövqeyini də çatdırıb.

Obama da Türkiyənin diplomatiya və sülh istiqamətində səylərini yüksək qiymətləndirdiyini, nəticə üçün təşəbbüslərini davam etdirməsinin zəruri olduğunu deyib.

Rəcəb Tayyip Ərdoğan Obamanın ardınca Vaşinqtonda keçirilən beynəlxalq nüvə təhlükəsizliyi sammitində iştirak edən Rusiya prezidenti Dmitri Medvedevlə də görüşüb.

Ərdoğan bu görüşlərdən sonra Vaşinqtonda «Osmanlı xəritələri» adlı sərginin açılışında jurnalistlərin suallarına cavab verib. «Anadolu» agentliyi yazır ki, Baş nazir Ərdoğan həm Obama, həm də Rusiya prezidenti ilə görüşündə Dağlıq Qarabağ probleminin həlli zərurətini müzakirə edib.

Aprelin 12-də Vaşinqtonda Ərdoğanla görüşdən sonra Serj Sarkisyan «Türkiyə bizimlə şərtlərlə danışa bilməz» deyib. Buna cavabında da Ərdoğan Qarabağ probleminə toxunub:

«İsveçrədə, Sürixdə imzalanan protokolların mətnində ön şərtlərsiz ifadəsi ilə yanaşı, çox önəmli başqa ifadələr də var. Orada qeyd edilir ki, regionda sülh yaradılmalıdır. Sülh yaradarkən Azərbaycanı nəzərə almamaq mümkündürmü? Bu regional sülhün vacib tərəflərindən biri də Azərbaycandır. Dolayısı ilə, Azərbaycanla Ermənistan arasında ixtilafın çözülməsi, tərəflərin razılığa gəlmələri lazımdır. Azərbaycanla Ermənistan arasında sərhədin açılması bizimlə Ermənistan arasında sərhədin açılmasına da səbəb olacaq.

Hər şeydən əvvəl, Türkiyə ilə Ermənistanın sərhədi 1993-cü ildə niyə bağlanıb? Bu səbəbi bir kənara qoya bilmərik. Sərhəd Ermənistanla Azərbaycan arasında baş verən hadisələrə, işğala görə bağlandı. İndi orada sülh üçün zəminin yaradılması ilə sərhəd də açılacaq. Onun üçün də bu işdə Minsk Qrupunun çox vacib vəzifəsi var.
Serj Sarkisyan və Rəcəb Tayyip Ərdoğan, Vaşinqton, 12 aprel 2010
Onsuz da bu məsələdə ABŞ, Rusiya, Fransanın çox gərgin fəaliyyəti var, onlar bu problemin həllinə girişiblər. Prezident Medvedevlə də bu məsələni müzakirə etdik. Keçən həftə prezident Sarkozi ilə də həmin mövzuda müzakirə aparmışıq. İnşallah, onlar bu məsələni daha yaxından izləmək qərarında olacaqlar».

Rəcəb Tayyip Ərdoğan bildirib ki, Ermənistanla imzalanan protokolların icrası üçün konkret möhlət yoxdur. Qarabağ məsələsinin həlli sahəsində hər hansı irəliləyiş sənədlərin parlamentdə təsdiqi prosesini də sürətləndirə bilər.

Keçən ilin oktyabrında Ermənistanla Türkiyənin xarici işlər nazirləri arasında Sürixdə imzalanmış protokollarda bu iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədin açılması nəzərdə tutulur.

Jurnalistlər Türkiyə Baş nazirindən ABŞ prezidentinin bu il aprelin 24-də «soyqırımı» sözünü işlədib-işlətməyəcəyini də soruşublar. Ermənilər hər il aprelin 24-ünü «soyqırımı» dedikləri 1915-ci il Osmanlı imperiyası dövründə baş verən toqquşmaların ildönümünü qeyd edirlər. ABŞ prezidenti də bu münasibətlə ölkəsindəki erməni icmasına müraciət edir. Ərdoğan bildirib ki, prezident Obamanın builki müraciətində «soyqırımı» sözü işlədəcəyinə inanmır.

Baş nazir deyib ki, bu istiqamətdə bəzi qarşılıqlı mesajlar var, amma ABŞ prezidentinin nə deyəcəyini bəri başdan tam əminliklə demək mümkün deyil.

ABŞ Dövlət katibi Hillari Klinton da Türkiyənin və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb. ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli xüsusilə Ermənistan-Türkiyə normallaşmasının müzakirə edildiyini bildirib. O həm də əlavə edib ki, iki ölkənin gündəmində olan məsələlərin uzun bir siyahısı var və müzakirələri davam etdirmək üçün Davudoğlu ilə Klinton yaxın vaxtlarda yenidən görüşəcəklər.

Krouli deyib ki, ABŞ hökuməti təkcə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması deyil, Qarabağ probleminin həlli istiqamətində də çalışır.

Vaşinqtonda başqa bir görüş də Türkiyə ilə Ermənistanın xarici işlər nazirləri arasında olub. Baş nazir Rəcəb Tayyip Ərdoğan bildirib ki, o, prezident Sarkisyanla Vaşinqtonda bir həftə əvvəl Yerevana göndərdiyi məktubu müzakirə edib. Sonda da hər iki ölkənin xarici işlər nazirlərinə həmin istiqamətdə müzakirələri davam etdirməyi tapşırıblar. Davudoğlu ilə Nalbandyan Vaşinqtonda öz rəhbərlərindən aldıqları həmin tapşırıq əsasında görüşüblər. Məlumata görə, Ermənistanla Türkiyənin xarici işlər nazirləri hələ qarşıdakı günlərdə də görüşüb müzakirəni davam etdirəcəklər. Ərdoğanın Sarkisyana məktubunun məzmunu isə hələlik ictimaiyyətə açıqlanmayıb.
XS
SM
MD
LG